Dəfn olunmuş ümid

Dəfn olunmuş ümid

02-06-2024 23:06 / Bu xəbər 1062 dəfə oxundu

Əbil Həsənov
 
(Hekayə)

Güllü xala bizimlə hasar qonşusu idi. Tək yaşayırdı. Hər gün onlara gedər, evini təmizləyər, bulaşıq qab-qacağını yuyar, bulaqdan su gətirərdim. Bəzən gecələr də onunla qalardım. Bir sözlə, nə olursa-olsun onu tək buraxmazdım. 

Güllü xala isə buna görə sevinər, divardan asılmış şəkli göstərərək: "Qoy, Faiq gəlsin, səni Faiqə alacağam”, - deyərdi. Faiq onun oğlu idi. Müharibə başlayanda Milli orduya yazılan ilk könüllülərdən biri idi. Amma üzün müddət idi ondan xəbər yox idi. Bəziləri onun itkin düşdüyünü, digərləri isə öldüyünü deyirdilər. Hər halda, dəqiq nə olduğunu bilən yox idi. Amma Faiqdən bir xəbər çıxmaması dedi-qoduları gücləndirirdi. 

Bununla belə heç kim bu barədə Güllü xalaya bir söz demir, onun yanında bu barədə danışmaqdan çəkinirdilər. Yazıq arvad isə oğlunun sağ olduğuna inananır, nə vaxtsa evə dönəcəyinə gözləyirdi. Tövləsində boynuna qırmızı lent bağlanmış bir qoç saxlayırdı ki, Faiq gələndə qurban kəsəcək. 

Faiqin toyu üçün bir neçə daha da tədarük görmüşdü, Güllü xala. Tez-tez də mənə: "Qızım, Faiqi gözləyəcəksən, eləmi?” - deyə sual edərdi. Sözün düzü, mən də Faiqin ölməsinə inannırdım, amma Güllü xalanın xatirinə dəyməmək üçün başımı tərpədərək yüngülcə "hə” deyərdim. 

Hər dəfə mənə elçi gələndə Güllü xalanın üz-gözündən kədər yağardı. Onda sanki Faiqin yoxluğunu qəbul edər, onun ölüb qayıtmayacağını düşünərdi. Mən də yaşıdlarım kimi gəlin paltarı geyinmək, ailə qurmaq ana olmaq istəyirdim, ancaq onun bu halını görüb, valideyinlərim və qohumlarım tərəfindən danlansam da, gələn elçilərə "yox” deyərdim. 

İnanırdım ki, mənim toyum olan günü onun ürəyi partlayıb ölər. Buna görə də mən öz xoşbəxtliyimi  öz canını vətən uğrunda qurban vermiş Faiqin anasına - Güllü xalaya qurban vermişdim. Elçilərə "yox” deyəndən sonra arvadın üz-gözündə ümid işığı yanar, oğlunun sağ olduğuna inanardı. Artıq yaşım otuzu keçmişdi. 

Gözlərim qapıda qalsa da, daha elçilər gəlmirdi. Güllü xala xəstələnmişdi.Artıq əvvəlki taqəti qalmamışdı. Ona məndən başqa qulluq edəcək bir kimsəsi yox idi. Bir gün sandıqdan dəsmala bükülü bir bağlama çıxardı. Bağlamanın içindən bir nişan üzüyünü çıxarıb barmağıma taxdı. 

Bu an mən qeyri ixtiyari olaraq Faiqin divardan asılmış şəklinə baxdım.Bəlkə də dünyada ilk dəfə belə bir hadisə olurdu - ölmüş adama nişanlanmaq. Bu hadisə bizim aramızda bir sirr olaraq qaldı. Bir neçə gün sonra Güllü xala Faiqi gözləyə-gözləyə gözlərini əbədi olaraq yumdu. 

Faiqin toyuna saxladığı heyvanları kəsib ona ehsan verdilər. Artıq mən taleyimlə barışmışdım, Faiqin divardan asılmış şəklinə vurulmuşdum. Şəklin sahibinin öldüyünü bilə bilə, onu ürəyimdə yaşadaraq dəlicəsinə sevirdim. Bir mahnıda deyildiyi kimi: ”Gözləyəcəm səni gülüm, yoxluğunu bilə-bilə”.

Artıq müharibədən otuz ilə yaxın bir müddət keçmişdi. Bu vaxt ərzində Güllü xalanın evi baxımsızlıqdan uçub dağılmaq üzrə idi. Mənim atam dünyadan köçmüşdü. Mən isə anamla birlikdə yaşayırdım. Qardaşlarım kəndin digər cavanları kimi dolanışıq dalınca ailələrini də götürüb Bakıya, Rusiya köçmüşdülər. 

Kəndimizdə Gülü xalanın evi kimi evlər çoxalmışdı. Bu arada cəbhə bölgəsində ara-sıra atışmalar olurdu.Radioda müharibənin yenidən başlaması haqqında xəbərlər gəlirdi. Ordumuz işğal altında olan bütün  ərazilərimizi azad etmişdi. 

Bir gün xəbərlər proqramında azad olunmuş bölgələrin birində bir qrup itkin düşən Azərbaycan əsgərlərinin  basdırıldığı yerin aşkar olunduğu xəbərini eşitdim. Diktor cəsədləri tapılan əsgərlərin adlarını oxuyurdu. Onların arasında Faiq də var idi…
 
P.S. "Hekayəni real hadisələr əsasında yazmışam".