Azərbaycanda inflyasiyanın səviyyəsini necə azaltmaq olar?

Azərbaycanda inflyasiyanın səviyyəsini necə azaltmaq olar?

01-08-2023 11:55 / Bu xəbər 1324 dəfə oxundu

Vahid Məhərrəmli
Kənd təsərrüfatı üzrə ekspert

Bu günlərdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov "İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncam imzalayıb. 

Sərəncamda bildirilir ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilmişdir. Daha sonra sənəddə qeyd edilir: "Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir”([1]).

Hökumət hesab edir ki, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir. Bu məqsədlə də İşçi qrupu yaradılıb.

Sənəddə o da qeyd edilir ki, ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülmüşdür və bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaratmışdır. Sənədi oxuyarkən bəzi suallar yaranır: 

1)"Qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün” hansı "mühüm işlər görülmüşdür? 
2) Hansı "antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaratmışdır”?

Xatırladım ki, 2022-ci ilin fevral ayının 21-də (Rusiya Ukrayna müharibəsi başlamazdan əvvəl) Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər”([2]) haqqında sərəncamı imzalamışdı. 

Həmin sənəddə "dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar” əsas gətirilməsə də qeyd edilmişdir ki, "dünyada iqlim dəyişiklikləri ilə yanaşı koronavirus (COVID-19) pandemiyası da inflyasiyanın sürətlənərək qlobal xarakter daşımasını şərtləndirmişdir”.  

Həmin sənəddə qeyd edilmişdir ki, "2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir”. 

Onu da qeyd etməliyəm ki, indi yaradılan "İşçi qrupu”nu təmsil etdən dövlət qrumlarına (İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Qida Təhlükəsizliyi Agentliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Mərkəzi Banka, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Ehtiyatları Agentliyinə) müəyyən tapşırıqlar verilmişdir. İqtisadiyyat nazirliyinə digər dövlər qrumları ilə birlikdə inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması məqsədilə təkliflərin hazırlaması və inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılmışdır. Butün bunlara baxmayaraq 2022-ci ilin sonunda Azərbaycanda inflyasiya son 15 ildə ən yüksək səvyyiəyə qalxaraq 13,9% təşkil etdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz bahalaşdı. Hökumət isə hesab edir ki "həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaratmışdır”.

Qeyd etməliyəm ki, 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı İlham Əliyev çıxışında inflyasiya məsələsinə toxunaraq demişdir: "Əlbəttə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”.

Onu da qeyd etməliyəm ki, bu ilin iyun ayında Azərbaycanda inflyasiyanın səviyyəsi 12% təşkil etdiyi halda qonşu Rusiyada 3,2%, Gürcüstands 0,6%, Ermənistanda isə -0,5% təşkil etmişdir.

Hesab edirəm ki, "ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər” verilməsi bu il inflyasiyanı birrəqəmli səviyyəyə endirmək üçün yetərli deyil. Hökumət inflyasiya səviyyəsinin azaldılması və onun mənfi nəticələrinin aradan qaldırılması ilə bağlı konkret tədbirlər görməlidir.

Düşünürəm ki, Azərbaycanda İnflyasiyanı yaradan əsas səbəblər artıq bəllidir. Azərbaycanda ərzaq inflyasiyasının səviyyəsi çox yüksəkdir və bunun əsas iki səbəbi var. Birincisi, Azərbaycan bütün resurs imkanları və əlverişli torpaq-iqlim şəraiti olduğu halda, özünü əsas ərzaq məhsulları ilə tam təmin edə bilmir.

Ölkə ərzaq buğdasına olan təlabatın 25 faizini([3]), ət və ət məhsullarına olan təlabatın 44,8 faizini, süd və süd məhsullarına olan təlabatın 55%-ni, bitki yağı və şəkər istehsalı üçün xammalın təxminən 8-10 faizini daxili istehsal hesabına həyata keçirə bilir. 

Yerli məhsul istehsalının az olması səbəbindən bazarda mal, məhsul qıtlığı, defisit yaranır ki, bu da həmin məhsulun topdan satışı ilə məşğul olan inhisarçılara fürsətdən yararlanmaq, bəhrələnmək imkanı verir. Hökumət ölkədə "sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunmaq” istəyirsə, Azərbaycan Ümumdünya Səhiyyə və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatlarının adambaşına müəyyən etdiyi illik normaya uyğun ərzaq məhsulları istehsalını təşkil etməlidir.

İkinci səbəbi isə ölkədə idxal inhisarçılığının mövcudluğudur. Ölkədə mal, məhsul qıtlığının yaranmasından istifadə edən inhisarçı işbazlar xarici ölkələrdən ucuz qiymətə idxal etdikləri məhsulları yüksək qiymətə satmaqla daha çox qazanc əldə edirlər. Ərzaq məhsulları idxalı monopoliyada olduğu üçün digər ölkələrlə müqayisədə Azərbaycanda ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəkdir.

