Türkiyənin məşhur aktyorları Bakıya gəlir
14-10-2024 15:58 / Bu xəbər 567 dəfə oxundu
Türkiyənin tanınmış aktyorları Seda Bakan və Ecem Erkek ilk dəfə Bakıya səfər edəcəklər.
Onlar komediya janrında olan "Gəlinin komandası” filmini eksklüziv olaraq "Park Cinema”da təqdim edəcəklər.
Filmin qala-gecəsi 18 oktyabr saat 19:00-da "Park Cinema Flame Towers” filialında baş tutacaq. Gecənin sonunda tamaşaçılar filmi aktyorlarla izləmək şansı qazanacaqlar.
"Gəlinin komandası”nın rejissoru Doğa Can Anafartadır. Baş rolları Mehmet Günsür, Seda Bakan, Fırat Çelik və başqaları oynayır.
Süjet xəttinə gəlincə, tamamilə fərqli xasiyyətdə olan 4 rəfiqə - Ayça, Selin, Berrin ve Deniz, Berrinin toyu üçün bir yerə toplaşaraq, subaylıqla vidalaşma gecəsi təşkil etmək istəyirlər.
Otel axtarışına çıxan rəfiqələr Akın və Poyrazla da tanış olurlar.
İlk baxışdan hər şeyin normal keçməli olduğu bu gecədə aləm bir-birinə dəyir: ortaya xəyanətlər, qarşılıqlı iddialar və yanlışlıqlar çıxır.
Toyun baş tutmasına isə sayılı saatlar qalır...
Ülviyyə