Cəbhə xatirələri: "Döyüşə gedən "axırıncı" yeməyini yarım pay götürürmüş"

Cəbhə xatirələri:

21-01-2021 15:34 / Bu xəbər 1892 dəfə oxundu

İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş zabit Şahin Amanov cəbhə ilə bağlı bir xatirəsini paylaşıb. 

Zabit sosial şəbəkədə - feysbuk hesabında yazır: 

İkinci Qarabağ savaşında ilk getdiyim hərbi hissəmiz "Tamamlama mərkəzi" idi. 

Yəni ön xətdə yaralanan və şəhid olanların yerinə buradan şəxsi heyət göndərib ştatı tamamlayırdılar. 

Gecə çatdım ora. Sabahkı günün axşam düzülüşündə dedilər ki, xeyli şəhidimiz var, gedin axşam yeməyinizi yeyin, sonra şəhidlərimizin yerinə eyni ixtisasçılardan könüllülük prinsipilə göndərəcəyik döyüşə. Getdik yeməyə. 

Yemək paylayan qadınlar gözlərinin yaşını silə-silə işlərini görürdülər. İştahım küsmüşdü. Bulku boyda çörək payı mənə çox gəldi. Ona görə də bölüb yarısını götürdüm. 

Xanımlar birdən hamısı əl saxlayıb eyni vaxtda baxışlarını necə üstümə tuşladılarsa qorxdum. 

İçlərində nisbətən yaşlı ağbirçək bir az titrək, bir az ərkyana səslə:

- Bütövünü götür də.
- Hamısını yeməyəcəm. İsraf olmasın.

Sözümü bitirir-bitirməz hönkürtü səsləri bir-birinə qarışdı. Çaşıb qalmışdım. 

Məndən bir neçə gün əvvəl gəlmiş zabit qolumdan çəkib masaya doğru gedə-gedə soruşdu: "Gedəcəyini hardan bilirsən?.."

Uzun sözün qısası, sən demə burda yarızarafat, yarıgerçək belə bir söhbət varmış; döyüşə gedən "axırıncı" yeməyini yarım pay götürürmüş ki, "mən onsuz da "gedirəm" yemək israf olmasın".