"Əbədi düşmən" mənfi mifinin əsası yoxdur"

02-11-2023 11:46 / Bu xəbər 1473 dəfə oxundu

"Xalqlarımız tarixlər boyu mehriban qonşular kimi, sülh içində yaşayıblar"

Bir qrup Almaniya və Cənubi Qafqaz xalqlarının gəncləri Tbilisidə bir arada gəliblər. 

Onları birləşdirən Cənubi Qafqaz xalqlarının ədəbi irsinə həsr olunmuş beynəlxalq konfrans olub. 

Tədbirdə ədəbiyyatın müxtəlif region xalqlarının dinc yaşaması, regionda sülhün bərqərar olması prosesinə təsiri, Cənubi Qafqaz xalqlarının ədəbiyyatındakı müsbət qonşu obrazları məsələsinə toxunulub. 

Beş gün davam edən konfransda Almaniya, Azərbaycan, Ermənistan və Gürcüstandan iştirakçılar öz məruzələri ilə çıxış ediblər. 

"Əbədi olmayan düşmənlər" adlı konfransın əsas təşəbbüskarı "EuroKaukAsia" adlı Almaniya elmi - mədəni mərkəzinin direktoru, ədəbiyyatşünas Rasim Mirzəyev "Arqument.az" saytına konfransla bağlı təəssüratlarını bölüşüb. 

Onun dediyinə görə, belə bir tədbirin keçirilməsi ideyası onda ötən il digər layihə ilə əlaqədar Yerevanda erməni gəncləri ilə görüşü zamanı yaranıb. 

Məlum olub ki, onların Azərbaycan ədəbiyyatı haqqında, bir cox yazıçıların ədəbi əsərlərindəki müsbət erməni obrazları haqqında praktiki olaraq təsəvvürləri yoxdur və həmin əsərlərdən misallar çəkərkən erməni gəncləri ondan bu mövzuda daha çox məlumatlandırılmalarını, əsərlərlə tanış olmaq istədiklərini bildiriblər. 

Rasim Mirzəyev deyir ki, həmin görüşdən sonra belə bir konfrans keçirmək kimi ümumiləşdirici nəticəyə gəlib: 

"2022-ci ilin fevralında "Sülh Naminə Dialoq Forumu" yaratmaq məqsədilə Yerevanda erməni gəncləri keçirdiyim ilə görüşlərdə klassik ədəbiyyatdan tutmuş müasir Azərbaycan yazıçılarının yaradıcılığında yaradılan ermənilərin müsbət obrazlarından danışdım. Onlara orda da, məhz bu konfransda da çatdırmaq istədik ki, "Əbədi düşmənlər" haqqındakı mənfi mifinin heç bir tarixi əsası yoxdur və xalqlar uzun müddət mehriban qonshular kimi, əmin-amanlıq içində, dostluq şəraitində, birgə yaşayıblar. 20-ci əsrin əvvələrində, istərsə də sonlarında baş verən qanlı toqquşmalar zamanı bir çox Azərbaycan şairləri, yazıçıları, maarifçiləri sülhə, dostluğa səslədi. Ermənistandakı gənclər mənə dedilər ki, bu əsərlər və onların müəllifləri haqqında daha çox öyrənmək istəyirlər. Azərbaycanda da, Gürcüstanda da vəziyyət eynidir, burada da erməni, gürcü ədəbiyyatı və mədəniyyəti haqqında məlumat azdır. Beləcə bu layihəni həyata keçirmək qərarına gəldim və baş tutan layihədə hər bir xalq öz ədəbiyyatına işıq saldı, müəyyən bilgi, gənclər arasında ünsiyyət, tanışlıq yarandı".

Konfransda çıxış edən gürcü gəncləri arasında Tbilisi Dövlət Universitetinin tələbələri Georgiy Qiqayevin "Gürcü fantastikasında 1990-cu illər: erməni ailəsinin tarixi ilə gürcü reallığı" adlı təqdimatı və Nino Zandukelinin" Tbilisi həyatı: bədii mətnlərdə və filmlərdə etnik müxtəliflik " adlı məruzəsi, erməni iştirakçıları arasında çoxsaylı suallar doğuran ədəbiyyatşünas Armenik Nikoqosyan, Artak Arakelyan, ictimai fəal Sevak Kirakosyanın çıxışları maraqla qarşılanıb. 

