Dillərarası qarşılıqlı əlaqə və sözalma
06-03-2024 01:27 / Bu xəbər 3100 dəfə oxundu
Kamilə Hamil qızı Ağayeva
Bakı Dövlət Universitetinin nəzdnində İqtisadiyyat və Humanitar
Kollecin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi
Xülasə: Cəmiyyət inkişaf etdikcə, müxtəlif xalqlar təşəkkül tapdığı kimi müxtəlif dillər də meydana çıxmış və zəngin tarixi inkişaf yolu keçmişdir. Yer üzündə mövcud olan dillər mütəmadi olaraq bir-biri ilə əlaqədədir, bu əlaqələrin nəticələrini isə dilçiliyin sosiolinqvistika sahəsi öyrənir. Dillərin təması və kontaktı məsələlərinin tədqiqinə başlanılması XIX əsrin başlanğıcına təsadüf edir.
Alman dilçisi Vilhelm fon Humboldt dilləri daha yaxşı anlamaq və öyrənmək üçün onları müqayisə edir, bir-biri ilə əlaqələndirir və yalnız XX əsrin ikinci yarısından etibarən aktual bir problemə çevrilmiş anlayışların əsasını qoyur.
Dillərin inkişafı və dəyişilməsi anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Hər bir dəyişiklik hələ inkişaf demək deyildir. İnkişafdan yalnız dil sisteminin mürəkkəbləşməsi şəraitində bəhs etmək olar. Bundan başqa, "Dilin inkişafının müəyyən mərhələlərində baş verən dəyişmələr təkcə dilin daxili inkişaf qanunları ilə izahını tapmır. Bu dəyişmələr xalqın ümumi tarixi inkişaf kontekstində öyrənilir. Hər bir xalqın öz dili olduğu kimi, öz tarixi, öz yaşayış ərazisi vardır. Bu üç amilin qarşılıqlı təsiri dil əlaqələri üçün əsas yaradır”.
Tarixən dünya elmi inkişaf edir.
İllər boyu aparılan araşdırmalar, axtarışlar, əldə olunan böyük kəşflər özü ilə yeni anlayışlar meydana gətirir və bu anlayışlar dildə öz təzahürünü tapır, ardıcıl
olaraq davam edən bu proseslərin məntiqi nəticəsi olaraq dilin lüğət tərkibi də tarixi bütün mərhələlərində daima zənginləşir.
Cəmiyyət və həyatın inkişafı davam etdiyi müddətdə onun lüğət tərkibi də formalaşır, inkişaf edir. Tərəqqi və inkişafla bilavasitə bağlı olan dil bu prosesdən kənarda qalmır, bütün tərəqqi və nailiyyətlər ilk növbədə məhz dildə öz təzahürünü tapır. Belə ki, baş verən yeni hadisə və proseslər, kəşf olunan hər hansı bir yeniliklər, onlarla bağlı məfhum və anlayışlar təfəkkür süzgəcindən keçərək dildə yeni sözlərin yaranmasına səbəb olur. Ancaq bu heç də hər zaman eyni olmur.
Hər bir dil baş verən inkişafa eyni şəkildə uyğunlaşa bilmir. Yəni, dildə həmin yeniliyi əks etdirə biləcək yeni söz hər zaman dilin daxili imkanları ilə yaranmır. Bu zaman başqa dillərə müraciət olunur və yeni anlayış və ya məfhumu ifadə edən söz dilə başqa bir dildən alınır. Buna görə də dillərin qarşılıqlı əlaqə və təsiri, bir-birindən sözalma və lüğət tərkiblərinin zənginləşdirilməsi, dil quruculuğunda və tədqiqində nəzəri-praktik məsələlərin müqayisəli metodlarla öyrənilməsi kimi
problemlər dilçilərin diqqət mərkəzindədir.
