Əli Kərimli: "Hakimiyyət Azərbaycanı dünyada rüsvay edir"

Əli Kərimli:

26-08-2023 02:32 / Bu xəbər 1114 dəfə oxundu

"Sadəcə, dəhşətdir. Şərçi hakimiyyət professor Qubad İbadoğlunu nəinki saxta pul kəsən, hətta dini ekstrimist də çıxardı.  Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167.3.1 madəsilə yeni ittiham irəli sürülüb". 

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sdəri Əli Kərimli Feysbuk hesabında yazıb.

Cinayət Məcəlləsinin 167.3.1.maddəsində deyilir: "Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır".

Əli Kərimli deyir ki, hakimiyyət Azərbaycanı dünyada rüsvay edir: "Nüfuzlu beynəlxalq qurumlar, dünyaca məşhur siyasətçilər Qubad İbadoğluna azadlıq tələb edir. Hakimiyyət də Qubad bəyə qarşı daha bir absurd ittiham irəli sürməklə ölkəmizi bütün dünyada rüsvay edir. Bütün bunları müşahidə edən beynəlxalq aləm, sizcə, bizim ölkəmiz, dövlətimiz barədə nə düşünür?"

Qərbdən çağırışlar...

Amerikalı senator Marco Rubio Qubad İbadoğluna azadlıq tələb edir. 

Bu barədə senator avqustun 25-də "X" (keçmiş tvitter) səhifəsində məlumat paylaşıb.

Marco Rubio deyib ki, Azərbaycan hakimiyyəti əsassız ittihamla İbadoğlunun azadlığını məhdudlaşdırıb: 

"Azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğluna qarşı əsassız cinayət ittihamı irəli sürülüb və tibbi yardımdan məhrum edilib".
 
"Cənab İbadoğlunun yeganə günahı həqiqəti söyləmək olub. O, dərhal azad edilməlidir", - deyə senator qeyd edib. 

Bundan əvvəl isə amerikalı senator Ben Karden hakimiyyəti həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxmağa çağırmışdı. 

ABŞ Konqresinin Qlobal İnsan Hüquqları alt komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit isə Azərbaycana sanksiyaların tətbiq edilməsinə çağırış etmişdi.

O, Prezidenti İlham Əliyevi iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırmışdı.

"Əgər o, haqsız yerə həbsxanada olarkən vəfat edərsə və ya sağlamlığına daimi ziyan dəyərsə, bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq”, – deyə Kristofer Smit bildirmişdi. 

Qubad İbadoğlunun həbsi
 
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib. 

Azərbaycan Daxili İşlər Nazirliyi Q.İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəli olduğunu bildirib.

Qubad İbadoğlu ittihamları absurd sayır və rədd edir. 

Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.