Dözülməz iztiraba çevrilən həsrət
05-08-2024 16:31 / Bu xəbər 1480 dəfə oxundu
Günel İbrahimova
(Hekayə)
Hər yarışdan qələbə ilə dönməyi onda özünə inamı daha da artırırdı. Sanki uğurla sehirlənmişdi. Oyundan əvvəl uğur qazanacağına əmin idi. Qonşunun qızı Gülnaz onun yarışlarını səbirsizliklə gözləyər, oyun günü anasından güclə izn alar, məhəllənin uşaqlarına qoşularaq ona azarkeşlik etməyə gedərdi. Oyun boyunca baxışları onu izləyər, gözlərini isə ondan ayırmazdı.
O çox yaraşıqlı bir gənc idi. Aralarında cüzi yaş fərq vardı. Tək o yox, küçənin bütün qızları Gülnaz kimi ona heyran idilər. Axı necə heyran olmayasan ki?! Dəniz mavisi gözləri, günəşin qızılından boyanmış qıvırcıq sarı saçları, hündür boyu, idmançılar kimi əzələli vücudu, özünə inamlı yerişi, motosiklet üzərində dik oturuşu....eh...saymaqla bitməz ki...
Gülnaz ona qarşı olan hisslərinin adını düz-əməlli başlı anlamırdı. Onun da qıza qarşı hissləri varmış sən demə. Bir gün axşamüstü küçədə qızlarla oynayarkən anidən yanına gəldi, utancaq bir halda əlindəki kağız parçasını Gülnaza verərək iti addımlarla uzaqlaşdı. Gülnaz bir anlıq heykəl kimi donub qaldı.
Daha sonra qızların gülüş səslərinə səksəndi:
- Ay qız nə oldu sənə, özünə gəl... Aç görək, Kostas sənə nə yazıb?
Gülnaz nə edəcəyini bilməyib, çaşqın bir şəkildə kağızı şalvarının cibinə dürtüb həyətə qaçdı. Qapıdan girən kimi kiçik təndirxananın altında stula çökdü. Əlləri əsə-əsə kağızı açdı. Kağızın tam ortasında səliqəli bir xətlə bu cümlə yazılmışdı: "Gülnaz, mən səni sevirəm".
Cümləni təkrar-təkrar bir neçə dəfə oxudu. Həyəcan və sevincdən gözləri doldu. Allahım, demək ki, hisslərim qarşılıqsız deyilmiş. O da məni sevirmiş.
Qəribə hisslər içərisində idi. Aman Allah, indi necə olacaq? İlk kimlə paylaşım bu sevincimi? Anama desəm, məni çox döyəcək, hətta küçəyə belə qoymayacaq. Qadağan edəcək mənə hər şeyi. Mən də onu bir də görə bilməyəcəyəm. Bəlkə də, məni görməsə, yadından çıxacağam?! Unudacaq məni, başqa məhəllə qızları onu əlimdən alacaqlar. Onsuz da hamısı mənim kimi ona aşiqdirlər.
Bir anda beynində o qədər fikir dolandı ki, axırda hələlik bir müddət bu hadisəni sirr kimi saxlamağa qərar verdi. Ayağa durub aldığı ilk sevgi məktubunun həyəcanını evdəkilərə hiss etdirmədən otağına qaçdı. Həmin gün küçəyə də çıxmadı.
Hər gün demək olar ki, Kostası küçədə görürdü, amma görüşmək, söhbət etmək imkanları olmurdu. Əslində buna heç can da atmırdılar. Küçədə qonşu uşaqlardan bir neçəsinin doğum günündə bir-iki dəfə rəqs etmək imkanları olmuşdu sadəcə. Bununla kifayətlənmişdilər. Bu bəs etmişdi onlara, gizli sevgilərini ölümsüzləşdirməyə. Yaşlarının azlığı onlara birlikdə olmaqlarına böyük maneə törədirdi.
Sevgilərini gizli saxlamağa çalışsalar da, qonşuların çoxu sezmişdi bu sevgini. Amma davranışları, təmkinləri hər kəsdə bu sevgiyə etiraz yerinə anlayış və mərhəmət yaratmışdı. Beləcə illər yel qanadı ilə uçub gedərkən, nə az, nə çox üç ili bitirmişdi sevgililər. Amma bu üç ildə sevgilərindən əllərində olan ilk sevgi məktubları, bir neçə doğum günündə etdikləri bir-iki rəqs və məsum sevgiləri idi, sadəcə.