Dünya dillərinin bir-birinə qarşılıqlı təsiri məsələsinin öyrənilməsi günün vacib probleminə çevrilmişdir. Dillərin qarşılıqlı təsir prosesində xalqların siyasi, iqtisadi, mədəni və elmi əlaqələri əsas yer tutur. Buna görə də dillərdə sözalma prosesini lüğət tərkibinin inkişafında mühüm rol oynayan obyektiv bir hadisə kimi ictimai, sosial və insan təfəkkürü ilə bağlı şəkildə dilin bütün kateqoriyaları çərçivəsində öyrənmək lazımdır. Sözalma prosesinin bu xüsusiyyətini nəzərə alan M.Qasımov alınma söz terminini həm nisbi, həm də şərti hesab edir. Bunun bir səbəbi də dildə bəzi alınma sözlərin zəruriyyət olmadan işlənməsi, zaman keçdikcə unudulması unudulması ilə bağlıdır. Deməli, dilə gələn yeni sözü müəyyən müddət ərzində alınma söz adlandırmaq mümkündürsə, unudulandan sonra onu arxaik söz adlandırmaqda mümkün deyildir. Ona görə də Sorokin, Mayorov, Krısin və başqaları sözalan dil tərəfindən mənimsənilmiş leksik leksik vahidlərini alınma hesab edirlər. (1,s.34)
Dilin lüğət tərkibinin zənginləşməsinin ikinci mənbəyini başqa dillərdən alınan sözlər təşkil edir. Belə sözlər dilə ya bilavasitə, ya da bilvasitə keçir. M.A.Breyter sözalmanın aşağıdakı səbəblərini qeyd edir: reseptor dilin koqnitiv bazasında müvafiq anlayışın olmaması reseptor dildə müvafiq adın olmaması.
Başqa dillərlə qarşılıqlı əlaqədə olarkən dil nəinki öz qrammatik quruluşunu və əsas lüğət fondunu saxlayır, eyni zamanda zənginləşir və daha da təkmilləşir. Burada isə coğrafi yaxınlıq mühüm rol oynayır. Belə ki, çox zaman müraciət edən dil anlayışın və onunla bağlı sözün yarandığı dildən,əsas mənbədən alır. Ancaq, areal baxımından sözün yarandığı dilə yaxın olan dil sözü məhz ana dildən mənimsəməyə üstünlük verirsə, nisbətən uzaqda yerləşən dil özünə daha yaxın olan
vasitəçi dilin köməyilə yeni sözü lüğət tərkibinə qəbul edir.
Lüğət tərkibinin zənginləşməsi yollarından biri kimi kənar dil elementlərinin təsiri dedikdə, dilin öz təbii inkişafı, daxili tələbatı ilə əlaqədar təsir başa düşülməlidir. Belə sözlər dilə ya bilavasitə, ya da bilvasitə keçir. Başqa dillərdən alınan sözlər, əlbəttə, keçdiyi dildə əsas, həlledici deyil, yardımçı, köməkçi rola malikdir.
Sözlərin bir dildən başqa bir dilə keçməsi prosesi dünyanın bütün dillərinə xasdır. Hələ çox qədim zamanlardan başlamış dövrümüzə qədər dünya dilləri bir-biri ilə əlaqədə inkişaf etmiş, zaman keçdikcə bu əlaqələr genişlənmişdir. Bunun nəticəsində müasir dünya dillərinin hər hansı birinin lüğət tərkibində başqa dillərin sözlərinə rast gəlmək mümkündür.
Başqa dillərdən keçən sözlər keçdiyi dilin daxili inkişaf qanunlarına tabe olaraq işlədilir və bunun nəticəsində də çox zaman həmin sözlərin gəlmə olduğunu müəyyənləşdirmək çətin olur. Burada ilk növbədə zərurət nəticəsində alınan terminlər nəzərdə tutulur.
