"Bu dəfəki cavabımız Ermənistan üçün daha sarsıdıcı olacaq" - Müsahibə
31-10-2016 17:18 / Bu xəbər 3255 dəfə oxundu
Oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edərək bildirib ki, təmas xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Təmas xəttində Ermənistan tərəfi gərginlik yaratmaqla məşğuldur. Bəs, cəbhə xəttində Ermənistan tərəfindən vəziyyətin gərginləşməsi nəyə xidmət edir?
Qaynarinfo.Az-ın müsahibi millət vəkili Aydın Mirzəzadədir:
- Son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi Ermənistanın hansı maraqlarına söykənir?
- Ermənistan dövlətinin get-gedə nüfuzunun aşağı düşməsi, hakimiyyətin Qarabağ kartından istifadə etmək fikrinə gətirib çıxarıb. Onlar cəmiyyətə müdafiə nazirliyi rəhbərliyini dəyişdikdən sonra çox ciddi dəyişikliklərin baş verdiyi və Qarabağ məsələsində Azərbaycanı üstələdikləri barədə təəssürat yaratmaq istəyirlər. Gələn il, cəmisi 6 aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmin seçkilər ərəfəsində onlar daxili sosial-iqtisadi məsələləri deyil, ilk növbədə cəbhə xəttində Ermənistanın qələbə çalmasını nümayiş etdirmək istəyirlər. Ancaq görünür, erməni siyasi elitasının yaddaşı çox zəifdir. Onlar aprel ayında yaratmaq istədikləri qarşıdurmada Azərbaycan tərəfindən çox ciddi və sarsıdıcı zərbələr aldılar. Yenidən köhnə oyunlarına davam etmək istəyəcəklərsə, Azərbaycan tərəfi onlara müvafiq cavab verəcək. Bu gün Azərbaycan təkcə siyasi-iqtisadi cəhətcə deyil, eyni zamanda hərbi cəhətdən də Ermənistandan qat-qat güclüdür. Əgər bu dəfə də Ermənistan tərəfi cəbhədə çirkin oyun oynasa, bu dəfəki cavabımız Ermənistan üçün daha sarsıdıcı olacaq”.
- Son zamanlar qonşu ölkələrlə Azərbaycan dövləti sıx münasibətdədir və bu münasibətlər Ermənistanı kölgədə qoyur. Ermənistanın aqressiv hərəkətləri bu səbəbdən ola bilər?
- Hər bir ölkə apardığı siyasətin nəticələri ilə üz-üzədir. Ermənistan heç bir zaman digər dövlətlərlə müstəqil bir ölkə kimi münasibətlərdə olmayıb. Rusiya ilə münasibətlərdə Ermənistan özünü Rusiyanın "kiçik qardaşı” kimi, İranla münasibətlərdə isə İrandan maksimum nəsə qoparmaq istəyi ilə çıxış edir. Nəticədə isə Ermənistan dövləti böyük bir böhran içindədir. Azərbaycan Ermənistanla da çox yaxşı münasibət qura bilərdi. Ermənistana böyük investisiyalar yatıra bilərdi .Ermənistanla birgə böyük layihələrdə ola bilərdi. Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, Bakı-Ceyhan neft kəməri birbaşa Ermənistandan keçərdi. İndi Gürcüstanın hər il neft kəmərindən əldə etdiyi yarım milyardlıq gəlir Gürcüstanın deyil, Ermənistanın büdcəsinə gedərdi. Bu kimi imkanlardan məhrum olan Ermənistan siyasəti daha ağır durumlara düşəcək. Son addımlar onu göstərir ki, Ermənistan özü üçün yenidən Aprel hadisələrinin təkrarını istəyir.
- Ölkə başçısı İlham Əliyev müsahibəsində bildirmişdi ki, Ermənistanla razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər. Prezidentin təklifindən sonra Ermənistanın bu reaksiyası cavab hesab edilə bilərmi?
- Azərbaycan Ermənistan tərəfinə mümkün olan ən yüksək güzəştləri açıqladı. Muxtar respublika - xarici siyasət və maliyyə məsələlərindən başqa bütün daxili məsələlərin müstəqil həll edilməsi variantı deməkdir. Ermənistan tərəfindən cəmi bir cavab gəldi. Ermənistan parlamentinin sədr müavini bunun qəbuledilməzliyini bildirdi. Digər tərəflər isə sadəcə olaraq susdular. Azərbaycan öz təklifini verib. Təklifin qəbul edilib-edilməməsi Ermənistandan asılıdır. Açıq desək, Azərbaycan üçün Ermənistanın reaksiyası bir o qədər də vacib deyil. Ortada Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsidir və Azərbaycan bunu mütləq və istənilən yolla həll edəcəkdir. Ermənistan üçün ən asan yol, ən ağrısız yol təklif edildi. Təklifi qəbul etməsələr, Azərbaycan öz problemini digər yolla dahəll etmək iqtidarındadır.
Arqument.Az