"Devalivasiya kəskinmi olacaq, yoxsa..." - Ekspertlərdən şərh
27-10-2016 15:12 / Bu xəbər 2669 dəfə oxundu
"Manatın bir neçə həftə öncə bir qədər bahalaşmasının səbəbi Mərkəzi Bank və Neft Fondunun ajiotajı aşağı salmaq üçün birdən-birə hərraclarda külli miqdarda dollar satışa çıxarması idi".
Bunu Toplumtv-yə iqtisadçı ekspert Natiq Cəfərli dolların bahalaşmasını şərh edərkən deyib.

Natiq Cəfərli
Onun sözlərinə görə, Neft Fondu hərraca hər dəfə 50 milyon valyuta çıxardırdısa, elə gün olurdu ki, 300 milyon çıxarırdı: "Bəzi günlərdə isə hərraca 50 əvəzinə 70-80 milyon dollar çıxardırdılar. Digər səbəb isə Neft Fondunun bazarda ən böyük oyunçulardan biri, ən çox dollar alışı ilə məşğul olan "Beynəlxalq Bank"da 1 milyard dollara yaxın depozit yerləşdirdi. Sonuncu olaraq sentyabr ayında depoziti 500 milyon həcmində depozit yerləşdirdi və bu ajiotajı xeyli aşağı saldı. Bu da manatın bir qədər möhkəmlənməsi ilə yadda qaldı. Azərbaycanın valyutaya olan təlabatı fərqlidir. Biz idxaldan asılı olan ölkəyik və son dövrlərdə yenidən belə bir təlabatın yaranması həm idxalın artması, həm də Azərbaycanda bankların özlərinin kifayət qədər böyük həcmdə xarici borclarının olması ilə bağlıdır. İlin sonuna doğru getdikcə bu borcların ödənilməsi qrafiki özünü daha çox büruzə verir və banklarda dollara olan ehtiyacı artırır. Azərbaycanda problem ondan ibarətdir ki, ölkəmizdə valyuta satabiləcək qurumların sayı azdır. Sadəcə, 2 qurum - Mərkəzi Bank və Dövlər Neft Fondu hərraclara valyuta çıxarda bilir. Digər oyunçular olmadığından bütün bazar bu iki qurumun bazara çıxardığı valyutanın həcminə görə tənzimlənir”.

Samir Əliyev
İqtisadçı ekspert Samir Əliyev isə bildirib ki, iyun ayından başlayaraq Mərkəzi Bankın keçirdiyi hərracda tələb təklifi üstələyib: "Bu dövrdə təklif 50 milyon idisə tələb 500-600 milyona çatmışdı. Bunun əsas səbəbi "Beynəlxalq Bank"ın xarici öhdəliyi idi. Neft Fondunun sentyabrda "Beynəlxalq Bank"a yatırdığı 500 milyon dollarlıq depozit sayəsində "Beynəlxalq Bank" hərracdan müvəqqəti də olsa kənarlaşdı və hərraca çıxarılan 200-300 milyon dollar bazarda nisbi sakitlik yaratdı. İndi isə hərracın mexanizmini dəyişiblər. Biz nə qədər tələb olduğunu görmürük, sadəcə, nəticələri görürük. Məzənnənin qalxmasından aydın olur ki, tələb yenidən artaraq təklifi üstələyir. Məlum idi ki, bazarda sakitlik müvəqqəti xarakter daşıyır. Çünki manatın bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur. Manatın bu gün real dəyəri daha aşağıdır. Əgər Mərkəzi Bank manatın arxasından çəkilsə, manat üzü aşağı gedər. Ona görə də Mərkəzi Bankın atdığı addımlar daha çox manatı qorumağa yönəlib. Problemin kökü ondan ibarətdir ki, ölkədən çıxan dollar ölkəyə girən dollardan çoxdur. Yəni bu kəsr örtülməyənə qədər manatın ucuzlaşması gedəcək. Kəsri örtmək üçün isə ya neft bahalaşmalıdır, ya da qeyri-neft sekrorunda ixracı artırmaq lazımdır. İxracı qısa müddətdə artırmaq qeyri-mümkündür. Bunun üçün zaman lazımdır və bu məsələ çox gecikmişik. Digər bir çıxış yolu isə ölkədən çıxan dolların məhdudlaşdırılmasıdır. İdxalı məhdudlaşdırsaq ölkədə qiymətlər qalxacaq. Əsas qeyri-rəsmi kapital axınının qarşısı almaqdır, o isə hələki mümkün deyil. Ona görə də düşünürəm ki, ilin sonuna qədər manatın ucuzlaşması davam edəcək. Bunun hansı formada olacağı sual altındadır. Yəni devalivasiya kəskinmi olacaq, yoxsa yavaş-yavaş gedəcək? Hökumət çalışacaq ki, manatı tədricə ucuzlaşdırsın. Ancaq fövqəladə hall baş verərsə, məsələn, neft 30-40 dollara düşərsə, bu manatın kəskin düşməsi qaçılmaz olacaq. Qarşıda manatı çətin sınaqlar gözləyir. Manatın bahalaşması isə gözlənilən deyil”.
Qeyd edək ki, dollar rəsmi məzənnə olaraq 1.62, sərbəst bazarda isə 1.67 manatdır.
Gülzar Məmmədli












