“Çe Azərbaycana gəlsəydi, onu kəndlilər satacaqdı” - “Asılmamış portret” - FOTOLAR
27-01-2015 17:45 / Bu xəbər 2705 dəfə oxundu
Məmməd Süleymanov: “Ölkəni tərk edənlər boşluğa, nostalgiyaya gedirlər, sadəcə qaçışlarını “yüksək ideallar”la əfəlcəsinə pərdələməyə çalışırlar”
“Bizlərə sırınan və özlərini sırıyanlar “inqilab” sözündən dəb, reklam, hətta karyera üçün yararlanırlar”
Saat 14:00-da görüşəcəkdik. Danışdığımız vaxtda avtobusdan düşüb, bəlkə də özü bilmədən sola döndü. Biz ondan sağ tərəfdə dayansaq da, o yoluna davam edirdi. Səsləmədik, “qoy yoluyla getsin”, - deyib sola burularaq arxasınca sürətlə irəlilədik.
Görüşüb hal-əhval tutandan sonra yaşıl gümbəzli dükandan siqaret alıb yenə sola döndük.
Balaca kafelərin birində məskən saldıq. Hər şey ürəyimizcə idi. Sakit məkan, bizi rahatsız edəcək kimsə yox.
O, həzin musiqi sədaları altında siqaretdən qullab ala-ala astadan danışır, biz də qulaq asırdıq. Ara-bir sözünü kəsir, suallarımızı verirdik.
Söhbət marksist jurnalist-yazar Məmməd Süleymanovdan gedir. “Asılmamış portret”də Ernosto Çe Geveranın rəsmini belə çizir…
- Yoldaş Süleymanov, Çe Gevaranın portretini çəkin...
- Çenin sözlə portretini lakonik və dəqiq Sartr çəkib: “20-ci əsrin ən mükəmməl insanı”. Yaxud 1967-ci ilin sonunda Havanada Ernostonun matəm mitinqində Fidel çıxışında gənclərə müraciətlə insanda görmək istədiyi bütün yaxşı məziyyətləri bir-bir sadalayaraq hamısını onda olduğunu deyib: “Çe kimi olun!” Ən obrazlı təsvir isə Çenin özünə məxsusdur. Ailəsinə yazdığı məktubda özünü “Rosinantı yəhərləyib səmalara hücum çəkən Don Kixot” adlandırıb.

- Əgər rəssam olsaydınız, onun yaşadığı həyatdan hansı cizgiləri silərdiniz?
- Silinməli cizgi yoxdur, dönüş nöqtələri isə lap çox olub. Bəlkə də 1952-ci ildə dostu Alberto Qranado ilə Latın Amerikası səyahətinə çıxıb Çilidəki Çukikamata şaxtasında insanların ifrat istismarını görməsəydi, Çe kommunist və inqilabçı olmazdı. Bu, ilk güclü təkandı. Yaxud Meksikada həbs olunanda Fidel onu vaxtında türmədən çıxara bilməsəydi, “Qranma”ya gecikər və Kubaya gəlməzdi. Bəlkə də yeganə yanlışlığı Boliviyaya yollanması idi - bura gerilya üçün ən yetişməmiş ölkəydi. Yerli kommunist partiyası köməkdən imtina etmişdi. Əzilənlərin sinfi şüuru isə yox dərəcəsində idi. Boliviya Latın Amerikasının yeganə ölkəydi ki, heç bir partizan təşkilatı və silahlı mübarizə yox idi. Həmin vaxt Uruqvayda “Tupamaros”, Argentinada “Monteneros”, Kolumbiyada FARK vardı.
- Çenin sirri nədə idi?
- Ədalətsiziyə ifrat həssaslığında. Bronxial astması da ona insan əzabını dəyərləndirməyi, hər astma tutması isə həyatın hər anını dolğun yaşamağı öyrədir.
- Passiv çoxluq Çeni niyə sevir? Əksəriyyət onun haqda dərin bilgilərə sahib də deyil...
- Çe nümunə, arzu və simvoldur. Passiv çoxluğa o, reallaşdırmağa risk etmədiyi, ancaq arzuladığı həyat proyektini göstərir. Ən çətin, çarəsiz anlarda da alternativin mümkünlüyünə kömək aşılayır. Əgər bu nümunəyə baxmayaraq, əksəriyyət passivliyini, yaxud biganəliyini saxlayırsa, bunun səbəbini tonqalda qızınmağın bu tonqalı qalamaqdan qat-qat asanlığı ilə müqayisə etmək olar. Yəni, başqaları etsin, biz də uzaqdan əl çalaq. Qalib gələr - hamıya yaxşı, uduzar - lənətlərik. O ki, qaldı dərin bilgilərin yoxluğuna, Çenin bioqrafiyasını, kitablarını, xüsusən də indi də arxi-aktual olan nəzəri yazılarını oxusalar, böyük əksəriyyətin inqilab romantikası yerini ağciyərliyə və qorxuya verər. İnqilabın nə şou, nə romantika, nə də epataj olduğunu anlayacaqlar. O, xüsusi tip insanlar tələb edən gündəlik risk, yorğunluq, çətinlik və anlaşılmamaq ehtimalıdır. İnqilab tamaşa deyil, ciddi işdir və yaşam tərzidir.

