Daha bir senator Qubad İbadoğlu və Bəxtiyar Hacıyevlə bağlı çağırış etdi

Daha bir senator Qubad İbadoğlu və Bəxtiyar Hacıyevlə bağlı çağırış etdi

29-08-2023 00:30 / Bu xəbər 903 dəfə oxundu

Daha bir amerikalı senator - Dick Durbin Qubad İbadoğlu və Bəxtiyar Hacıyevə azadlıq tələb edib.

Bu barədə senator "X" (keçmiş tvitter) səhifəsində məlumat paylaşıb

O bildirib ki, hər iki şəxsi Azərbaycan hakimiyyəti əsassız ittihamla həbs edib: "Prezident Əliyev hökuməti tərəfindən haqsız yerə həbs edilən siyasi məhbuslar Qubad İbadoğlu və Bəxtiyar Hacıyevi də unutmaq olmaz. Onlar dərhal azad edilməlidir".

Bundan əvvəl isə amerikalı senatorlar - Ben KardenMarco Rubio hakimiyyəti həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxmağa çağırmışdı. 

ABŞ Konqresinin Qlobal İnsan Hüquqları alt komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit isə Azərbaycana sanksiyaların tətbiq edilməsinə çağırış etmişdi.

O, Prezidenti İlham Əliyevi iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırmışdı.

"Əgər o, haqsız yerə həbsxanada olarkən vəfat edərsə və ya sağlamlığına daimi ziyan dəyərsə, bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq”, – deyə Kristofer Smit bildirmişdi. 

***
 
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib. 

Azərbaycan Daxili İşlər Nazirliyi Q.İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəli olduğunu bildirib.

Qubad İbadoğlu ittihamları absurd sayır və rədd edir. 

Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.