Dostumuz bizim düşmənimizdir

Dostumuz bizim düşmənimizdir

10-03-2021 13:16 / Bu xəbər 2104 dəfə oxundu

Ənnağı Hacıbəyli

Hamının sevimlisi olan, hamının zarafatlaşdığı bir qubalı tələbə yoldaşımız vardı. Gözləmədiyi yerdən və anda zarafat zərbəsi alanda deyərdi: "Dustumuz bizim düşmənimizdir”.

Cəbhəçi Ayaz Məhərrəmli ölkədə müxalifətin olmamasından və ya zəif olmasından şikayətlənənlərə normal bir irad bildirib. Sarı Sarıyev ad-soyadlı cəbhəçi onun statusuna belə bir şərh yazıb: "Müxalifət zəifdir deyənlərin əksəriyyətinin başı hökumətin qoltuğunun altından çıxır. Yerdə qalan cahillər isə təbliğata düşənlərdir ki, onlar da diriykən ölülərdir”.

Deməli, sən zəif müxalifətə zəif deyirsənsə, ya satılmısan, ya cahilsən, ya da ölmüsən, sənə xəbər verməyiblər. Fikir verirsinizmi, "əksəriyyət”, "yerdə qalanlar”, əslində yerdə heç nə qalmır. 

Görünür, partiyalarda siyasi məsələlər üzrə müavin, yəni "politruk” ştatına ehtiyac var. Belə olsaydı, o adam partiya üzvlərinə izah edərdi ki, belə statuslarla ancaq düşmən, ən yaxşı halda təəssüfkeş qazanmaq olar. Siyasi partiyanın başlıca məqsədi hakimiyyət uğrunda mübarizədir, bu yolun uğurunun başlıca təminatçısı isə çoxlu tərəfdar qazanmaqdır. 

Fikir verirsinizmi, üzvlər demədim, tərəfdar dedim. Azərbaycan kimi avtoritar, repressiv rejim şəraitində üzvlərdən çox tərəfdar qazanmaq daha ağıllı və perspektivli siyasət ola bilər. 

Üzvlərdən fərqli olaraq tərəfdar potensial, gözə görünməyən, hakimiyyət böhranı şəraitində ortaya çıxıb həlledici faktora çevrilən qüvvədir. Amma partiya fəalı müxalifətə zəif deyən milyonların hamısına "satılmış”,  "cahil”, "ölü” damğası vurursa, o, partiyanı həmin milyonlardan məhrum edir.

Futbolda "çistilşik” deyilən oyun tərzi olan oyunçu olur. Bu adam başqalarının səhvlərini düzəltməklə, özünü zərbə qabağına verməklə məşğul olur. ReAl-da bu funksiyanı Natiq Cəfərli üzərinə götürüb. Partiyaya qarşı haqlı-haqsız tənqidlərə, sözün gerçək anlamında sinə gərərək hamıya cavab verməyə çalışır. Çox vaxt alınır. Yetərincə erudisiyalı iqtisadçı-siyasətçi üçün təbii ki, bu, çətin iş deyil. Amma bəzən Natiq bəy dozanı aşır, mahiyyətcə normal irada aqressiv cavab verir, REAL-ın tənqidçilərini bloklayır və s.

Bu yaxınlarda jurnalist Rövşən Əliyev ReAl-la bağlı bir status paylaşmışdı: "…bir nəfər olmasaydı, Qafqazın ən böyek partiyası Real ola bilərdi. Daha doğrusu, Erkin Qədirlini ordan uzaqlaşdıra bilsəydilər. Təsəvvür edin, böyük iddialarla ortaya çıxırsan, cümhuriyyət qurmaq istəyirsən. Arxanda xeyli keyfiyyətli gənc qüvvə var. 

Qaçmasan, orta təbəqə də yardım edəcək. Seçkiyə bir il qalmış həmin partiyadan biri başlayır Bakı-Avropa reysi üzrə "Hazır deyilik, bacarmarıq” kampaniyası aparmağa. İlqar Məmmədov siyasətçi olsaydı, onu anındaca kəsib atardı. İndi Real bir nəfərlik partiyaya çevrilib. 