Erməni çıxışçılar müxtəlif dövrlərdə erməni ədəbiyyatında Cənubi Qafqaz xalqları arasında müsbət ünsiyyət nümunələri, xarici amillərin təsiri altında ermənilərlə qonşu xalqlar arasında münasibətlər, erməni yazıçısı Levon Cavaxyanın " Kirvə", Xaçatur Abovyanın "Türkün qızı" əsərləri, Azərbaycan və Ermənistan cəmiyyətlərində qadağan olunmuş sevgi barədə Ələkbər Əliyevin yazdığı "Artuş və Zaur" romanı haqqında geniş məruzələr edib, yaranan suallara aydınlıq gətiriblər.

"Cənubi Qafqazda sülh qətiyyət tələb edir"

Müzakirələrdə iştirak edən erməni əsilli iştirakçı, sosioloq, konfliktoloq Lüsine Hakobyan görüşdən məmnun olduğunu, ancaq Cənubi Qafqazda sülhə nail olmaq üçün sülhün nə demək olduğunu, buna nail olmaq üçün tələb olunan prosesləri, sülh səviyyəsinin düzgün ölçülməsini önəmli hesab edir: "Mənfi sülhdən, müsbət sülhdən, yoxsa davamlı sülhdən danışırıq? Eyni terminin təsirlərlə işlədilməsi, anlaşılmazlıqlara gətirib çıxarır və dialoqun effektivliyinə xələl gətirir. Müsbət sülhdən danışsaq, Cənubi Qafqazda gedən demokratikləşmə prosesləri regionun sülhsevərliyinə müsbət təsir göstərə bilər, çünki müsbət sülhün göstəriciləri demokratiyanın göstəriciləri ilə sıx bağlıdır. Cənubi Qafqazda sülh proseslərinin effektivliyini qiymətləndirmək üçün mən sülh quruculuğunun üç səviyyəsinə nəzər almalıyam müvafiq olaraq emosiyaların, hekayələrin və hərəkətlərin sahibi olan fərdlər, vətəndaş cəmiyyətləri və hökumətlər. Bizim iştirak etdiyimiz Tbilisi formatındakı konfrans ictimai tərəflə işləmək üçün yaxşı nümunədir. Bu qorxu, nifrət, irrasional nümunələrin səviyyəsini azalda bilər. Vətəndaş cəmiyyətlərində qarışıqlıq var. Ən son hökumətlərin ritorikası və hərəkətidir ki, məsələn, Azərbaycan tərəfinin erməni hərbi əsirləri və girov kimi götürülmüş digər insanları vətənə qaytarmaq qərarı ola bilər. Bununla Azərbaycan sülhsevərlik əzmini nümayiş etdirəcək. Sülh şərti olaraq yarana və qala bilməz, ən azı humanitar və hüquqi öhdəliklər tələb edir". 

"Sülh quruculuğu hər şeydən əvvəl etimad yaratmaqdır. Cənubi Qafqazda sülh qətiyyət tələb edir və biz bunu qurmağa başlasaq gələcək nəsillər sülh şəraitində yaşaya bilər. Sülh regionumuzda, ölkələrimizdə davamlı inkişafla nəticələnəcək, insanların həyatını qoruyacaq və yaxşılaşdıracaq. Ədəbiyyat da sülh üçün bir zəmindir, lakin sülhün özü deyil. Ünsiyyət üçün neytral məkan yaradan müsbət gündəm ola bilər. Realist olub formatı qiymətləndirək, ancaq həddən artıq qiymətləndirməyək. Sirr deyil ki, gənclər dəyişikliklərin aparıcı qüvvəsidir. Bu cür forumlar gənclərə arzuladığı gələcəyi kollektiv şəkildə dizayn etməyi və onu reallığa çevirmək yollarını müzakirə etmək üçün yaxşı platforma yaradır", - deyə o vurğulayıb. 

Konfransda Azərbaycan tərəfindən alim Nəzmin Cəfərova, tarixçi Vaqif Abasov, jurnalist Günel İsayeva və yazıçı Səməd Şıxı Azərbaycan ədəbiyyatında müsbət və neytral erməni obrazları, mövzunun tarixi və müasir kontekstdə təhlili, ədəbiyyat vasitəsilə stereotiplərin yıxmaq mümkünlüyü barədə geniş məruzə ediblər.

Konkret əsərlər, obrazlar əsasında müqayisə aparıblar.

"Biz nifrət nitqindən xalqları təmizləməyə çalışa bilərik"

İştirakçıların fikrincə, bütün çıxış və məruzələr maraqlı olub. Xüsusilə ilə bəzi çıxışlar kontekst məzmununa uyğunluğu və iştirakçılara maraqlı olması ilə diqqət cəlb edib. 

Yazıçı Səməd Şıxı hesab edir ki, belə görüşlər və müzakirələr ancaq gəncləri bir araya gətirmir, həm də illərdir yaxın, ancaq uzaq qalmış xalqlar haqqında daha çox məlumat qazandırır. 

