"Bu, hökumətin növbəti uğursuz cəhdi olacaq" - Zöhrab İsmayıl

09-09-2016 17:39 / Bu xəbər 1671 dəfə oxundu

"Azərbaycanda qeyri-leqal kapitalla bağlı elan ediləcək amnistiya o qədər də asan məsələ deyil və bu, hökumətin növbəti uğursuz cəhdi olacaq".

Bunu Arqument.Az-a REAL Hərəkatının İdarə Heyətinin üzvü, iqtisadçı Zöhrab İsmayıl Vergilər Nazirliyinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanovun 2017-ci ildə nəzərdə tutulan vergi amnsitiyası ilə bağlı açıqlamasını şərh edərkən deyib. 

Zöhrab İsmayıl bildirib ki, qeyri-leqal kapitalın leqallaşdırılması üçün öncə ölkədə hüququn aliliyi təmin olunmalıdır: "Düşünürəm ki, bu elə də sadə məsələ deyil. Birincisi, bunun haqqında qanun olmalıdır. İkincisi, qeyri-leqal gəlirlərin leqallaşdırılması ilə yanaşı, ölkədə hüququn aliliyi təmin olunmalıdır ki, leqallaşan gəlirlərə hüquqi təminat olsun. Üçüncüsü, 50% ödəniş çox böyükdür. Heç kəs gizli əldə etdiyi gəliri dövlətlə bölüşməz. Bəlkə də, 25% belə çoxdur. Ona görə də verilən qərarın əhəmiyyətli bir nəticə əldə ediləcəyini düşünmürəm. Bu, sadəcə, hökumətin uğursuz cəhdlərindən biri olacaq”.

Qeyd edək ki, ötən gün Vergilər Nazirliyinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov yeni vergi amnistiyası ilə bağlı açıqlama verib.

O bildirib ki, 2017-ci il yanvarın 1-dən Azərbaycanda vergi amnistiyasının (gəlirlərin könüllü açıqlanması) tətbiqinə başlanılacaq. 

Onun sözlərinə görə, gizli gəlirlərin aşkar edilməsi zamanı vergi orqanlarının 50 faiz həcmdə maliyyə sanksiyası və cərimə (hər günə görə 0,1 faiz) tətbiq etmələri də nəzərdə tutulur

Vergi amnistiyası dedikdə, əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi nəzərdə tutulur. Habelə ölkədən çıxarılaraq xaricdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılmasını, vergi-borc öhdəliklərinin bağışlanmasından ötrü iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusu başa düşülür.

Ekspertlər də indiki iqtisadi böhran şəraitində vergi amnistiyasının zəruri olduğunu qeyd edirlər.

Sevinc
Arqument.Az