Donuz əti və araq

Donuz əti və araq

09-07-2024 18:41 / Bu xəbər 2141 dəfə oxundu

Əbil Həsənov

Şəriət qaydalarına görə,  müsəlmanlara donuz əti kimi spirtli içki də haramdı. Donuz ətini böyüklərimiz yeyə bilməz, uşaqlara da qadağan edirdilər. Fəqət niyəsə böyüklərimiz spirtli içki  qadağasına əməl etmirlər. Mən də bilmirəm niyə. Soruşacqsınız ki, nəyi!?

- Həə deyim, siz də bilin. Nə hoqqadırsa bu spirtli içki ləzzətli bir zaddır. Zad dedim yadıma şey düşdü. Getmişdim Tanya xalagilə. Siz Tanya xalanı tanıyırsınız? Haradan tanıyacaqsınız?! Tanya xala mənim uşaqlığımdan çırpışdırdığım çox maraqlı bir adamdır. Adam deyirəm ha sizə, əli-ayağı düz, əyriliyi olmaz. Dili yalana yürüməz. Belə əməlli başlı adam kimi adamdır. Başlayım?
- Uşaqlıqda başıma gələn əhvalatı deyirəm.   

Gün o gün idi ki, Tanya  xala məni çağırdı. Dedi - "Get bizə çörək al". Gün o gün idi ki, isti göydən təpəmizə şığıyırdı. Futbol oynamaqdan gəlirdim. Nəfəsim təntimişdi. Aclıq da bir tərəfdən təntidirdi məni. Bilirsiniz nə fikirləşirdim? İsti çörəyin arasında şor nə gedər?! 
- Hara?
- Qarnıma! Bəh, bəh, bəh! Elə bu dəm Tanya xala yenə səsləndi:  
- Gəl da, get, mənə çörək al, gətir! 

Süfrələrimizdən spirtli içkilər əskik olmazdı. Qadağa nə qədər güclü olsa da donuz ətini nuş eləmək istəyi də bir o qədər güclü olardı. Bir neçə dəfə donuz əti və donuz ətindən hazırlanmış kolbasa yeməyə imkanım olsa da, böyüklərin qorxusundan bunu edə bilmirdim. 

İndi sizə o məşəqətli gündən danışacağam. Qonşumuz Tanya xalanın qızartdığı donuz ətinin qoxusu ətrafa yayılanda ürəyimdə donuz əti yemək istəyi keçdi. Tanya xala Borya dayı ilə birlikdə yaşayırdılar. Əsilləri Ukraynadandı. 

Hər ikisini valideyinləri ikinci dünya müharibəsində öldürülmüşdü. Yetim Tanya və Borya  Bakıda uşaq evində böyümüşdülər. Tale elə gətirmişdi ki, bu ikili elə Bakıdaca ailə qurub, bu şəhərdə yaşamağa başlamışdılar. 

Tanya xala xəstəxanada tibb bacısı, Borya dayı isə zavodda elektrik işləyirdi. Uşaqları Ukraynada yaşadıqları üçün Tanya xala məni  tez-tez çağırıb, dükana ya da, bazara göndərirdi. Demək olar ki, günümün çox hissəsi onlarda keçirdi. 

Evimizdəki elektrik cihazları, mətbəxdə və hamamda su kranları xarab olanda  onları Borya dayı təmir edirdi. Özü də təmənnasız. Bir sözlə mehriban qonşulardıq. Atamla Borya dayı gah biz də, gah da ki, onlarda süfrə arxasında oturar və araq içərdilər. 

Atam araq içməsinə baxmayaraq donuz əti yeməzdi. Bir dəfə evə gəlirdim. Tanya  xalanın qızartdığı donuz  ətinin qoxusu ətrafa yayılmışdı. Ac olduğum üçün qızardılmış donuz ətinin qoxusu məni məst elədi. Elə bu dəm Tanya xala məni çağıraraq  çörək almaq üçün dükana  göndərdi. Mən çörəyi alıb onlara gələndə masanın üstündə kartofla birlikdə qızardılmış donuz əti, xüsusi ədviyyatla hazırlanmış donuz piyi tamahıma gəl-gəl, dedi. Məni yeməyə dəvət etdilər.  

Mən süfrə arxasına keçib, oturdum. Süfrədəkli qızardılmış donuz ətinə həsrətlə baxdığımı görən Tanya xala mənim də qabıma qızardılmış kartof və donuz əti qoydu. Onsuz da heç kim bilməyəcəkdi deyə masanın üstündəki donuz ətindən hazırlanmış ədviyyatlanmış donuz piyindən də ləzzətlə yeyirdim ki, bu zaman  gözlənilmədən içəri daxil olan atam gətirdiyi bir şüşə arağı masanın üstünə qoydu.

 Əvvəl fikir verməsə də, qəfil ağlı kəsdi ki, mən donuz əti yeyirəm. Birdən qəzəblə mənim qabağımdakı ətlə dolu boşqaba baxdı. Qorxumdan udduğum tikə boğazımda düyünləndi. Ancaq mən qorxduğumu hiss etdirmədim. Kirimişcə  evə gəlib heç kimə heç nə demədən atamın qayıtmasını,  cəzalandırılmağımı gözlədim. Çox keçmədi ki, atam evə gəldi. Onun gəlişiylə bərabər araq iyi evə yayıldı. Ayaq üstə güclə dururdu. Dili topuq vura-vura məni yanına çağıraraq –"Ə.ə.ə, Əclaf sən bilmirsən ki, donuz əti yeməyi dinimiz qadağan edib?”-  deyib,  üz-gözümü yumruqladı. 

Bu zərbələrin təsirindən elə bildim ki, Borya dayı gildə yediyim donuz əti qana dönərək ağzımdan, burnumdan axıb sinəmə tökülürdü. 

- Birtəhər nənəm məni atamın əlindən alıb, - dedi: "Bax, oğlum özün də bilirsən ki, donuz ətini yeməsəydin atan səni döyməzdi”. 

Mən sual dolu nəzərlərlə atamı göstərərək nənəmin gözlərinə baxıb dedim: 

- Nənə, bəs araq haram deyil? 

Səhəri gün Tanya xala bizə gələndə mənim sifətimdəki göyərmiş yerləri gördü. Yazıq-yazıq üzümə baxıb dilləndi: 
- Bağışla oğlum, belə olacağını gözləmirdim...

O gün, bu gün, mən hər dəfə donuz ətini görəndə əlimi üzümə tuturam. 

O məşum günü xatırlayıb, fikirə gedirəm. Bilirsiniz nə fikirləşirəm,  günah donuzda idi yoxsa araqda?