“CineMastercard” ilk dəfə Kann Beynəlxalq Film Festivalında iştirak edib
07-06-2024 16:46 / Bu xəbər 798 dəfə oxundu
Premium kinoteatrlar şəbəkəsi olan "CineMastercard” ilk dəfə "Kann Film Bazarında” (Marché du Film) iştirak edib.
"Kann Beynəlxalq Film Festivalı” çərçivəsində keçirilən "Kann Film Bazarı” 1959-cu ildən etibarən hər il təşkil olunur və dünya üzrə ən böyük film bazarı olmaqla yanaşı, kino sənayesi peşəkarları üçün əsas hadisələrdən biridir.
"Kann Film Bazarı”nda Azərbaycanı təmsil etmək üçün təsisçilər tərəfindən "CineMastercard” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə təyin edilib.
Tədbirdə o, Hollivud və Avropa studiyalarının nümayəndələri ilə görüşərək gələcək əməkdaşlıqların imkanlarını müzakirə edib.
Z. Darabzadə həmçinin "CineMastercard”ın yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı yeni texnoloji həlləri və innovativ yanaşmaları təqdim edib.
Bunlara təkmilləşdirilmiş proyeksiya və səs sistemləri, eləcə də 4DX və ScreenX kimi film izləmə formatlarının genişləndirilməsi daxildir.
Bundan əlavə, Z. Darabzadə "CineMastercard”ın beynəlxalq layihələrdə iştirakı və Azərbaycanda kinoteatrlarda xüsusi nümayişlər və premyeraların keçirilməsi perspektivlərini müzakirə edib.
Bu təşəbbüslər yerli film bazarının inkişafına və dünya kinematoqrafiyası ilə mədəni əlaqələrin gücləndirilməsinə yönəlib.
Kann Film Bazarında "CineMastercard” həmçinin öz kinoteatrlarında dayanıqlı təcrübələrin tətbiqi ilə bağlı planlarını təqdim edərək ekoloji təşəbbüslərə sadiqliyini nümayiş etdirib.
Bura enerjiyə qənaət edən texnologiyaların istifadəsi, plastik tullantıların azaldılması və yerli ekoloji layihələrin dəstəklənməsi daxildir.
Ülviyyə