Bu dünya gör necə qəribə yerdir?!

Bu dünya gör necə qəribə yerdir?!

24-08-2024 22:56 / Bu xəbər 1386 dəfə oxundu

"Arqument.az" Günel İbrahimin "İnsan" şeirini təqdim edir: 

Bu dünya gör necə qəribə yerdir?!
Özü-özünə də yad olur insan.
Öz isti oduna qızına bilmir,
Özgə ocaqlara od olur insan.

Kiminin gülməyir bəxti üzünə,
Sevinc, xoşbəxtlik də gen qaçır ondan.
Ömrünü qəm yeyir, çatmır yüzünə,
Yüz ildə az kərə şad olur insan.

Doğulur, böyüyür, sınanır, sınır,
Saçına dən salır amansız zaman.
Həyat manqalında qovrulur, yanır,
Ağızda ən şirin dad olur insan...

Ağzının sözüylə, öz əməlilə,
Həyatda qazanır hörmət, ad və san.
Son nəfəs çatanda doğma əlilə,
Bir parça daş üstə ad olur insan...