Azərbaycan əsas ərzaq məhsulları ilə özünü tam təmin edə bilməməsi azmış kimi istehsal edilən məhsulların logistitası, bazara çıxışı təşkil edilmədiyi üçün məhsulun bir hissəsi də sahələrdə, anbarlarda xarab olur, zibilliklərə atılır. Misal kimi qeyd etməliyəm ki, uzun illərdir meyvə-tərəvəz istehsalçıları istehsal etdikləri məhsulu daxili bazara çıxarmaqda problemlərlə qarşılaşırlar. Son 10 il ərzində hər il mətbuatda "Azərbaycanda fermerlər almanı sata bilmir”([4]), "Fermerləri yetişdirdikləri xurmanı sata bilmirlər”([5]), "Kəndlilər yenə kartof-soğanı sata bilmir”([6]), "Pomidorun kilosunu 20 qəpikdən sata bilmirik"([7]) başlığı altında yüzlərlə yazılar, məqalələr, xəbərlər verilmişdir.

Hələ 11 il əvvəl, 2012-ci ildə Cəlilabad fermerləri "Azadlıq” qəzetinə açıqlamalarında şikayətləniblər ki, qışda toxumluq kartofun kilosunu 50-60 qəpikdən alıb əksələr də hazır məhsulu heç 5-6 qəpiyə də sata bilmirlər([8]). Hər ildə Cəlilabadda fermerlər becərdikləri kartofu sata bilmədikləri haqda kütləvi informasiya vasitələrində məlumatlar verilr. Hökumət bu problemin həlli ilə bağlı tədbirlər görmür. Bu il də kartof istehsalı ilə məşğul olan Cəlilabadlı, Şəmkirli kəndlilər eyni problemlərlə qarşılaşıblar. Bakı bazarlarında iyun ayında müştərilərə 75-80 qəpiyə təklif edilən kartofu cəlilabadlı kəndlilər 20 qəpiyə sata bilməyiblər. Onların məhsulu sahələrdə çürüyüb.

 Ölkədə nəinki meyvə, tərəvəz istehsalçıları məhsullarını daxili bazar çıxara bilmir. Hətta süd istehsalçıları da istehsal etdikləri südün satışında ciddi problemlərlə qarşılaşırlar.

Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" Birliyinin sədri Samir Eyyubovun sözlərinə görə, azərbaycanlı fermerlər məhsullarını maya dəyərindən də aşağı qiymətə təklif edirlər, amma müəssisələr yenə də onları almır([9]). Samux rayonunda süd ferması olan Qiyas Həsənov da təxminən eyni sözləri deyir: "Çox çətinliklə süd satırıq. Əvvəl 5 şirkətlə əməkdaşlıq edirdik. İndi 1 şirkətlə zülmlə işləyirik. Həmin şirkət də ürəyi istədiyi qiyməti qoyur. Məcbur olub məhsulumuzu həmin şirkətə satırıq”.

Təəssüflə qeyd etməliyəm ki, ölkədə meyvə-tərəvəz istehsalını, logistikasını, məhsulun satışını lazımı səviyyəyədə təşkil etmək mümkün olmayıb. Əldə olunan hazır məhsulun bir hissəsi istehsal zamanı sahələrdə, bir hissəsi saxlanma zamanı anbarlarda, bir hissəsi də satış zamanı marketlərdə, bazarlarda xarab olur, çürüyür. Keyfiyyətli məhsul əldə etmək, məhsuldarlığı artırmaq və hazır məhsulu anbarlarda daha uzun müddətə saxlamaq üçün fermerlər, kəndlilər becərmə zamanı bütün aqrotexniki tədbirlərə optimal müddətdə əməl etməlidir. Bunun üçün fermerlər, kəndlilər davamlı suvarma suyu ilə təmin edilməlidir. 

Müasir tələblərə cavab verən texnika, keyfiyyətli toxum materialı və mineral gübrələr də fermerlər, kəndlilər üçün əlçatan olmalıdır. Bitkiçilikdə növbəli əkin sisteminin tətbiqi çox vacibdir. Çox vacib məsələdən biri də hazır məhsulun uzun muddət keyfiyyətli saxlanmasıdır. Təəssüflər olsun ki, ölkədə müasir tələblərə cavab verən soyuducu anbar kompleksləri əsasən oliqarxların sərəncamındadır. Həmin anbarlardan istifadə kiçik fermerlər, kəndlilər üçün demək olar ki, əlçatan deyil. Göstərilən anbar xidməti çox baha başa gəldiyi üçün meyvə-tərəvəz istehsalçılarına sərf etmir. Bu səbəbdən də meyvə-tərəvəz istehsalı ilə məşğul olan kiçik fermerlər və kəndlilər əldə etdikləri məhsulu üzün müddətə saxlaya bilmirlər. Saxlama kameraların, anbarların olmaması kartof istehsalı ilə məşğul olan fermerlər üçün ciddi

problemlər yaradır. Anbar çatışmazlığı səbəbindən il ərzində 40-50 min ton kartof mal-qaraya yedizdirilir, 70 min tondan çox məhsul isə İtkiyə gedir.

