Donald Tramp ABŞ-nin 47-ci Prezidenti seçildiyini elan etdi
06-11-2024 14:56 / Bu xəbər 389 dəfə oxundu
Demokratlar Partiyası seçki ilə bağlı hələ reaksiya verməyib
Donald Tramp ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib.
Respublikaçı namizəd noyabrın 6-da Floridada tərəfdarları qarşısında çıxışı zamanı deyib.
O, seçkidə "möhtəşəm qələbə” qazandığını bildirib.
"Amerika bizə görünməmiş və güclü bir mandat verdi”, – deyə Tramp əlavə edib.
Donald Tramp respublikaçıların Senatda da çoxluq əldə etdiklərini deyib.
Həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson da Donald Trampın dövlət başçısı seçildiyini bildirib.
Mayk Conson bu barədə "X" (Twitter) səhifəsində yazıb: "Donald Tramp indi bizim seçilmiş Prezidentimizdir. Konqresdəki Respublikaçılar Trampla onun "Öncə Amerika” proqramını həyata keçirmək üçün işləməyə hazırdırlar”.
Donald Trampın rəqibi Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris də hələ bu açıqlamaya reaksiya verməyib.
1946-cı ildə Nyu-Yorkun Kuins şəhərində anadan olan Donald Tramp ata tərəfindən baba və nənəsi alman immiqrantları, ana tərəfdən isə şotlanddır.
Donald Tramp 1968-ci ildə Pensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb.
1971-ci ildə atası tərəfindən daşınmaz əmlak biznesinin prezidenti təyin edilib.
O, sonradan bu şirkətin adını "The Trump Organization” olaraq dəyişdirib.
Donald Tramp 2004–2015-ci illərdə efirlərə çıxan biznes realiti şousu "The Apprentice”-nin istehsalını və aparıcılığını edib.
Donald Tramp 4000-dən çox məhkəmə işində iştirak edib, onun müəssisələri altı dəfə iflas edib.
Respublikaçılar Partiyasının namizədi kimi Donald Tramp 2016-cı ildə keçirilən prezident seçkilərində rəqibi demokrat Hillari Klintona qalib gəlib. Amma 2020-ci il seçkilərində təkrar namizəd olsa da, rəqibi Co Baydenə məğlub olub.
D.Tramp xarici siyasət məsələlərinə qarışmamağı üstün tutur.
O, mühafizəkarlığın təbliğinə önəm verir.
Tramp 2016-cı ilin yanvarında Prezident vəzifəsinin icrasına başladıqdan sonra yeddi müsəlman ölkəsindən olan vətəndaşların ABŞ-yə gəlişinə müvəqqəti qadağa qoyan miqrasiya sərəncamı imzalamışdı.
Noyabrın 5-də ABŞ Konqresinə və Senatına seçkilər baş tutub.
Hər iki ildən bir Nümayəndələr Palatasınıdakı 435 yerin hər biri və Senatdakı 100 yerin üçdə biri uğrunda seçkilər keçirilir.