Deputat: “Ali və Nino” şəbəkəsi iki gənci cəmiyyətə oğru kimi tanıtmaq istəyib
08-06-2021 18:09 / Bu xəbər 1309 dəfə oxundu
"Oğrular, adətən, kitab oğurlamır, kitab oxuyan da oğru olmur”
Milli Məclisin iclasında deputat Kamal Cəfərov "Ali və Nino” mağazasından kitab oxuyan şəxslərlə bağlı məsələyə münasibət bildirib.
Hüquqşünas olduğunu vurğulayan deputat qeyd edib ki, "Ali və Nino” şəbəkəsi iki gənci cəmiyyətə oğru kimi tanıtmaq istəyib: "Oğurluğun həcmi 100 manat məbləğində deyilsə, bu hal oğurluq kimi qeydə alınmır. İnzibati Xətanı Nigar Köçərlinin özü törədir”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilməsi barədə yaydığı məlumata görə, mağaza rəhbərliyinin müraciəti əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri E.Süleymanlı və E.Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Hadisə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və kitab oğurlamaqda təqsirləndirilənlərdən biri E.Süleymanlı məsələ ilə bağlı video-müraciət yayaraq bildirib ki, bu işə 3 gün əvvəl məhkəmədə xitab verilib və onlar bəraət alıblar.
E. Süleymanlı sözügedən videonun 3 gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib və bildirib ki, kitablar yerindəcə qarşı tərəfə təhvil verilib.///Meydan.Tv