Rövşən Əliyevi "Azadlıq”dan tanıyıram. Deyirdilər ki, çox istedadlı jurnalistdir, amma bir qədər əti acı adamdır. O vaxt da, sonralar da çoxsaylı dərin analitik yazılarını oxumuşam. 

Bu statusda mübahisəli məqamlar olsa da, əslində normal subyektiv fakir sayıla bilər. Ona görə də Natiq bəyin "bu mənasız və axmaq yazını bəyənənləri dostluqdan sildim… Özünü bilən, ağıllı göstərməyə çalışmaq ayıbdır…Erkin elə təbliğat aparmayıb, müsahibə verib və düz deyib… Erkinin etdiyinin 10000-də birini etmədən ağzına gələni danışmaq əbləhlikdir… və s.”

Azər bəy olayından sonra ReAl real üzvlərini itirə-itirə gedir. Belə cavablarla daha çox adam partiyadan üz döndərir. Yenə də tərəfdaş itkisi. 

"Erkin elə təbliğat aparmayıb, müsahibə verib və nə deyib düz deyib” cavab deyil.  

"Erkinin etdiyinin 10000-də birini etmədən ağzına gələni danışmaq əbləhlikdir” isə heç cavab deyil. Birinci, müsahibə vermək təbliğat aparmaq deyilmi? İkinci, tutaq ki, mən heç nə etməmişəm, bu, məni fikir azadlığından məhrum edirmi? 

ReAl-da ən çox tənqid olunan Erkin müəllimdir. Bilirsinizmi niyə? Çünki toplumun ondan gözləntisi böyük idi. "Uman yerdən küsərlər” – bu, mübahisəsiz həqiqətdir. 

Erkin müəllim bir dövlətin ideoloqu ola bilərdi. O, ölkənin ən böyük hüquq filosofu ola bilərdi. O, bir mandata sığan adam deyildi. PeAl onu saxta seçkilərin kiçik uğur qurbanına çevirdi. Onun millət vəkili kimi etdikləri və edəcəklərini onun potensialı ilə müqayisə edin, artıq heç nə gərək deyil.

Siyasətçi tənqidlərə cavab verməlidir, tənqidin qərəzli olduğunu arqumentlərlə sübut etməlidir. Ancaq o halda konstruktiv olmaq, tənqidçini də buna yönəltmək olar. Üstəlik, qazanc (tərəfdar) da əldə etmək olar.

İlqar Məmmədov siyasətçidir. Saakaşvili yolu, ya başqası, öz yölunu gedir. Bu yolun düzü də onundur, səhvi də. Amma ona qiymət vermək haqqı toplumundur və bu haqqa əngəl olmaq cümhuriyyət yolu deyil. 

Hakimiyyət kimsənin ağzını yuma bilmir. Zəif müxalifət partiyaları bunu heç bacarmaz və buna cəhd ən böyük yanlışdır. Natiq bəyin dostluqdan çıxardığı adamlar sağ-salamatdırlar və yeri gələndə seçkilərdə fəal elektorat kimi zühur edəcəklər.

Müxalifətin zəifliyinin üç günahkarı var: hakimiyyət, müxalifət və öz taleyinə laqeyd xalq. Amma üçüncünün də günahkarı birinci iki qüvvədir. Əkrəm Əylisli "Elçibəyə sizdən nə deyim” sualına belə cavab vermişdi: "Deyin ki, hakimiyyətə gəlmək istəyirsə, öncə özünə xalq yaratsın, bu xalq H.Əliyevin xalqıdır”.

Əslində bu xalq hamımızın xalqıdır, sadəcə ona sahib çıxmaq gərəkdir. Onu itirmək xalqsız qalmaqdır. Xalqsız müxalifət isə özü də sahibsiz və sabahı olmayan qüvvədir. 

P.S. AXCP və ReAl simvolikadır, heç bir müxalifət partiyası bu yazının xaricində deyil. Təəssüf ki…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.