Beyləqanın yolları 437 min “yeyəcək” – Vergi borcu olan şirkətlə müqavilə

Beyləqanın yolları 437 min “yeyəcək” – Vergi borcu olan şirkətlə müqavilə

23-06-2023 17:13 / Bu xəbər 826 dəfə oxundu

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi "Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə maliyyə dəyəri 437.175,6 AZN olan satınalma müqaviləsi imzalayıb.

"Qaynarinfo" xəbər verir ki, müqavilə Beyləqan şəhərində yolların əsaslı təmiri işləri ilə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. 

ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.

"Aztimont” ASC yarananda adı "Sabirabad Tikinti-23” ASC olub. 

Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət bir müddət "Azərtikinti-Quraşdırma-Servis-23” ASC adı altında fəaliyyət göstərib.

Şirkətin ilk qanuni təmsilçisi Bağırov Xosrov Məhəmməd olub. Daha sonra onu Şirinov Şöhrət Ağaşirin oğlu əvəzləyib. 

Ağaşirin Şirinovdan sonra qanuni təmsilçi Allahverdiyev Emin Allahverdi oğlu olub. 

Emin Allahverdiyevi hazırki qanuni təmsilçi Nəriman Veysəlov əvəzləyib.

Şirkətin hazırda 1137.02 AZN vergi borcu var. 

"Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir.