“Bunları “parnik banklar” da adlandıra bilərik” – Ekspert şərhi

“Bunları “parnik banklar” da adlandıra bilərik” – Ekspert şərhi

19-10-2016 15:55 / Bu xəbər 1719 dəfə oxundu

"Dövlət büdcəsinin yükü artacaq. Təbii ki, bu, bağlanan banklardakı ümumi əmanət partveli, sığortalanmış qismindən daha böyükdür”.

Bunu iqtisadçı ekspert Samir Əliyev Toplumtv-yə bağlanan banklarla bağlı əhaliyə kompensasiya verilməsini şərh edərkən deyib.

"460 milyondan çox vəsait bu gün sığortalanmış əmanət olaraq qaytarılıb və mən düşünürəm ki, bu hələ davam edəcək. O vaxta qədər ki,  sığortalanmış əmanətlər tam ödənilsin. Bu əmanət partvelinin heç də hamısını təşkil etmir. Müxtəlif hesablamalara görə bəzi banklarda bu 60-70% bəzi banklarda 80% təşkil edir. Yəni əmanət partveli heç də 100% sığortalanmadığına görə hər bir bankda bu müxtəlif məbləğdə əmanət mövcuddur”, - ekspert bildirib. 

"Ödəmə üçün Əmanətlərin Sığortalanması Fondunun vəsaiti varmı?” sualına ekspert belə aydınlıq gətirib: "”Texnika bank” bağlananda artıq Əmanətlərin Sığortalanması Fondunun aktivi tükənmişdi.  Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan manatla uzun müddətli  kredit götürmüşdü və həmin vəsait Mərkəzi Bankın maliyyə kredit hesabına ödənildi. Təbii ki, bu kredit də dövlət büdcəsi tərəfindən ödəniləcək. Çünki qanunvericiliyə görə bu ilin mart ayından başlayaraq manat ifadəsində olan əmanətlər əgər 12%-dən aşağı faizlə yerləşdirilirsə, xarici valyutada, o cümlədən dollarla  olan əmanətlər 2-3%-dən aşağıdırsa, bu halda həmin əmanətlər 100% qorunur və dövlət bu əmanətləri Əmanətlərin Sığortalanması Fondunun pulu olmadıqda ödəyir”. 

Ekspert alternativ çıxış yolu kimi bankların bağlanmasının labüd olduğunu vurğulayıb: "İqtisadi vəziyyətlə bağlı olaraq, bu, gözlənilən vəziyyətdir. Hadisələr onu göstərdi ki, banklarımız hələ mövcud vəziyyətə hazır deyil. Banklarımız neft dövrünün, yəni böyük həcmdə pul vəsaitlərinin idarə olunduğu dövrün banklarıdır. Bunları "parnik banklar” da adlandıra bilərik, çünki onlar xususi iqtisadi sabit dövrdə fəaliyyət göstərirlər, iqtisadiyyatda baş verən hər hansi çalxalanma zamanı tab gətirə bilmirlər. Yəni bu proses hələ bitmiş sayılmaz. Biz önümüzdəki dövrdə daha bir neçə bankın bağlanmasını müşahidə edəcəyik  və bunun alternativ yolu yoxdur. O baxımdan ki, əmanətlərin sığortalanması bütün ölkələrdə mövcuddur və bu sığortalama əhalinin banka olan inamını artırır. Ona görə düşünürəm ki, manat üzrə əmanətlərin  sığortalanmasının faiz dərəcəsinin artırılmalıdır. Təqdirə layiq haldır ki, sığortalana biləcək əmanətlərin faiz dərəcəsi 12%-dən 15%-ə qədər artırılıb. Əgər bankların kütləvi bağlanması davam edərsə, təbii ki, bu, dövlət büdcəsi üçün əlavə yük olacaq və bu həm də əhalinin bank sektoruna olan inamını azalda bilər. Hansı ki bu gün bunu müşahidə edirik”.

Qeyd edək ki, ölkə ərazisində bağlanan 10 bank əhaliyə təxminən 461 milyon manat pul ödəmişdi.

Gülzar Məmmədli