Daha bir senatordan Qubad İbadoğluna azadlıq tələbi
08-10-2023 00:56 / Bu xəbər 1051 dəfə oxundu
Daha bir amerikalı senator Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğluna azadlıq tələb edib.
Demokratlar Partiyasından olan senator Kris Cons deyib ki, iqtisadçı alim Qubad İbadoğlu iyul ayından Azərbaycan hökuməti tərəfindən haqsız yerə həbs edilib.
Bu barədə senator "X" (tvitter) səhifəsində məlumat yayıb.
"Mən professor İbadoğluforun səhhətinin pisləşməsi və həbsxanada pis rəftarla bağlı xəbərlərdən narahatam və onun dərhal, şərtsiz azad edilməsinə çağırış edən həmkarlarımın yanındayam", - Kris Cons qeyd edib.
Bundan əvvəl isə amerikalı senatorlar - Dick Durbin, Ben Karden və Marco Rubio hakimiyyəti həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxmağa çağırmışdı.
ABŞ Konqresinin Qlobal İnsan Hüquqları alt komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit isə Azərbaycana sanksiyaların tətbiq edilməsinə çağırış etmişdi.
O, Prezidenti İlham Əliyevi iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırmışdı.
"Əgər o, haqsız yerə həbsxanada olarkən vəfat edərsə və ya sağlamlığına daimi ziyan dəyərsə, bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq”, – deyə Kristofer Smit bildirmişdi.
***
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.
Azərbaycan Daxili İşlər Nazirliyi Q.İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəli olduğunu bildirib.
Qubad İbadoğlu ittihamları absurd sayır və rədd edir.
Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.