Kostasın ailəsi erməni-rum tayfalarının köçü zamanı bura gəlmişdi. Siyasi qarışıqlıqlara qarşı dirənməyə çox çalışmışdılar zamanında. Amma daha mümkün olmadığını görüncə bir gecə sakit-səssiz tərk etdilər evlərini. Sabah oyanınca sevdiyini görmək ümidilə küçəyə qaçan Gülnazın dünyası başına yıxıldı. Gördüyü mənzərə onun şoka salmışdı. Qapı-qapı dolaşıb yoxlanış aparan dövlət məmurları israrla qonşulardan Kostasgilin harada gizləndiyini soruşurdular. Gülnaz qəfil kabus gördüyünü düşündü, toplaşanlara yaxınlaşıb nə baş verdiyini soruşdu.
Qonşu Nəsibə xala Kostasgilin gecə ilə köçməyə məcbur qaldığını dedi. Dünyası qaraldı Gülnazın. Dili söz tutmadı, ayaqlarının bağı qopdu elə bil. Yerə çökdü. İndi necə olacaqdı? Sevdiyini necə görəcək, haradan, kimdən xəbər alacaqdı onu? Beynində milyon cavabsız sualla evə qayıtdı. Çörəksiz qayıtdığını görən anası dilləndi:
- Gülnaz, çörək hanı, bəs niyə çörəksiz qayıtdın? Dükan açılmayıb hələ? Yoxsa çörək gəlməyib? Axı indiyə qədər çoxdan gətirilmiş olmalıdır.
Gülnazdan cavab gəlməyincə anası onun otağına getdi.
- Gülnaz, çörək hanı, bəs niyə çörəksiz qayıtdın? Dükan açılmayıb hələ? Yoxsa çörək gəlməyib? Axı indiyə qədər çoxdan gətirilmiş olmalıdır.
Gülnazdan cavab gəlməyincə anası onun otağına getdi.
Gülnazın üzüaşağı yatağına uzanıb hönkürtü ilə ağladığını görüncə əvvəl nə olduğunu soruşmaq istədi, sonra qərarından dönüb küçəyə çıxdı ki, gedib özü alsın çörəyi, həm də aydınlaşdırsın görək, nə baş verib... Çölə çıxınca toplananlardan nə baş verdiyini öyrəndi, məsələ aydın oldu. Anası da hamı kimi hiss etmişdi Kostasa qarşı qızının hisslərinin olduğunu. Amma onu ciddiyə almamışdı. Düşünürdü ki, hələ uşaqdılar, gün gələcək bu uşaqca davranışdan əl çəkib hərəsi öz yoluna gedəcək.
Günlər keçir, Gülnaz vaxtsız xəzana düşmüş çiçək kimi saralıb-solurdu. Yemək yemir, hər kəsdən qaçır, otağından çıxmır, ağlayır, özünə qapanırdı. Vəziyyəti belə görüncə məsələni Gülnazın atasına danışmağa qərar verdi. Əlacsız qalan ata-ana qızlarının özünü məhv etməsini çarəsizcə izləyirdilər.
Yeni-yeni toparlanmağa çalışan Gülnaz arada anası ilə ev-eşiyi təmizləyirdi. Bir gün nahara yaxın anası Gülnaza süfrəni hazırlamağı tapşırdı.
- Atan gələcək indi, sən süfrəni hazırla, qalan işi mən yekunlaşdırım, - dedi.
- Atan gələcək indi, sən süfrəni hazırla, qalan işi mən yekunlaşdırım, - dedi.
Gülnaz anasından görüb öyrənmiş olduğu qaydada süfrə açır, hər şeyi hazır edir. Nahara əyləşirlər. Yemək bitincə Gülnaz süfrəni toplamağa başladı. Gözü atasına sataşdı. Hiss etdi ki, atası nəsə sözlü adama oxşayır. Amma sanki necə deyəcəyini bilmir. Araya çökən sükutu Gülnazın anasının sorğu-sualı pozdu:
- Nəsə olub, niyə kefsizsən, Adil? İşdə nəsə sıxıntı var?
- Yox, şükür Allaha işdə hər şey yolundadı. Həmişəki işdir.
- Bəs niyə bikefsən?
- Heç. Canım sıxılır bir az.
- Niyə? Nə olub yenə?
