Əlçatmaz kreditlər və sığorta

Əlçatmaz kreditlər və sığorta

14-06-2023 15:36 / Bu xəbər 942 dəfə oxundu

Azərbaycan fermerləri maddi dəstəkdən niyə məhrumdur?

Azərbaycanda fermerlər üçün kreditlərin əlçatan olmaması, sığorta imkanları barədə məlumatsızlıq ən kiçik fövqəladə vəziyyətlərdə kəndlilərin aciz vəziyyətə düşməsinə və istehsal həcminin azalmasına səbəb olur. 

Dövlət yeni imkanlar vəd etsə də, reallıqda bunların hələ ki, heç bir faydası yoxdur. 

"Qonşu Gürcüstan və Ermənistanla müqayisə edəndə orada kənd təsərrüfatına ayrılan kreditlərin faizləri bizdən iki dəfə azdır. Orada o rəqəm 6-7 faizdirsə, bizdə bu, 20 faizə yaxındır”, – yerli ekspert deyir.

Milli Məclisdə keçirilmiş komitə iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə kreditlərlə bağlı aktiv müzakirələr gedir. 

Onun sözlərinə görə, kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlanır və girov tələblərinə yenidən baxılır: "Balanslaşdırılmış şəkildə riskləri nəzərə alaraq yumşaldıcı addımlar atacağıq”.

Bu gün Azərbaycanda müxtəlif banklar Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına kənd təsərrüfatının kreditləşməsini aparır. Həmin kreditlərin faiz dərəcəsi illik 7-12-dir. Kreditin məbləği 1000-200000 manat arasında dəyişir, müddəti isə 1, 3 və 5 ildir.

Kredit verilməsinin əsas şərtlərindən biri də budur ki, təqdim edilən layihə məbləğinin ən azı 30 faizi sahibkarın öz vəsaiti olmalıdır. Həmçinin kredit götürənin likvid girov əmlakı olmalıdır.

"…Kredit götürmək istədim”

Tovuzda yaşayan fermer İsmayıl Əhmədov (ad və soyadı şərtidir) "Azadlıq" radiosuna bildirib ki, biznesini genişləndirmək istəsə də, artıq uzun müddətdir bunu reallaşdıra bilmir: "Kartof istehsalı ilə məşğulam, hər hektardan 35 ton kartof götürmək olur. Əlavə torpağım var və istehsalı genişləndirmək istəyirəm. Ancaq öz pulum hesabına bunu edə bilməyəcəyimi düşünüb kredit götürmək istədim. Mənə elə şərtlər dedilər ki, başımı götürüb qaçdım”.

Onun sözlərinə görə, həm kredit faizi çoxdur, həm də çoxlu sənədlər istənilir.

Deputat: "Məsələ həll olunur”

Mövzu ilə bağlı Mərkəzi Bank, Kənd Təsərrüfatı Nazirliyi və başqa əlaqədar qurumlarla danışmaq mümkün olmayıb.

Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan”a deyib ki, kənd təsərrüfatlarına ayrıca mikro və kiçik kredit xəttinin yaradılması nəzərdə tutulur: "Hələ koronavirus pandemiyası vaxtında bizdə belə layihələr var idi. O vaxt 15 min manata qədər və tez zamanda kredit verilirdi. Həmçinin girovluq şərtləri fermerlər üçün çox sərfəli idi. Bu istiqamətdə daha geniş bir paket nəzərdə tutulur. Hətta verilən kreditin məbləği arta bilər, faizlər isə minimal olacaq. Məsələ həll olunur”.

Deputatın fikrincə, əsas kreditin verilməsi müddətidir: "Kənd təsərrüfatı kreditləri 10-15 gün ərzində ayrılmalıdır. Çünki hava gözləmir. Gözlənilən dəyişikliklər həm dövlət, həm bazar, həm də sahibkarlar üçün uyğun və rahat olacaq”.

"Qonşu Gürcüstan və Ermənistanla müqayisə edəndə…”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə "Azadlıq Radiosu”na bildirib ki, Azərbaycanda əvvəllər kreditlər bir çox hallarda kənd təsərrüfatı ilə məşğul olan məmurların yaxın adamlarına, qohumlarına verilib: "O zaman məmurun bir zəngi sanki kifayət edirdi ki, banklar məmurun qohumuna girovsuz kifayət qədər kredit resursu ayırsın”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə, girovlu və ya girovsuz ayrılan kredit resurslarının faiz dərəcəsi reallıqda çox yüksəkdir: "Qonşu Gürcüstan və Ermənistanla müqayisə edəndə orada kənd təsərrüfatına ayrılan kreditlərin faizləri bizdən iki dəfə azdır. Orada o rəqəm 6-7 faizdirsə, bizdə bu, 20 faizə yaxındır”.

