Cəmil Həsənlinin iki kitabı nəşr olundu
17-05-2023 14:17 / Bu xəbər 1517 dəfə oxundu
Tarixçi alim Cəmil Həsənlinin iki kitabı nəşr olunub.
Bu barədə Cəmil Həsənli "Feysbuk" hesabında yazıb:
"Bu da qəribə bir təsadüf. Ayrı-ayrı nəşriyyatlarda iki kitabım eyni gündə çapdan çıxdı: "Zamanın sınağında” və "Güney Azərbaycan: tarixin yol ayrıcında, 1939-1945”.
Hər ikisini London Unuversitetinin Tarix Araşdırmaları İnstitutunda dəvətli araşdırmaçı olaraq çalışanda hazırlamışdım.
Çalışanda deyəndə ki, indi də çalışıram. Ötən ilin dekabrında publisistik-xatirə janrında yazılmış "Zamanın sınağında” kitabının əlyazmasını "OL” nəşriyyatına, 2023-cü ilin yanvarında isə "Güney Azərbaycan” kitabının əlyazmasını "Qanun” nəşriyyatına göndərmişdim.
Mənim həyat hekayəmdən ibarət olan "Zamanın sınağında” adlı birinci kitab ötən əsrin 50-ci illərindən 2010-ci ilə qədər olan dövrü əhatə edir.
2010-cu ildən günümüzə qədər olan ikinci kitab hazırlıq mərhələsindədir.
Əslində, "Güney Azərbaycan” da birinci kitabdır, xronoloji baxımdan 1945-ci ilin dekabrın 31-nə qədər olan dövrü əhatə edir.
Bunun davamı kimi "1946-cı ilin Azərbaycan böhranı” kitabı təlatümlü Təbriz hekayələrinin zəfər və faciəsini əhatə edəcək. Ömür vəfa etsə hər iki kitabın ikinci hissəsələri də olacaq.
Güney mövzunda Bakıda mənim ilk kitabım 25 il əvvəl - 1998-ci ildə nəşr edilmişdi.
"Güney Azərbaycan” onun təkrarı deyil. Bu müddət ərzində Rusiya, Amerika və Britaniya arxivlərində bu mövzu ilə bağlı çoxlu nadir sənədlər əldə etdim. Onların hamısı ilə bu nəşrdə tanış ola bilərsiniz.
"Zamanın sınağında” akademik əsər deyil. Yaddaş boğçasından süzülüb gələn həyat hekayəsidir. Dövrlə, zamanla, kəndlə-kəsəklə, əhatəsində olduğum, əhatəmizdə olan adamlarla, canlı tarixi prosesin təqdimatıdır.
Zaman-zaman bütün bunları içimdə yaşatdım, yaddaşımda cilaladım və Sizlərlə bölüşmək qərarına gəldim.
Niyə? Bu niyənin cavabını kitabın birinci cümləsində vermişəm: "Yetmiş yetişmiş yaşdır. Yetmişdə ölüm də adama çox yaxınlaşır, lap uzaqda olsa belə, əcəl zəngi eşidilir. Bu yaşda yaddaş da yetişmiş olur və artıq qüruba doğru əyilən günəşə bənzəyir. Hətta "xoşbəxt” ölüm sahibinin yastığının altında uyuyur, hər gün onunla birlikdə günəş şəfəqinin solğun şüaları altında oyanır, bir sözlə, insan "qara çuxa”sı ilə yol yoldaşı olur. Yetmişdə müdriklik düşüncələri də yavaş-yavaş axtarışlarını dayandırmağa başlayır və insan idrak pərdəsinin arxasında, yaddaşın gözlə görünməz bir hücrəsində bardaş qurub olub-keçənlərin hekayəsini anladan dərvişi xatırladır..."
Bu kitabların nəşrə hazırlanmasında əməyi keçən hər kəsə sonsuz təşəkkürlər!"