- Qonşu Kamillə rastlaşdım işdən gələndə.
- Aha.. Nə dedi ki?
- Dedi ki, Kostas motosiklet qəzası keçirib, ölüb dünən gecə.
- Nə? Sən nə danışırsan? Heyf... Cavan bala...
- Gülnazın dünyası ikinci dəfə başına yıxıldı. Gözləri qaraldı, bədənini soyuq tər basdı. Elə hiss etdi ki, ürəyi dayandı, nəfəs almaq istədi, amma nəfəsi kəsildi. Əlindəki qablar yerə töküldü. Qışqırıb ağlamaq istədi, amma səsi çıxmadı.
Gözlərini açanda ürək dərmanı karvalol qoxulu bir otaqda, qollarında sistem şlanqları, başının üstündə ata-anası, iki tibb bacısı vardı.
- Hardayam mən? - deyə sual edib qalxmaq istədi.
- Qəti tərpənmə, sənə tərpənmək olmaz, təkrar yıxılarsan, - deyə tibb bacısı onu sakitləşdirməyə çalışdı.
Anladı ki, bir az əvvəl duyduqları gerçək imiş, yuxu deyilmiş. Bədəni elə uyuşmuşdu ki, əllərini, qollarını hiss etmirdi. Tərpənə bilmirdi. Ağlamaq istəsə də, boğazı düyünlənmişdi. Sadəcə, gözlərindən az qala dolu kimi yaş süzülürdü səssiz-səmirsiz.
Arzuları heçə dönmüş, bir gün Kostasla görüşə biləcəyinə, qovuşmağa olan ümidi əlindən alınmışdı. Bundan sonra yaşamaq ona mənasız gəlirdi. Onu o qədər çox sevmişdi ki, bir daha kimisə sevə biləcəyi, həyata tutunmağı bacaracağına iynə ucu boyda olsa belə ümidi yox idi...
Həyat davam edirdi o istəsə də, istəməsə də. Gülnaz məktəbi bitirdi. Ali məktəbə daxil oldu. Amma hələ də bu günə kimi sevgi adlı kitabı açmamışdı Kostasdan sonra. Bu illər ona zindan kimi keçmişdi. O qədər müalicələr, psixoloqlar, travmatoloqlar, xəstəxanalar gəzmişdi ki, sanki həyat ancaq bu labirintdən ibarət bir məfhummuş kimi gəlirdi ona.
Günün birində bir tanışının vasitəsilə İbrahim adlı bir oğlanla tanış oldu. İbrahim mədəni, savadlı, ağıllı bir insan idi. Özü də təyyarədə bələdçi idi. Onunla söhbət etmək, zaman keçirmək Gülnaza yaxşı təsir edirdi. Gülnaz özü də bunun fərqində idi.
İbrahimin Gülnaza olan yaxınlığı ona qarşı sevgi hisslərinə çevrilmişdi. İbrahimdən fərqli olaraq Gülnaz öz hisslərinin sevgi olmadığından çox əmin idi. İbrahim Gülnazla hər sirrini, problemini, sevincini rahatca paylaşırdı, eləcə də Gülnaz da onunla...
Hisslərini Gülnaza açmağa qərar verdiyində də Gülnaz ona qarşı hər zaman olduğu kimi səmimi, dürüstcə hələ də Kostası sevdiyini, ürəyində onu yaşatdığını, ölüncə də bunun belə davam edəcəyini demişdi.
İbrahimin təkidi və israrı ilə Gülnaz öz peşəsi üzrə mühasib işləməmiş, təyyarə bələdçisi olmuşdu. Demək olar ki, günlərinin çoxunu birgə keçirincə İbrahim Gülnazsız bir həyatın mümkünsüz olduğunu anlamış, Gülnazın hisslərinə hörmətlə yanaşdığını, onu hər zaman anlayışla qarşılayacağını demiş, ailə qurmağa razı salmışdı.
Beləcə İbrahimlə ürəyində Kostasa ölməz sevgisini yaşatmağa davam edərək ailə quran Gülnazın onüçillik ailə həyatından iki qız övladı dünyaya gəlmişdi. On üç il sonra bəzi səbəblərdən İbrahimlə boşanıb, iki qızı ilə yaşayırdı, amma yenə də təyyarə bələdçiliyinə davam edirdi.
