Dinləri tənqid etməyək, şüuri anomaliyaların kökünü araşdıraq

Dinləri tənqid etməyək, şüuri anomaliyaların kökünü araşdıraq

19-08-2024 03:17 / Bu xəbər 1268 dəfə oxundu

Mete Türksoy

Bizim etməli olduğumuz dinləri tənqid etmək deyil. Bizim etməli olduğumuz hər hansı bir dinə və mifik inanca insanları, toplumları inandırmağa sövq edən şüuri anomaliyaların, zəifliklərin kökünü araşdırmaqdır. Çünki heç bir sağlam və yetkin şüuri, psixoloji durumu olan fərd hər hansı bir mifə inana bilməz. Üstəlik, fanatikliyin dərəcəsinin şiddəti ilə şüuri və psixoloji problemin dərinliyi də düz mütənasibdir...

Dini təfəkkürə qarşı dözümlü olmaq orta əsrlərdə hər hansı bir xəstəliyə həyatın bir norması kimi qəbul edərək göz yummaqla eynidir, eyni cəhalətin məhsuludur. Biz bu problemin nə olduğunu bilmədən öncə ən azından ilk mərhələdə bu problemin varlığını qəbul etməliyik.

Ən birincisi giriş tezisi isə bu olmalıdır ki, insanın şüur inkişafı daimi tərəqqidədir. Bu inkişaf periodu hər zaman bir öncəkindən daha da yüksəyə qalxır, nəticə etibarilə ətraf mühitin, özünün və ölümün fərqindəliyinə varan insan ilk etapda öz yalnızlığına və tragediyasına morfin təsiri yaradacaq mifləri yaratmalı idi. Çünki həm acılarla, əziyyətlərlə yoğrulmuş, həm də sonunda ölüm olan avtomatik nihilistik nevrozları tətikləyən bir həyat heç bir morfin qatqısı olmadan saf halı ilə qəbul edilə bilməzdi. 

Digər yandan şüur inkişafı kütləvi olduğu qədər də, əslində ən dəqiq riyazi anlamında fərdidir, yəni sən fərd olaraq bütün bu morfin zəncirlərinin fərqinə vararkən digəri hələ də morfinun təsirindən əqli uyuşmalarla yaşamaqdadır.

Dini təfəkkür dediyim şey isə təbii ki, sadəcə hər hansı bir dinə inanmaqla məhdudlaşmır. Ümumən, bu təfəkkür  məhfumu olduğundan, əlbəttə, özünü basqa şeylərdə də göstərir. Dini təfəkkür dediyim şeyi digər adla poetik təfəkkür olaraq adlandıra bilərəm. 

Poetik təfəkkür isə həyatı rasional mənalandırma ilə deyil, daha mifik təxəyyülün imkanları daxilində şərh etməyə imkan verir. Biz bu mifik təfəkkürün ən bariz və ilkin örnəklərini insanın mədəni təkamül tarixini araşdırdığımız zaman görə bilirik. 

Məsələn, bu sahə üzrə maraqlanan hər kəsin bildiyi kimi ilk insan qrupları təbiət hadisələrini mənalandırmaq, şərh etmək ehtiyaclarını mifik təxəyyülün imkanları vasitəsi ilə həyata keçirmişlər. 

Onlar ildırımı, quraqlığı, selləri, şiddətli soyuqları, yaxud istiləri və s. hansısa bir tanrının qəzəbi kimi qiymətləndirərək ona qurbanlar verməklə tanrı ilə barışığa gəlməyə çalışmışlar. 

Bu kollektiv yanaşma özünü Orta Şərq dinlərinin kökü olan yəhudiliyin ilkin yaranış formasında da İbrahimin qəzəblənmiş və yəhudi toplumunu cəzalandıran tanrı ilə 10 əmrdən ibraət əhd bağlamasında da göstərmişdir. 

Dinlərin təkamülünü bir tarixi proses kimi götürüb incələdiyimizdə insan şüurunun hansı ölçüdə və necə bu mifoloji hekayələri, mənalandırmaları uydurduqlarını və dinlərin hekayə və mif baxımından necə bir-biri ilə bağlı olduqlarını görə bilərsiniz. 

Burada əsas məsələ budur ki, insan şüuru anidən bu hala gəlib çatmayıb, yaxud indi olduğu hal da onun ən inkişaf etmiş halı deyil, inkişaf davam etməkdədir. 

Sadəcə, insan şüuru digər canlılardan fərqli olaraq ortalama üstünlüyə keçid etdiyi zaman özfərqindəlik yarandı, nəticədə ətraf mühiti dərk edən insan beynin işləmə prinsiplərindən irəli gələrək fərqinə vardıqlarını mənalandırmağa başladı, anlamadığı şeylərdə boşluqları hansısa təxəyyül məhsulları ilə dolduraraq ağlın inkişaf mərhələsinin yan təsiri kimi təfəkkür anomaliyaları ilə üzləşdi.

Nəticədə dünyanın ilkin şərhi olan metafizika, miflər yaranmağa başladı, zamanla isə bu miflər daha da sistematik hala gələrək bugünkü dinlərin yaranmasının əsasını qoydu.
 
Ətraflı oxu üçün ədəbiyyat təklifi:
1. Karen Armstrong – "Mifin qısa tarixi"
2. Karen Armstrong – "Tanrının tarixi"
3. Sigmund Freud – "Dinlərin kökləri"
4. Muazzez İlmiye Çığ – "Quran, İncil və Tövratın Şumerdəki kökləri"
5. Robert Graves – "Yunan mifologiyası"
6. Tzvi Abusch – "Antik Orta Şərq mifologiyası"
7. Robert Wright – "Tanrın təkamülü"

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir və "Arqument.az" mövqeyi ilə üst-üstə düşməyə bilər...