Həmin terminlər dilə daxil olarkən dilin fonetik-qrammatik qayda-qanunlarına o dərəcədə uyğunlaşır ki, onların alınmalar olması zahirən heç də müəyyən olunmur. S.A.Sadıqova yazır: «Azərbaycan dilinin daxili imkanları əsasında, bu dilin bilavasitə özünəməxsus söz yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq termin yaratmaq mümkün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən termin hazır şəkildə alınıb işlədilir. Terminologiyanın böyük bir qismini başqa
dillərdən alınmış terminlər təşkil edir. Terminlərin dilimizdə formalaşması, ayrı-ayrı elm sahələrində məfhum və anlayışların beynəlmiləl xarakterli dil vahidləri ilə ifadə olunması bir tərəfdən dilimizin terminologiyasının funksionallığını şərtləndirirsə, digər tərəfdən onun beynəlxalq dil ailəsinə inteqrasiyasını asanlaşdırır» [2, s.120]
Elə bir dil mövcud deyil ki, onun lüğət tərkibində alınma sözə təsadüf olunmasın. "Başqa dillərdən alınmalar, adətən, realilərlə, hadisə və predmetlərlə birlikdə gəlir, dil üçün yeni material olur. Alınmalar dilin öz vahidlərindən fərqli statusa malik olur və dil daşıyıcılarının diqqətini daha artıq çəkir.” [3, s.8]
Ancaq bu sözlər dildə əksərən ehtiyac duyulduğu üçün alınır və əsasən də terminoloji leksikaya aid olur. Beləliklə, başqa dillərdən dilin lüğət tərkibinə daxil olan sözləri 2 şəkildə qruplaşdırmaq olar:
- gündəlik ictimai həyatda istifadə edilən ümumişləklik qazanan sözlər.
- hər hansı bir ixtisas sahəsinə aid olan terminlər.
Ancaq mahiyyət baxımından terminalma və sözalma bir-birindən bir o qədər də fərqlənmir. Hər iki halda dil başqa bir dildən sözü olduğu kimi qəbul edir, ondan istifadə edir. Lakin burada fərqli cəhət də vardır. Sözalma əşya, predmet, hadisə və s. bildirən sözün alınıb işlədilməsini əhatə edir və istifadə dairəsi bir qədər genişdir. Terminalmada isə alınma termin müəyyən sahəyə aidliyi, sahə anlayışının ifadə edir və yalnız sahə mütəxəssislərinin dilində işləkdir. «Alınma termin heç
də hamı tərəfindən anlaşılıb başa düşülmür, ancaq mütəxəssislər tərəfindən qavranılır.» [4,s.134]
Lüğət tərkibinin zənginləşməsi yollarından biri kimi kənar dil elementlərinin təsiri dedikdə, dilin öz təbii inkişafı, daxili tələbatı ilə əlaqədar qəbul edilən alınmalar başa düşülməlidir. Sözün alınmasının əsas səbəblərindən biri onun ifadə etdiyi hadisə və əşyanın adının alan dildə olmamasıdır. Belə ki, əvvəl məlum olmayan predmet və hadisələrin adlandırılması zərurəti başqa dildən sözalmanın səbəbinə çevrilir. Qeyd olunduğu kimi, sözalma mürəkkəb diaxronik prosesdir.
Sözün dilə gəlməsi ilə dilin lüğət tərkibinə girməsi 3 pilləli hadisədir:
1. başqa dildən söz dilə gətirilir.
2. alınma sözün yeni dildə işləkliyi artır və onun geniş yayılması, daha doğrusu, ümumişlək leksik qata doğru istiqamətlənmiş hərəkərdə olması güclənir.
3. söz tam mənimsənilir, yeni dilin normalarına uyğunlaşır və dilin lüğət tərkibinə daxil olur.