Gülnaz nədənsə gecədən xeyli keçənə qədər yata bilmirdi. Ürəyi durmadan bərk çırpınırdı. Sanki indi dayanacaq, bir daha döyünməyəcək... Sabah erkəndən işə gəldi, yuxusuzluqdan şişmiş gözlərindən yorğun olduğu hiss olunurdu. Əynini dəyişib otaqdan çıxanda iş yoldaşı Ayselin təlaş işində onu axtardığını gördü.
- Sabahın xeyir, nə olub ay qız, bir nəfəs al, niyə belə səbirsizsən?
- Hər vaxtın xeyir, şükür ki, səni görə bildim. Ay qız, bilmirsən mən anadangəlmə səbrsizəm?
- Elə bil, dünyanın sonudur, az qala qızları öldürəcəkdin. Bir səbrlə dinləmirsən ki, yazıqlar sənə cavab versin.
- Aysel həmişəki kimi qəhqəhə ilə gülüb əli ilə Gülnazın çiyninə vurdu.
- Əşi boş ver sən onları. Qulaq as, bizim uşaq xidmətdədir bilirsən. Ona bir az sovqat hazırlamışam. Amma göndərməkdə çətinlik çəkirəm. Bilirsən, uşağa da demişəm, sənə sovqat göndərəcəm. Olar ki, çatmaz, baxma da, evdən uzaqdır anası gözünə qurban olduğu, pis olar. Onu sənə versəm, axşama qədər bu ünvana çatdırarsanmı?
- Allah saxlasın balanı, sağ-salamat gəlsin. Hə, niyə çatdırmıram?
- Ay Allah səndən razı olsun.
- Səndən də. Yaxşı, mən keçim içəri, uçuşa az qalıb, sərnişinləri məlumatlandırmalıyam.
- Oldu, əzizim. Görüşərik.
Təyyarə endikdən sonra iş çıxışı fasilədə Gülnaz qutunu verilən ünvana çatdırmaq üçün taksi sifariş verdi. Ünvana çatıb deyilən kafenin qarşısında dayandı. Çantasını qurdaladı ki, telefonunu çıxarıb verilən nömrə ilə əlaqə saxlasın.
- Salam.... Bu bağlamanı mənə verməlisiniz, bu bağlamanı əsgər Məmmədovun anası Aysel xanım göndərib?
- İlahi..... Qulaqlarımmı mənə oyun oynayır, ağlımmı?
Arxaya dönüb baxmağa ayaqlarında güc, dizlərində taqət tapmasa da, nəfəsini tutmuş halda birtəhər geri döndü. Qarşısında duran o idi. Heç dəyişməmişdi. Yox, yox, yuxu deyildi. O idi... İyirmi il əvvəl motosiklet qəzasında həlak olduğu xəbərini aldığı Kostas.... Gülnazın ilk sevgisi... Çantası düşdü əlindən.
Gözlərindən ixtiyarsız yaş axmağa başladı. Beyni dumanlandı, gözləri qaraldı. Eyni ilə onun acı xəbərini aldığı gündəki halına düşdü. Qısa bir zaman ərzində haldan-hala düşdü. Ölmüşdüsə, necə indi qarşısında dururdu? Sağ idisə, niyə öldü demişdilər?
Uzun sükut və ani həyəcanlardan sonra məlum oldu ki, ata-anası onu Kostasa olan ümidsiz sevgisindən xilas etmək üçün belə bir yalan uydurublar. Kostas da Gülnaza qovuşmaq üçün cəhd etsə də, alınmayıb. Evlənib, iki oğlu var, amma o da sonra ailəsindən ayrılıb. Kafedə oturub xeyli danışandan sonra ayrılmağa məcbur oldular.
Beləcə iyirmi illik ayrılıqdan sonra yenidən araya gəldilər. Onlar hər gün telefonda danışır, imkan olduqca Gülnazın səfərləri zamanı görüşürdülər. Amma Gülnazın narahatlıqları artmağa başladı. Məsafələr onu qorxudurdu. İllər sonra qovuşduqdan sonra hiss etdilər ki, sevgiləri heç əksilməyib, elə əvvəlkitək qalıb. Gülnaz hiss edirdi ki, Kostası bir daha itirsə, yaşamağa gücü olmayacaq.
Həsrət günbəgün hər iki tərəf üçün dözülməz iztiraba çevrilirdi. Nəhayət, Kostas Gülnaza süpriz etmək qərarına gəldi və həmişəlik Azərbaycana köçdü...