O vurğulayıb ki, ikinci problem Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasıdır: "Məhsuldarlıq aşağı olduğu üçün maya dəyəri yüksəkdir və bizim kəndlilərin qazancı azdır. Onlar əldə etdikləri gəlirlə bank faizlərini ödəyəcək gücdə deyillər. Digər tərəfdən, ölkənin kənd təsərrüfatında daha ciddi problem var. Bu, istehsal vasitələrinin baha olması və kəndli üçün əlçatan olmamasıdır”.

Sığorta var və eyni zamanda, yoxdur

Ekspertlər deyir ki, kəndli üçün aqrar sığorta əlçatmazdır, ciddi islahatlara ehtiyac var.

"3 minə yaxın şitil əkdiyim istixanam vardı. Cəmi iki dəfə məhsul yığmışdım. Külək istixananı yerlə-yeksan etdi. Üç min ziyana düşmüşəm. Qonşunun da üç istixanasını dağıtdı, maraqlanan, ölçü götürən yoxdur”.

Bunu "Meydan TV”yə Göyçay sakini Fuad Musayev deyir. 

O, son günlər kəskin hava şəraiti səbəbindən əkin təsərrüfatına ciddi ziyan dəyən zəhmətkeşlərdəndir.

Onun kimi rayonun yüzlərlə kənd sakini istixana və meyvə bağlarına dəyən ciddi ziyandan dolayı pərişandır.

Sakinlərin sözlərinə görə, ziyan kəndlinin əkinə qoyduğu xərci, çəkdiyi zəhməti və birillik dolanışıq ehtiyaclarını alt-üst edib.

Rayonun 30 kəndindən ən çox istixana əkinlərinin olduğu Ləkçıplaq, Yalman, Qaraman, Qarağıdır və Mırtı kəndlərinə də ciddi ziyan dəyib.

Ən iri, 1300 ailə təsərrüfatının cəmləşdiyi Ləkçıplaq kəndində onlarla meyvə ağacına, evlərə, yardımçı tikililərə ziyan dəysə də ümumilikdə daha çox ziyan istixanalarda qeydə alınıb.

Kəndin sakini Yasif Cavadov da ziyan çəkən sakinlərdəndir. O da düşünür ki, dəymiş ziyan kompensasiya edilməlidir: "2 min pomidor şitilini apreldə əkdim və yaxşı da yetişdirmişdim. Külək iki istixanamın üst örtüyünü tamamilə apardı və 300 şitilimi də kökündən çıxardı, məhsulunu yerə tökdü. Mənə ümumi 1300 manat ziyan dəydi. Yenidən üstünü örtməyə 400 manat pulum çıxdı. 100-dən çox meyvə ağacımın meyvəsin yerə töküldü. Ev quşları tələf etdi. Ancaq gəlib qeydə alan, ziyanla maraqlanan olmadı”.

"Zərərli olduğu üçün çox sığorta şirkətiləri daha sərt tədbirlər görür”

Aqrar sahə üzrə ekspert İlkin İbrahimov deyir ki, aqrar sığorta 2019-cu ildən kənd təsərrüfatı istehsalçılarının müdafiəsi üçün "Aqrar Sığorta Fondu” arasında bağlanan xidmətdir və çatışmazlıqları çoxdur.

"Kiçik təsərrüfat sahiblərinin sığortası üçün imkanı yoxdur deyə ziyan da ödənilmir. İri fermer təsərrüfatlarında subsidiya var deyə sığorta məcburidir və ödənilir. Bizim ölkədəki aqrar sığorta Türkiyənin "Tarsim” modeli əsasında hazırlanıb. Bu modelə görə dəymiş ziyanın sığorta haqlarının yarı hissəsini  dövlət ödəyir. Digər hissəsi istehsalçının öz öhdəliyindədir. Aqrar sığorta dünyada çox zərərli xidmət kimi qeyd olunur. Zərərli olduğu üçün çox sığorta şirkətiləri daha sərt tədbirlər görür. Çünki onlar da pul qazanmaq istədiyindən xidmət haqqını qaldırırlar. Digər tərəfdən aqrar sığorta ilə bağlı maarifləndirmə zəifdir, həm də internet vasitəsi ilə şəxsi kabinetin yaradılması, ondan istifadə qaydaları indiki halda kəndlilərin çoxu üçün əlçatmazdır. Bakıdan regionlara doğru bunun ciddi problem olduğu görünür.  Dövlətin dəstəyinə çox ehtiyac var”.