DTX və Baş Prokurorluq İldırımzadələrin bankında əməliyyat keçirib

DTX və Baş Prokurorluq İldırımzadələrin bankında əməliyyat keçirib

16-03-2020 21:50 / Bu xəbər 2392 dəfə oxundu

"Amrahbank”ın əməkdaşlarının qanunsuzluqda iştirak edib-etməmələri araşdırılır 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq martın 14-də "Amrahbank” ASC-nin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Azadlıq” filialının inzibati binasında əməliyyat keçiriblər.

Bu barədə DTX və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda deyilir ki, daxil olmuş əməliyyat məlumatları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən martrın 13-də həyata keçirilmiş birgə operativ əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən "Amrahbank” ASC-nin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Azadlıq” filialının inzibati binasında icarəyə götürdükləri otaqda qanunsuz olaraq valyuta mübadilə əməliyyatlarının aparıldığı müəyyən edilib.

"Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq filial rəhbərinin razılığı ilə qeyd edilən ünvana keçirilmiş baxış zamanı bankın kassasından kənar şəkildə qanunsuz mübadilə fəaliyyətində istifadə olunan ümumilikdə 697 min ABŞ dolları, 345 min manat, 85 min avro, 280 funt sterlinq, 10 milyon Rus rublu, 19 min Türk lirəsi, 7 min BƏƏ dirhəmi, 3 min Səudiyyə Ərəbistanı realı və digər xarici ölkə valyutası, eləcə də qara mühasibatlıqda istifadə olunmaqla dövriyyə ilə əlaqədar əlyazma qeydlərinin aparıldığı kitabça aşkar edilərək maddi sübut kimi götürülüb", - rəsmi açıqlamada deyilir.

Əməliyyat zamanı üç şəxsin saxlanıldığı bildirilir: "İlkin araşdırmalarla həmin bankın işçiləri olmayan Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadənin qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) almadan qanunsuz olaraq valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmalarına və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı ilə əlaqədar Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan külli miqdarda gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Açıqlamada deyilir ki, istintaqın gedişində "Amrahbank” ASC-nin "Azadlıq” filialının əməkdaşlarının qeyd edilən qanunsuz hərəkətlərin törədilməsində iştirak edib-etməmələrinin Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisləri tərəfindən araşdırılması təmin ediləcək: "Belə qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur. Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan neqativ halların müəyyən edilərək aradan qaldırılması, bu sahədə baş verən qanun pozuntularının qarşısının alınması məqsədilə birgə zəruri qabaqlayıcı tədbirlər davam etdirilir".

Qeyd edək ki, "Amrahbank"ın ASC-nin Müşahidə Şurasının sədri Xətai rayon prokuroru, Baş ədliyyə müşaviri Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadədir. 

Bankın Müşahidə Şurası sədrinin problemli kreditlər üzrə müşaviri də onun oğlu Ülvi İldırımzadədir. Mediada yayılan məlumatlara görə bank İldırımzadələrə məxsusdur.