Burda 37-di ürəklər səksəkədə... - ŞEİR

Burda 37-di ürəklər səksəkədə... - ŞEİR

26-07-2015 22:50 / Bu xəbər 5092 dəfə oxundu

Şəmşad AĞA

Yadigar Sadıqova ithaf

yenə ürkək ruhuma hakim kəsilib gecə,
və tənhalığa yenə boyun əyir ümidlər...
daha arzu gətirmir quşlar da pəncərəmə,
bu yalnızlıqdan bezib, küsüb, gedib küləklər...

və mənim daha sənə deyəcək bir sözüm yox,
və mənim ancaq gecə ulduz saymaqdı işim...
sən azadlıq dalınca gedən Prometeysən,
mənsə düşünürəm ki, vaxtı necə dəyişim...

sən orda azadlığın bir addım önündəsən,
amma burda azadlıq-məhkumluq heç-heçədi...
bəlkə, bir az nigaran, bir az da fikirlisən,
ondandımı sorursan orda hava necədi?!

burda hava istidi, bürkü nəfəs tükədir,
orda soyuq divarlar nəm qoxuyur, bəlkə də...
orda neçənci ildi deyə bilmərəm, amma
burda 37-di, ürəklər səksəkədə...
 
26-08-2014