Əli Əlirzayev: "Xaricdən gətirilən hər şeyin qiyməti qalxır..."

Əli Əlirzayev:

05-09-2016 16:20 / Bu xəbər 2521 dəfə oxundu

Son bir həftədə siqaretin qiyməti ikinci dəfədir bahalanır. Səbəb nədir? İqtisadçı, keçmiş millət vəkili Əli Əlirzayev AzadlıqRadiosu-na deyir:

– Dolların qiyməti artdıqca, qiymət də artır. Siqaretin də çoxu xaricdən gətirilir. Bunun nəticəsində siqaret də bahalanır. İkinci tərəfdən götürəndə, siqaret az işlənən, xüsusi qrup istehlakçının istifadə etdiyi məhsuldur, yəni ondan istifadə edən, neçəyə olsa, alıb çəkəcək. Çörək deyil ki! Siqareti azaltmaq olar, bu yolla qiymətin artması ailə büdcəsinə təsir etməyə də bilər. Dediyim odur ki, hər şeyin qiyməti dəyişir, şəkər tozunun qiyməti artır, yağın, idxal olunan hər şeyin qiyməti qalxır, siqaret də bahalanır.

– Əli müəllim, elə adam var, günə iki-üç qutu siqaret çəkir. Onlar keçən həftə yaşadıqları qiymət şokundan çıxmadan yenidən bir də bahalanma ilə üz-üzə qaldılar.

– Bəli, elədir. Amma o adamlar hansı qiymətə olsa, alıb çəkəcəklər. Siqareti azaltmaq da olar. O da var ki, siqaretin qiyməti də müxtəlifdir. İstehlakçılar da bir neçə qrupa bölünür. Kasıb ən ucuzunu, varlı prestij üçün bahalısını çəkir, özü də öyünürlər: «Mən filan siqaretdən çəkirəm, bundan heç kim çəkmir».

– Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilirdi ki, siqareti daha çox kasıb ölkələrin vətəndaşları çəkir.

– Kasıblar çəkən siqaretin qiyməti, yəqin, az qalxar. Düzdür, moda xatirinə çəkən də var, sonra ata bilmir. Qadağan da etmək olmaz. İstehlakçının haqqıdır, nə demək olar.

– Amma nə baş verir ki, bir həftədə iki dəfə siqaret bahalanır?

– Hər şeyin qiyməti qalxır, o cümlədən də siqaretin. Siqaret də idxal olunur. Azərbaycanda siqaret istehsal olunmur, qabaq vardı. Hamısı xaricdən gəlir. Dollar qalxanda siqaret də bahalanır.

– Yaxın günlərdə qiymət bahalanması gözləyə bilərikmi?

– Qiymətlər onsuz da qalxır. Qiymətə nəzarət etmək mümkün deyil. İnflyasiya, idxalat artırsa, qiymət də artacaq. Çalışmaq lazımdır ki, istehsal artsın. Buna da vaxt lazımdır. Qiymət artımına qarşı tədbirlər görülməlidir, təqaüdlər, əməkhaqları artırılmalıdır.
 
Arqument.Az