- Bizdəsə inqilab ya qeyri-ciddi iş, ya da qazanc mənbəyi sayılır...
- Deməli, anlayışlarla jonqlyorluq edilir. Bizlərə sırınan və özlərini sırıyanlar “inqilab” sözündən dəb, reklam, hətta karyera üçün yararlanırlar.
- Onlar Çedən nəyi öyrənməlidirlər?
- Arzulamağı...
- Bu gün Ernastonu təqlid edənlərin sayı çoxdur. Bu, həm də onun məcaraçı olduğuna görədi?!
- Çeni tənqid edənlər həmişə olub, ancaq bu təbliğ edənlərdən və ona ehtiram göstərənlərdən ölçüyəgəlməz dərəcədə azdır. Bundan Çeyə nə istidir, nə də soyuq.
- Üzərində Çenin rəsmi əks olunan köynəyi geyinmək sizcə sublimasiya deyil? Ernostonun prototipi ola bilmirsən, sadəcə onu təqlid edirsən. Reallıqda deyil, xəyallarda Çesən...
- Doğrudur. Bu, istehlak cəmiyyətinin simvolları sırımaqla qiyam enerjisini cəfəng fetişlərlə soyutmaq üsullarından biridir.
- Sizcə antiburjua olan Çe indi yaşasaydı rəsminin qazanc, yaxud təqlid vasitəsinə çevrilməsiylə razılaşardı, yoxsa buna da üsyan edərdi...
- Əlbət, etiraz edərdi. Ancaq obrazın öz müstəqil həyatı var və sahibinin istəklərinə tabe deyil.
- Ümumiyyətlə, insanlar Çeni niyə sevməlidirlər?
- Çe yeni tip insan obrazıdır. Marksın söylədiyi “Az şeyi olan, ancaq çox şeyə dəyən insan”. Üstəlik, altruizm rəmzi.

- Çeni sevən bir qrup var ki, Fidel Kastroya, SSRİ-yə, hətta sola nifrət edirlər...
- Birincisi, Çe humanist idi, bütün ömrünü insanlara xidmətə sərf etmişdi - Peruda cüzam xəstəxanası, Qvatemalada qanuni prezident Arbensin ABŞ tərəfindən devrilməsinə qarşı müqavimətdə iştirak, sonra Kuba, Konqo, Boliviyada gerilya. Ona nə vəzifə, nə sərvət, nə də şöhrət-ad lazım idi. Necə ki, Kubada Milli Bankın sədri və sənaye naziri vəzifələrindən imtina etmişdi.
İkincisi, astmatik olmağına baxmayaraq, bu fiziki zəif şəxs insan ruhunun möhtəşəmliyini simvolizə edirdi.
Üçüncüsü, barışmazlığı və qətiyyəti onu nadir insani xüsusiyyətlərin daşıyıcısına çevirmişdi. Ancaq kədərlə deməliyik ki, Çeni kumirləşdirənlərin böyük əksəriyyəti onu tanımır. Bu, bütün dünyada belədir.
- Ernosto haqqında fikir bildirənlər daha çox bunu qabardırlar - Çenin ürəyi vardı, beyni yox. Yəni, nəzəriyyədən, ideologiyadan xəbərsizdi...
- “Yorğun demokratlar”ın saxta arqumentidir: “ürək”lə “beyin”i qarşı-qarşıya qoymaq. Yəni, guya əvvəllər bilikləri az olub, hissləri çox, ağıllananda isə ürəklərinə nəzarəti bərpa ediblər və “buna da şükür” deyib uyğunlaşmaq yolunu seçiblər. Təbii ki, ürəklə beynin avtonom mövcud olduğu insan mümkün deyil. Ernostonun isə məhz ideoloji savadı çox güclü idi. İlk övladı doğulanda, onun oğlan olacağını gözləyən və adını da Leninin şərəfinə Vladimir seçən Çe, qız dünyaya gələndə Meksikadan Argentinaya, anasına yazır: “Bu dəfə Vladimir olmadı. Qızım tosqun yanaqları ilə Maoya bənzəyir”.
