"Bu mexanizmin ciddi təsir göstərəcəyini düşünmürəm" - Vüqar Bayramov

31-08-2016 12:46 / Bu xəbər 1733 dəfə oxundu

"Beynəlxalq təcrübədə bu mexanizm  vergi xəbərçiliyi, yəni vergidən yayınma haqqında məlumatın verilməsi ilə yanaşı, vergidən yayınmış və  sonradan özü aşkar edib, məlumat verən şəxslərə cərimənin tətbiq edilməməsi kimi tətbiq olunur”. 

Bunu Arqument.Az-a iqtisadçı ekspert Vüqar Bayramov  Vergilər Nazirliyi vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin şöbə müdiri Fərid Nəbilinin vergidən yayınma halları haqqında  məlumat  verən şəxslərin mükafatlandırılıması haqqında  "ictimai məlumatlandırma” mexanizminin  tətbiqi ilə bağlı açıqlamasını şərh edərkən deyib. 

Ekspert  bu mexanizmin tətbiqini, beynəlxalq praktikada tətbiq edilən bir təcrübənin vergi sistemində istifadə edilməsi kimi qiymətləndirib: "Bunun tətbiqi, sadəcə, vergi ləğvolunmaları ilə bağlıdır və ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki Azərbaycan biznesindəki mövcud şəraiti, eləcə də milli xüsusiyyətləri və mentaliteti nəzərə alsaq, bu tip təcrübənin tətbiqi vergi ləğvolunmalarının kəskin artmasına gətirib çıxara bilməz. Ona görə də sözügedən təcrübənin vergi ləğvolunmalarına ciddi təsir edəcəyini gözləmirəm, sadəcə, beynəlxalq təcrübədə istifadə edilən bir praktikanın Azərbaycanda istifadə edilməsi kimi baxıram”.

Qeyd edək ki, avqustun 30-da Vergilər Nazirliyi vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin şöbə müdiri Fərid Nəbili nazirliyin vergidən yayınanlar barədə yeni mexanizmə keçdiyini açıqlayıb. Onun sözlərinə görə, vergidən yayınanlar barədə Vergilər Nazirliyinə xəbər verən şəxslər mükafatlandırılacaqlar. Bu, nazirliyin yeni həyata keçirməyə hazırlaşdığı ictimai məlumatlandırma adlanan mexanizmin tətbiqi ilə reallaşacaq. 

F. Nəbili bildirib ki,  vergidən yayınma hallarına görə xəbər verən şəxslərin mükafatlandırılması onların verdiyi xəbərin önəmindən asılı olacaq. Nazirliyin şöbə müdiri bildirib ki, mükafatın məbləği kifayət qədər yüksək olacaq. Məlumatların nazirliyə çatdırılmasında ənənəvi və yeni olmaqla bütün əlaqə formalarından istifadə ediləcək. Vergi ilə bağlı müraciət edən şəxslərin müraciətinə 30-60 gün ərzində baxılması planlaşdırılır. Nazirlik rəsmisinin sözlərinə görə, qısa zamanda mexanizmin təfərrüatları dəqiqləşdirildikdən sonra onun tətbiqinə başlanacaq.

Vəfa Şah