Hökumət meyvə-tərəvəz istehsalı ilə məşğul olan fermerlərə, kəndlilərə anbar xidmətlərinə əlçatanlığının yaxşılaşdırılması və yaxud anbar təsərrüfatlarının yaradılması istiqamətində müəyyən köməklik göstərə bilər. Belə ki, hökumət həmin sahibkarlara ucuz kredit resursları təklif edə bilər. Müasir tələblərə cavab verən soyuducu anbar komplekslərinin yetərincə olması məhsul itkisinin qarşısını almış olar, fermerlərə, kəndlilərə məhsulu uzun müddət saxlamaq və satışını etap-etap həyata keçirmək imkanı verər. Belə olan halda isə meyvə-tərəvəzin qiyməti kəskin bahalaşmaz, stabil diapazonda dəyişər.

Monopoliya və bazara çıxış problemləri də istehsalçılarını həvəsdən salır, istehsaldan çəkindirir. Ölkədə topdansatış bazarının bir əldə olması fermerlərin seçim imkanlarını məhdudlaşdırır və sövdələşmə zamanı onlara sərfəli olmayan qiymətə razılaşmaq məcburiyyətində qalırlar. 

Kəndlidən ucuz qiymətə alınan məhsul bazarlarda müştərilərə 2-3 dəfə baha qiymətə təklif olunur. İdxalı inhisara almış işbazlar Rusiyadan, İrandan, Türkiyədən və digər ölkələrdən ucuz qiymətə kənd təsərrüfatı məhsulu idxal edərək yerli məhsulları bazardan sıxışdırıb çıxarırlar, malın bazarda hərəkətinə süni əngəl yaradırlar.

İnhisarçılıq inflyasiyaya səbəb olan ən başlıca amillərdən biridir. Apardığımız araşdırmalar göstərdi ki, dünyada əsas ərzaq məhsulları bir neçə ay davamlı olaraq ucuzlaşdığı halda, Azərbaycanda eyni adda məhsullar (ət, süd şəkər) ucuzlaşmır və yaxud da bəzi məhsulların (buğda, bitki yağı) qiymətləri bir neçə ay keçdikdən sonra cüzi olaraq aşağı düşür. Bunun səbəbini araşdırdıqda bəlli oldu ki, Azərbaycanda yeyinti məhsullarının idxalı ilə məşğul olan sahibkarlar dünya bazarında yaranmış vəziyyəti öncədən düzgün proqnozlaşdıra bilmədikləri üçün beynəlxaq bazarlarda qiymət artımı baş verən zaman ölkəyə yüksək qiymətə böyük həcmdə mal, məhsul idxal edirlər. 

Yüksək qiymətlə idxal edilən məhsullar təlabatdan artıq olduğu üçün bir müddət anbarlarda qalır. Bir müddət sonr dünya bazarında həmin məhsulların qiymətləri aşağı düşsə də, azərbaycanlı sahibkarlar anbara ehtiyat kimi yığdıqları məhsulu anbar xərclərinin də üstə gəlməklə satışa çıxarırlar. Əslində dünya bazarında məhsulun qiyməti aşağı düşərsə, bazar qaydalarına uyğun olaraq həmin məhsulun qiyməti daxili bazarda da aşağı düşməlidir. Ancaq daxili bazarda rəqabət mühiti olmadığı üçün məhsul idxalı ilə məşğul olan oliqarxlar öz şərtlərini diqtə edirlər.

Ərzaq idxalı ilə məşğul olan inhisarçılar öz merkantil maraqlarına uyğun olaraq böyük həcmdə, aylıq rüblük təlabatdan daha çox ərzaq məhsulları idxal edərək yüksək qiymətə satışını həyata keçirirlər.

Nəticədə dünya bazarında əsas ərzaq məhsulları ciddi ucuzlaşsa da, Azərbaycan istehlakçıları həmin məhsulları daxili bazarda daha yüksək qiymətə əldə etməli olurlar.

Hesab edirəm ki, Azərbaycan hökuməti ərzaq bazarında ciddi qiymət artımlarının qarşısını almaq üçün idxalda mövcud olan monopoliyanı aradan qaldırmalı və bazarda rəqabət mühitinin yaradılmasına çalışmalıdır.

Hesab edirəm ki, ölkə əhalisinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan təlabatını əsasən daxili istehsal hesabına ödənilməsi, idxaldan aslılığın azaldılması və idxalı əvəz edəcək yerli yeyinti məhsulları istehsalı hökumət üçün prioritet məsələ olmalıdır. Azərbaycanın torpaq-iqlim şəraiti qonşu ölkələrdən fərqli olaraq il ərzində eynini əkin ərazisindən 2, hətta 3 dəfə məhsul əldə etmək imkanı verir.

Azərbaycan özünün ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatını daxili istehsal hesabına tam ödəyə bilər. Azərbaycan hökuməti yubanmadan aqrar siyasətinə yenidən baxmalıdır.

Azərbaycan hökuməti iflyasiyasının qarşısını almaq və ərzaq qiymətlərinin optimallaşdırılması üçün yerli ərzaq məhsullarının istehsalının dayanıqlığını təmin etməklə yanaşı, idxalda və bazarda mövcud olan inhisarçılığı aradan qaldırmalıdır.
 
Mənbə: Astna 
_____________________________________________________________________________________
 
İstinadlar: