Bumeranq

Bumeranq

13-10-2023 01:36 / Bu xəbər 2240 dəfə oxundu

Günel İbrahim 

(Bir həyat hekayəsi)

Həyatın keşməkeşli anları alnında qırışlar, qəlbində sağalmaz yaralar və izlər qoysa da, çəkdiyi bütün əziyyətlərin bəhrəsini bir gün görəcəyi ümidilə yaşayırdı. Düşünürdü ki, bir gün günəş taleyin üfüqlərindən onların da pəncərəsinə doğacaq. 

Yanılmamışdı, budur, artıq onun da əziyyətləri bəhər verir, xoşbəxt anlarına sayılı günlər qalırdı. Ona elə gəlirdi ki, ürəyi həyəcandan, sevincdən sinəsindən çıxacaq. Əslində, bu hissin nə olduğunu qavraya da bilmirdi, çünki izaholunmaz bir duyğu idi. Axı o, yeganə və sevimli balasını böyüdənə qədər canından nə qədər can getmiş, qapqara tellərinə dən düşmüşdü...

Əri Faiqin müharibədən qara xəbəri gələndə hələ çox cavan idi. Amma bu itki Müşkünaz üçün gözlənilməz və ağır oldu. Yaşının ən gözəl, gəncliyinin ən təravətli vaxtında həyat yoldaşını itirmək belini bükmüş, onu bir neçə aya azı otuz il qocaltmışdı. 

Kasıb ailənin övladı olduğundan məktəbə bir qarın ac, bir qarın tox gedən Müşkünaz normal təhsil də almamışdı, cəmi dördüncü sinfə kimi oxumuşdu. Həmin illərdə kasıblıq öz qərib sükutu ilə çox evlərə çökmüş, bir çox ailələrdə uşaqların təhsil almasına qara pərdəsilə sərhəd çəkmişdi. Digər kəndlər kimi Müşkünazgilin kəndi də bu kasıblığın məngənəsindən uzun illər qurtula bilməmişdi. 

Müharibə isə öz vahiməli pəncəsi ilə hər bir ailənin qapısını döyəcləyir, kimisinə insan itkisi, kiminsinə aclıq və səfalət, kimisinə də xəstəlik və qorxu gətirirdi. Ona görə də hamı bu fəlakətin nə zaman bitib-bitməməsini sorğulayırdı, çünki müharibə təkcə evlərin kişisiz - sahibsiz qoymurdu, həm də  gəlinlərin, uşaqların taleyini çizir, bütün xoşbəxt arzularına qara yel kimi əsirdi. 

Faiqdən sonra qaynanasıgil də Müşkünaza zülm edirdilər. Sanki oğullarının ölümündə günahkar Müşkünaz idi deyə hər kəs ona düşmən kəsilmişdi. Amma Müşkünaz onların bütün sərt davranışlarını, ona etdikləri haqsızlıqları Faiqə görə bağışlayırdı. Ona edilən tənə və danlağa təbəssümlə cavab verir, içində isə qan ağlayırdı. 

Əslində, uşaqlıqdan həyatın bütün sərt, amansız üzünü görə-görə gəlmişdi. Faiqi isə həqiqətən çox sevirdi. Ona görə də Faiqin ona yadigar qoyub getdiyi oğluna - Fərmana göz bəbəyi kimi baxırdı. Bütün zülm və çətinliklərə həm də Fərmana görə dözmüşdü. Kasıb yaşasa da, oğluna ali təhsil də vermişdi, Fərmanı yaxşı bir gənc aqronom kimi artıq barmaqla göstərirdilər. Onun təhsilinin hər anına Müşkünüzın saçının bir teli ağarmışdı, amma inadından dönməmiş oğlunu oxutdurmuşdu. İndi isə onun xoşbəxt anına hazırlaşırdı. Budur artıq əziyyətlə böyütdüyü oğlu Fərmanın toyuna günlər qalırdı... 

***

Son üç günü çox həyəcanlı keçdi, amma bunu atladıb toy gününə yetişdi. Müşkünaz sabaha kimi heç düz-əməlli yatmadı da. Hətta sübh namazının azanı belə verilməmiş erkəndən durub "Şükür namazı" qıldı, əlini sonsuz və uca dərgaha açaraq Allaha sığındı və gözünün ağı-qarası bircə balasına dualar edib xoşbəxtlik dilədi... 

Toy isə gözlənildiyindən də şən və gözəl keçdi. Fərmanın atasızlığını hiss etdirməməyə çalışan ana, sözün əsl mənasında, çox az insanın bacara biləcəyi bir şənlik qurmuşdu oğluna. Hamı Müşkünazın bu təmtəraqlı məclisindən heyrətlənmişdi. Fərmanın da sevinci yerə-göyə sığmırdı, az qalırdı pərvanə kimi anasının başına dönsün. Elə gəlinin də gözlərindən xoş bir təbəssüm işığı saçırdı. 

Hamı ali təhsillidir, ibtidai sinif müəllimidir deyə Müşkünazın gəlinindən danışırdılar, az qala bu xoşbəxt anaya həsədlərini də gizlətmirdilər. Həyat Müşkünazı o qədər çətinliklər xəlbirindən keçirmişdi ki, dadmadığı acı, görmədiyi ağrı qalmamışdı. Əzizlərini itirmiş, təklənmiş, təhqir olunmuş, hər cür zülmə məruz qalmış, amma yaşadığı heç nə onu yaxşı insan olmaqdan məhrum edə bilməmiş, dəyişməyə gücü yetməmişdi. 

Çox düşünər, sevinərdi ki, çox sınanmışam, artıq oğlumu da baş-göz etdim, yüküm azaldı, səfa sürəcəyim günlər başlayır. Amma həyatın ona "sürpriz”lərindən xəbərsiz idi, başına nələrin gələcəyini bilmirdi. Sevinci təəssüf ki, çox sürmədi. Gəlin təzə olsa da, əsl üzünü göstərməyi çox çəkmədi...

Atalarımız boşuna deməyib ki, alim olmaq asandır, adam olmaq çətin. Tamara gələndən az müdət sonra ailədə qalmaqallar başladı. Qaynanasına göz verib işıq vermədi, oğulla ananın arasında girib evi cəhənnəmə çevirdi. Fərman gün-gündən anasına yadlaşmağa başladı, ona edilən haqsızlıqlara isə göz yumdu, susdu.

Tamara evdə elə ab-hava yaratmışdı ki, Fərman az qalırdı anasını həyatından silsin, ondan üz döndərsin. Müşkünaz isə zülm və əziyyətlə böyütdüyü oğlunu tanıya bilmirdi. Elə bir həddə çatmışdılar ki, aralarındakı münasibət ana və oğulu sanki iki yad insana çevirmişdi. Tamara öz yaratdığı vəziyyətdən zövq alırmış kimi getdikcə qaynanasına qarşı münasibətdə daha da qansızlaşır, düşmənin belə etməyəcəyi şeyləri edirdi. Evdə xörək bişirərkən Müşkünazı saya salmır, ona yemək vermirdi. Gücdən, haldan düşən yaşlı ana aclıqdan ölməmək üçün qonşulara üz tuturdu... 

Əvvəllər qonşuların ürəyində Müşkünazla bağlı şübhələr olsa da, zamanla Tamaranın onlara qarşı davranışı bu şübhələri də aradan qaldırdı, hətta yaşlı, tənha qadına qarşı ürəklərində mərhəmət yaratdı. Tamara isə dəfələrlə buna görə qonşularla da dalaşmış, onları təhqir etmiş, - bu kaftarı siz qudurtmusunuz, - demişdi. Kimsə isə ona məhəl qoymamışdı, çünki hər kəs Müşkünazın cavanlığını, qonşulara, ailəsinə olan münasibətini, ürəyini bilirdi, onu gözəl tanıyırdı. 

Tamaranın bir oğlu, bir qızı vardı. Uşaqları dünyaya gələndən sonra qaynanasına qarşı davranışları daha da pisləşmişdi. Ürəyində düşünürdü ki, iki bala da vermişəm ərimə, artıq yerimi yetərincə möhkəmlətmişəm, kimsə mənə nəsə deyə bilməz. Mən nə deyriəm, necə deyirəm, hər şey elə də olmalıdır. Hər şeyin yaxşısını uşaqlarına, yoldaşına yedirir, geyindirir, özü işlədir, Müşkünaza isə zülm edirdi. Hətta o qədər qəddarlaşmışdı ki, qışın soyuğunda yazıq arvadı hamamda yuyunmağa qoymur, həyətdə, odunların arxasında ilıq su ilə yuyunmağa məcbur edirdi ki, arvad xəstələnsin, ölsün, o da qurtulsun. 

Müşkünaz ona edilən zülmlərə o qədər vərdiş etmişdi ki, sanki bu zalım dünyanın, üzünə gülmək bilməyən taleyinin amansızlıqlarına boyun əymiş, hər şeyi qəbullanmışdı. İlıq suda, həyətdə yığılmış odun xərəyinin arxasında yuyunur, dişi-dişinə dəyir, bədəni soyuqdan tir-tir əsirdi, evə qalxınca saatlarla arıq bədənini isidə bilmirdi. Bu barədə isə bircə kəlimə olsa belə, oğluna demir, ailəsinə söz-söhbət salmırdı. Əslində, u zülmü niyə və necə haqq etdiyini də anlaya bilmirdi. Çünki heç vaxt gəlininə güldən ağır bir söz deməmişdi... Ona görə də baş verənləri anlaya bilmirdi, hər şeyi içinə salıb xısın-xısın ağlayırdı... 

Həyatı bir gün olsa belə üzünə gülməyən Müşkünaz oğlu Bakıda beş günlük ezamiyyətdə olarkən dünya ilə vidalaşmış, amma Tamaranın onun ölümündən belə xəbəri olmamışdı. Ölümündən üç gün sonra onun cansız bədənini qonşular otaqda tapmış, kəfənə zorla salmışdılar. Bədəni quruyub qaxac olduğu üçün onu dəfn edən qonşular çox əziyyət çəkmişdilər... 

***

Həyat bumeranq kimidir, insan ölüb yarandığı torpağa qarışdığı kimi hər şey özlüyünə qayıdır, yaxşılıq yaxşılıq kimi, pislik də pislik kimi adamın qarşısına çıxır. İllər bir göz qırpımında gəlib keçsə də, həyat Müşkünazın intiqamını unutmamışdı. İndi onun taleyinin eynisini Fərmanla Tamara yaşayırdı. 

Oğullarına toy etməyə hazırlaşırdılar. Amma oğulları Nərman ata-anasının seçdiyi qızı yox, onun yerinə bir erməni qızını seçib onunla evlənmişdi. Tamara isə bu "kafir qızı"nı heç cür qəbullana bilmir, onunla yola getmirdi. Ona görə də Nəriman qısa zaman sonra ata-anası yola getmədiyi üçün yoldaşını da götürüb Rusiyaya getmiş, bir daha geri qayıtmamışdı. Əlaqələri isə tamamilə kəsilmişdi. Qızları Sevda isə heç zaman ailə qurmamışdı, valideynləri ilə yaşayırdı.

Sevda ibtidai sinif müəllimliyini oxusa da, uşaqlara dərsdənkənar məşğələ keçirdi. Tamara xəstə olanda ara-sıra anasının dərslərini də əvəzləyirdi. Sevda anasının zalım xasiyyətindən qardaşı ilə müqayisədə daha çox pay almışdı. Olduqca kobud, paxıl, mərhəmətsiz biri idi, heç kəslə yola getmirdi.

Bir sabah atası Fərman dünyaya gözlərini yumunca ana-bala ikisi kimsəsiz qalmışdılar. Heç kəslə münaqibəti qalmayan Sevda əlacsızlıqdan köhnə iş yoldaşlarından birinə zəng edib atasının ölümünü xəbər vermişdi. İş yoldaşı gəlib hazırlıq işlərinə dəstək vermiş, bir neçə nəfər tanışla Fərman kişini dəfn etmişdilər. Nərman isə nəinki atasının dəfninə gəlməmiş, heç maraqlanmamışdı da. 

Tamara o qədər qocalmışdı ki, onsuz da balaca olan boyu kiçilib, sıxılıb əl ağacı boyda qalmışdı. Amma üz cizgilərindən o yaşda belə qəddarlıq yağırdı. Etdiyi zülmlərin, yaşatdığı əziyyətlərin yağmuruna tutulmuşdu. 

Qızı Sevda anidən qəribə bir şəkildə arıqlamağa başladı. Günlər içində ətini tərtəmiz tökdü. Səbəbini heç bir həkim tapa bilmədi, hara getdisə, dərdinə əlac olmadı. Həkimlərdən biri Sevda və anasının israrından sonra onları sakitləşdirmək məqsədilə soyudəyməyə qarşı müalicə yazmışdı. Yazılmış müalicəni etdirməyə başlasa da, heç bir irəliləyiş olmadığını görüncə ana-bala ikisini də fikir aparmışdı. Həkim iynəni sinirimə vurub, düz vurmayıb deyə Sevda bu dəfə də tibb bacısını günahlandırmağa başlamışdı. Sevdanın bu dərdi uzun sürmədi, cavan yaşda dünyadan köçdü... 

Bir vaxtlar Müşkünazı qonşuların ümidinə qoyan Tamara indi özü qapılarda qalmışdı, amma sevdiyi hər kəsi itirən bu qarı yaşananlara görə az da olsa, özünü günahkar bilmirdi. Ona bunu xatırladan hər kəsə çımxırır, söyür, qarğıyırdı. Hətta qapısında diləndiyi qonşuları da söyməkdən belə yan keçmirdi. 

Hər kəs artıq onu ağlını itirmiş biri kimi tanıyır, əhəmiyyət verməməyə çalışırdı. Tamara da anlamırdı ki, bu, tale deyil, Müşkünazın əziyyətlərinin kabusa çevilərək onu qarabqara izləməsidir, həyatın ona kəsdiyi cəzadır...

Artıq indi o, həyatın bu cəzaya həm fiziki, həm də mənəvi məhkum etdiyi bir zavalı idi: kimsəsiz, tənha və sərgərdan...