Sözalma prosesi əcnəbi dil materialının yeni dil mühitinə uyğunlaşması kimi bir mürəkkəb proses olaraq alınma sözlərin yerli dildə möhkəmlənməsi, funksional cəhətdən işlək vahidə çevrilməsi üçün bir sıra şərtlərin yerinə yetirilməsi zəruridir. Alınma sözün yerli dilin fonetik və qrafik vasitələrinə uyğunlaşması, dilin qrammatik kateqoriyaları ilə alınma sözün söz yaradıcılığında fəallığı, alınma sözün semantik cəhətdən mənimsənilməsi, mənanın differensiallaşması, həmin
sözün yerli dildə müntəzəm işləkliyi kimi şərtlərin cəmidir. Sözün mənimsənilməsi mürəkkəb, çoxpilləli prosesdir. Bu prosesə intralinqvistik və ekstralinqvistik amillər təsir göstərir.
Ancaq dildəki alınmalar bəzən ehtiyacdan deyil, bir dilin başqasına təsirinin nəticəsində qəbul edilir. Dünya dilləri arasındakı söz mübadiləsi normal şəraitdə əsasən qonşu dillər arasında baş versə də, müstəmləkəçilik zamanında bir-birindən olduqca uzaq olan dillər arasında məcburi təsir formalaşmışdı. Bu zaman dominant dillərin digər dillərə olduqca böyük təsiri olmuşdur. Nəticədə dillərdəki alınma sözlər dilin özündə onun qarşılığı ola biləcək sözləri arxaikləşdirərək onları əvəz etmişdir.
"Dillərin tarixi əlaqələrini izləyərkən daha maraqlı məsələnin şahidi oluruq. Dillər bir-birinə iki siyasi səviyyədə təsir göstərmişdir: azad təsir və məcburi təsir.” [5,s.11]
Məcburi təsir milli dilin gücü çatmadığında həmin dili yox olmasına belə gətirib çıxardır. Buna görə də qarşılıqlı sözalmanın ən mühüm şərti ünsiyətdə olan dillərin rəsmi statusu və nüfüzluluğu sayılır, bu isə komunikativ funksiyaların həcmi, ədəbi ənənələrin qədimliyi, dil daşıyıcılarının sosial mövqeyi ilə müəyyən edilir.
Bir dilin başqa dillərdən söz almasının həm dil daxili, həm də dil xarici amilləri var. Azad təsir zamanı əsasən dildaxili amillər ön plana çıxır. M.E.Braqina bu səbəbləri aşağıdakı kimi qruplaşdırmışdı:
1) ana dilində yeni predmet və ya hadisənin adlandırılması üçün ekvivalent sözün olmaması;
2) ifadə olunan anlayışın üzvlənməməsinin ifadə edənin üzvlənməməsinə müvafiqliyi tendensiyası;
3) lüğət vahidlərinin kommunikativ dəqiqliyin artırılması və ya saxlanması tendensiyası;
4) müvafiq mənanın müfəssəlləşdirilməsi, bəzi məna çalarlarının başqa sözlər qoşaraq məhdudlaşdırılması tələbi;
5) ekspressivlik tendensiyası və s. [6,s.28]
"Ekstralinqvistik amillərin də sözalma prosesinə güclü təsiri hiss olunmaqdadır. Xalqların, eləcə də dillərin qarşılıqlı əlaqələri həm dili zənginləşdirən yollardan biri kimi maraq kəsb edir, həm də ümumiyyətlə, xalqların əlaqə və təsir dairəsini göstərir. Belə ki, alınma bir xalqın başqa xalqdan nəyi öyrəndiyini bildirir».
ƏDƏBİYYAT
Məhərrəmli Q. Mediada işlənən alınma sözlər. Bakı: Elm, 2009, 256 s.
Sadıqova S.A. Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi. Bakı: Elm, 2010, 243 s.
Xəlilova S. N. İnternasional terminlər. Bakı: Maarif, 1991,192 s.
Seyidov Y. Əsərləri. XV cilddə. I cild. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 628 s.
Abbasova B. Sözalma hadisəsinin əsasları. Bakı: Azərnəşr, 1995, 91 s.
Брагина М.Е. К вопросу о причинах лексического заимствования// Актуальные проблемы лексикологии. Минск: 1970. с28