Çenin savadı olmadığını düşünənlər bilmirlər ki, Kuba gerilyası boyu vadidəki əlaqələndiricilər dağa, partizanlara yalnız silah və dərman yox, həm də hər dəfə Çe üçün siyasi ədəbiyyat - Lenin, Marks, Trotski, Rassel, Malaparte, Xose Marti və başqalarının kitablarını daşıyırdılar.
Onun “Bir, iki, çoxlu Vyetnam” konsepsiyası, fokizm strategiyası, kapitalizmin əhatəsində sosialist dövlətinin yaşaya bilməyəcəyini, dünya inqilabının - Lenindən sonra unudulmuş konsepsiyanın zəruriliyini görə bilən nəzəriyyəçinin çağırışlarıdır. Eynilə də onun arxi-aktual “Üç qitə Konfransı vasitəsilə dünya xalqlarına çağırış” mətnini, “Praqa dəftərləri”ni, “Xalq və hakimiyyət” məqalələr toplusunu göstərə bilərik. Heyf ki, “Partizan müharibəsi” və “Boliviya gündəliyi” yazılarından fərqli olaraq, Çenin nəzəri irsi az oxunub və öyrənilib.
- Ancaq “solun romantikası gözəldi” - deyənlər də az deyil…
- Solun nəzəriyyəsi, çoxsaylı praktik nümunələri, humanizmi, mədəniyyəti, ədəbiyyatı, fədakarlığı var. Romantikaya qalsa, onunla uzağa getmək olmaz. Yeri gəlsə, faşizmdə də, millətçilikdə də, dini fundamentalizmdə də romantika tapmaq mümkündür.
- Çe inqilab üçün Argentinadan Kubaya yox, Azərbaycana gəlsəydi nə baş verərdi?
- Boliviyadakı final təkrarlanacaqdı. Necə ki, orada onun yerini xilas etmək üçün gəldiyi kəndlilər satmışdı.
- Yəqin Azərbaycana gəlsəydi ona “bəy” deyə müraciət edərdilər…
- Yox. Yoldaş Gevara.
- Qatır Məmməd və Çe Gevara. Hansı oxşarlıqlar var. Portreti çəkərkən rənglər qarışmır?
- Çe qlobal miqyasda düşünən, strategiya ilə silahlanmış, reallaşdırmaq istədiyi cəmiyyət modelinə dair dərin biliklərə malik, inqilabın ən mükəmməl nəzəriyyəçilərindən biri adlanmağa layiq şəxsiyyətdir. Heyf ki, onun işləri az oxunur.

- Çe niyə əsir düşməyi döyüşdə ölməkdən üstün tutdu? Bəzi mənbələrdə onun düşmənə yalvarmasına rast gəlinir…
- Versiyalar çoxdur: dərmansız qalan astmatikin əziyyətləri, fiziki və mənəvi yorğunluq, ümidsizlik, yaxud qurulacaq məhkəmədə ifşaedici çıxışlara bel bağlamağı... Oktyabr başlayanda Çe uduzduğunu bilirdi. Onun son günü və necə öldürüldüyünə dair şahidlərin xatirələri var. Güllə atmağa tərəddüd edən hərbçi Mario Teranaya “Atəş et, qorxma!” sözləri ilə müraciət edib.
- Türk kommunisti Deniz Gezmiş də təslim olur. O, çılğın və mübariz, Çe isə məğrur və sakitdi...
- Çe yetərincə emosional insan olub. Elə Fidel, Kamilo, Raul, Frank Pais kimi.
- Vətən Sol olsa, ölkə Sağalacaqmı, yaxud Sağ qalacaqmı?
- Roza Lüksemburq deyirdi: “Ya sosializm, ya da barbarlıq!” Bizim illərimizdə isə macar mənşəli marksist İştvan Mesaroş həmin dilemmanı bu cür ifadə edir: “Ya sosializm, ya da bəxtimiz gətirsə, barbarlıq”. Ətrafımızda baş verənlər bunu təsdiqləyir.
- İndi siz nə deyirsiz? Sonuncu gedən işıqları söndürsün?
- Sizin dediyiniz sonuncu cümlə 1970-ci illərin Uruqvayında yaranıb və diktaturadan qaçanların çoxluğuna işarə kimi Montevideo hava limanında yazılmışdı. Ölkəni tərk edənlər boşluğa, nostalgiyaya gedirlər, sadəcə qaçışlarını “yüksək ideallar”la əfəlcəsinə pərdələməyə çalışırlar. Əlbəttə, qalmağı seçirəm, hətta gedənlər işıqları söndürsə belə.
- Çəkdiyiniz bu portreti otağınızdan asırsız?
- Çenin portreti çoxdan otağımdadır. Onu uzaq 1992-ci ildə İstanbuldan Zərdüşt Əlizadə mənə hədiyyə gətirib.
Ramin DEKO,
Musavat.com