Səməd Şıxıya görə, dövlətlər arasında imzalanacaq sülh müqaviləsindən çox, xalqlar arasındakı ünsiyyətin, əlaqənin artması regionda sülhə ciddi töhfə olar: "Azərbaycan və Ermənistan xalqları illərdir ki, regionda ünsiyyəti qopmuş halda yaşayır, bu isə ən çox müharibədən sonra dünyaya gələn nəsilə təsir edir, çünki əksəriyyəti ömründə bir dəfə də olsun erməni (azərbaycanlı) görməyib. Buna baxmayaraq aldığı təhsil, ailəsinin və cəmiyyətin təsiri ilə gözündə bir düşmən modeli yaranıb. Nəticədə müharibədə bir-birini düşmən kimi görən, amma heç zaman tanış olmamış iki şəxs ölüm davasına çıxır. Bunu qırmaq üçün xalqları bir araya gətirmək, onlara tanışlıq şansı vermək lazımdır. Qafqazda vəziyyət çox pisdir, 2020-ci il müharibəsinə qədər az-çox sülh üçün ümid var idisə, müharibə edərək bunu daha da çətinləşdirdik. Hələ ki 2023-dən sonra daha çətin vəziyyət yarandı. Əlbəttə, dövlətlər arasında nə zamansa, sülh bəyannaməsi imzalanacaq, amma xalqlar bunun üçün nəsil ötürməli olacaq. Necə ki "bizdən əvvəlki nəsil idi müharibə iştirakçısı, biz təmizik və həll edə bilərik” deyə bilirdiksə, indi bu sülhə bizdən sonrakı nəsillər nail olacaq. Biz nifrət nitqindən xalqları təmizləməyə çalışa bilərik, sadəcə".

"Bu layihədə iştirak etmək mənə çox şey qazandırdı. İlk növbədə yeni insanlar tanımaq, onlarla ünsiyyətdə olub, fikirlərini dinləyə bilmək, müzakirə edə bilmək. Daha sonra onlara da bu şəraitin yaranmasına sevindim. Ermənistandan gələn şəxslərin heç birində nifrət və ya edilənlərə görə bizi günahkar görmək baxışı yox idi. Hər birimiz siyasətin qurbanı olduğumuzu, bundan qurtulmağın yolunu yenə birlikdə tapa biləcəyimizi başa düşürdük. Bir dövr məşhur olmuş, amma qarşıma heç zaman çıxmamış Levon Cavaxyanın -"Kirvə" əsəri ilə bu görüşdə tanış oldum. İlk fürsətdə bu kitabı oxuyacağam. Dövlətlər arasında imzalanacaq sülh müqaviləsi mənim üçün önəmli deyil. Bu, siyasətdir, istər özlərinin, istər regiona təziq edən ölkələrin istəklərinə görə baş tutan prosesdir, mənim üçün ən önəmlisi xalqlar arasındakı münasibətlərin düzəlməsidir. Buna "sülh bəyanatı” müəyyən qədər təsir etsə də, əsas məsələ xalqlar arasındakı ünsiyyətin, əlaqənin artmasıdır. Dövlətlər isə əgər buna maraqlı olsa, "nifrət nitqi”ni azaldacaq, yeni müharibənin olmamasına çalışacaq", - deyə o bildirib. 

"Ədəbiyyat sülh quruculuğu üçün çox mühüm platformadır"

Konfransda həmçinin gənc iştirakçılar alman tarixçisi, Bonn Universitetinin professoru Eva - Mariya, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin həmsədri Arzu Abdullayeva, İlia Tbilisi və Gürcüstan Dövlət Universitetinin professorları Nino Çikovani, Ketevan Kakitelaşvili və İvane Tsereteli ilə fəal ünsiyyət qurub, fikir mübadiləsi aparıblar. 

Gənclər erməni yazıçısı Vahram Martirosyan, yazıçı, Gürcüstanın keçmiş mədəniyyət naziri Quram Odişariya və konflikt eksperti Zurab Bendianişvilinin də Qafqaz yazıçısı və ictimai xadimi olaraq çıxışlarını dinləyib, onları düşündürən suallar ətrafında müzakirə ediblər. 

Qafqaz və Mərkəzi Asiya üzrə sosial antropoloq Veronika Zmiejevski gənclər arasında belə görüşlərin qarşılıqlı anlayış və empatiya yaratdığını bildirir. 

Ədəbiyyatı isə müharibədə əziyyət çəkən sadə insanların əks-sədası hesab edir: "Hər çıxışı dinləməkdən həzz alırdım. Xüsusilə Arkmenik Nikoqosyanın təqdimatı ermənilərin qonşuları ilə qarşılıqlı əlaqədə erməni ədəbiyyatı haqqında gözəl icmal verdi. Səməd Şıxının çıxışını çox bəyəndim, çünki o, Ermənistanla münasibətlərə dair öz düşüncə tərzini və Azərbaycan ədəbiyyatını şərh etməkdə cəsarətli idi. Əgər Azərbaycan və Ermənistan davamlı sülh münasibətləri qurmaq üçün bir yol tapsalar, bu, əsas addım olardı. Əgər Ermənistan, Azərbaycan və Gürcüstan bir növ ittifaq yarada bilsəydilər, bu, davamlı sülh və müxtəlif qarşılıqlı fəaliyyət yollarının başlanğıcı gətirərdi ki, bu da xalqlar arasında dostluqla nəticələnə bilərdi. Ədəbiyyat zəif görünür, çünki müharibəni dayandırmayacaq. Amma, bir anda, müharibə başa çatdıqda və biz müharibənin səbəbləri və nəticələri haqqında düşünməyə başlayanda, ədəbiyyat müharibənin qəddarlığını başa düşmək üçün əsas vasitədir. Ədəbiyyat müharibə zamanı ən çox əziyyət çəkən sadə insanların əks-sədasıdır. Bu, insanlara müharibəni həzm etməyə və müharibəyə mediadan və ya siyasətçilərdən, hətta məktəb kitablarında necə təsvir olunduğundan fərqli şəkildə baxmağa kömək edir. Əgər ədəbiyyatdüşmən tərəfə və ya millətə qarşı empatiya və tolerantlıq yaratmaq məqsədi ilə yazılıbsa, o, sülhün qurulduğu məkandır. Beləliklə, ədəbiyyat sülh quruculuğu üçün çox mühüm platformadır. Buna görə də hər kəsi yazmağa davam etməyə dəvət edirəm". 

"Mənim arzum Ermənistan və Azərbaycanın mərhəmət və sülhü vurğulayaraq, qarşılıqlı firavanlıq naminə beynəlxalq səviyyədə birləşməsidir" 

Almaniyada təhsil alan, gənc  erməni əsilli iqtisadçı Naira Abelian iştirakçısı olduğu konfransı unikal təcrübə hesab edir. 

Düşünür ki, təbliğata qarşı maraqlı əsərlər və rəvayətlər vasitəsilə məlumatlar ötürüldü. Onun üçün bütün təqdimat və çıxışlar maraqlı, düşündürücü  idi. Məhz buna görə də ədəbiyyatın sülhə ciddi təsir etdiyini düşünür: 

" Etiraf edim ki, hər gün  8 saatlıq müzakirələrdən sonra özümü tükənmiş hiss etmək əvəzinə, gücləndim. Bu, təqdim olunan mövzular və səbəblərlə dərin əlaqədən danışır. Əslində istər Ermənistandan, istər Azərbaycandan, istər Gürcüstandan, istərsə də Almaniyadan olan bütün təqdimatlar valehedici və düşündürücü idi. Mənim üçün xüsusi kəşflərdən biri erməni və Azərbaycan ədəbiyyatının kəşfi oldu. Bəzi ədəbi əsərlərin bir-birinə qadağa qoyulduğunu, onların içindəki yaxşılığın və həqiqətin yayılmasına mane olduğunu başa düşmək ürəkaçandır. Almaniyada yaşayan və azərbaycanlı dostlarım olduğu üçün Gürcüstandakı kimi tədbirlərin dəyərini yüksək qiymətləndirirəm. Paradoksaldır ki, eyni millətlər düşmən kimi göstərilir, düşmənçilik gələcək nəsillərə ötürülür. Mənim arzum Ermənistan və Azərbaycanın mərhəmət və sülhü vurğulayaraq, qarşılıqlı firavanlıq naminə beynəlxalq səviyyədə birləşməsidir. Mən şəxsi tərəqqiyə can atan gənclərə böyük ümid bəsləyirəm, lakin onları məhrum edən münaqişələri dayandırmaq vacibdir. Ədəbiyyat qavrayışları formalaşdırmaqla, empatiyanı, anlayışı inkişaf etdirməklə sülhə əhəmiyyətli dərəcədə təsir göstərir. Erməni və Azərbaycan yazıçıları bədii ədəbiyyatdan kənara çıxır, fikirlərini səmimi və orijinal çatdırır, sadə insanların hekayələrini danışırlar. Bu, boşluqları aradan qaldırır və icmalar və millətlər arasında dinc yanaşı yaşayışı təşviq edir".

Günel İsayeva