Fələstin-İsrail məsələsi: 3 fərqli spektrdən baxış

Fələstin-İsrail məsələsi: 3 fərqli spektrdən baxış

13-05-2021 01:14 / Bu xəbər 3538 dəfə oxundu

Mete Türksoy
 
Giriş

Birincisi, müəyyən etmək lazımdır ki, bu məsələyə hansı prizmadan baxılacaq. Adətən, bu məsələyə üç prizmadan baxmaq olar: 

1) insani baxış, 
2) müsəlman kimliyi, 
3) azərbaycanlı kimliyi.

Bu, ona görə önəmlidir ki, hər üç baxış müxtəlif aspektlərdən dəyərləndirmə faktoru olacaq. Siz deyə bilərsiniz ki, mən obyektiv insanam və obyektiv baxmağın tərəfdarıyam. Mən isə sizi əmin edirəm ki, bu tip hadisələrin nəzərdə tutduğunuz anlamda obyektiv dəyərləndirilməsi mümkünsüzdür. Çünki insan öz baxışlarını, görüş və qiymətləndirmələrini hansısa etalon və yaxud istinad əsasında edir. Bu onun dəyərləndirmə, qavrama, dərketmə strukturudur. Yəni bu bizim bioloji həqiqətimizdir, hansı ki bütün sosioloji həqiqətlərin fövqündədir, çünki hər şey biolojidən doğulur. O zaman başlayaq birinci kateqoriyadan – insani açıdan hadisələri qiymətləndirməyə.

Amma öncə insani sözünü bir termin kimi burada hansı anlamda istifadə edəcəyimizi müəyyənləşdirək: bu söz burada yabanı insan instinklərinin fövqündə duran, rasionallıq, empati və əxlaq kimi məhfumları özündə birləşdirən və əsas meyar edən humanizm prinsipləri nöqteyi-nəzərindən seçilib. Yəni burada insanın insana canavar olması yox, əksinə ehtiyacının olması, əməkdaşlığı, sevgisi, emosional bağlılığı nəzərdə tutulur. 

İnsani açıdan dəyərləndirmə:

İnsani açıdan baxdığımız zaman bütün savaşlar insanın primitiv, instinktiv tərəfinin yansımasıdır. Məsələn, bioloji qohumlarımız olan heyvanlar bir ərazi, qida, yaxud da çoxalmaq ehtiyacından bir-biri ilə vuruşurlar. İnsan da öz təməl, pirimitiv müstəvidə belədir. O, öz instinktlərinin diqtəsinin arxasınca gedir. Bir sözlə, insan həm sürü, həm də fərdi şəkildə yaşayan canlıdır... 

Sürü – bilirsiniz ki, insan icması ilk dövrlərindən müxtəlif qruplar formasında yaşayıb. Yəni yalqız, tək yaşamamışlar. Amma bununla yanaşı, hər bir fərd də bir canlı olduğu üçün onun da sürüdən ikinci dərəcəli alt-maraqları var. Məsələn, bir insan digərinin yeməyini əlindən ala, onu aclığa məcbur edilə bilməzdi: ya bərabər bölünməli, ya da balans pozulurdusa, sağ qalmaq üçün biri digəri ilə savaşmalı idi. Lakin insaniləşmiş (humanizm) insan, hansı ki yuxarıda qeyd etdiyimiz kateqoriyadan baxıldığı zaman bir-biri ilə nə ərazi, nə qida, nə də digər nəsnələr uğrunda savaşır. Çünki insan insanın düşməni deyil və əgər düşməni olarsa, bu zaman ortada heç nə qalmaz. Amma insanların bir-biri ilə əməkdaşlıq prinsipləri ictimai əmək bölgülərindən üzü bəri müsbət nəticələr verib, yəni əməkdaşlıqlar, birgə iş tərəqqi yarada bilib. Bu insanı mövqedən məsələyə baxsaq, belə bir qiymətləndirmə ortaya çıxır: hazırda baş verənlər insanlıq adına böyük bir ləkədir. Bu bir daha insan cəmiyyətinin XXI əsrdə şüuri baxımdan yetkin olmamasının bariz göstəricisidir...

Çözüm isə budur ki, ölən və öldürən – hər iki qrup insanlıq yoluna gəlməlidir. Unutmamalıdırlar ki, həm yəhudilər, həm fələstinlilər ümumi ən böyük biloloji həqiqətə ortaqdırlar: insanlığa. Bu ən təbii və ən həqiqi identifikasiyadır. Məhz digər süni identifikasiya örnəklərini rədd edərək birgəyaşayış və sülh üçün əməkdaşlıq planı hazırlaya bilərlər, çünki baş verənlər heç bir rasional əxlaqi keyfiyyətləri özündə ehtiva etmir, insanlıq isə öz inkişaf pilləsində addımlamaq əvəzinə yerində sayır və ağır yaralar alır. Yəni orada ölən yəhudi də, fələstinli də bir insandır. İnsan qruplarının insan qruplarına zorakılığı isə bəşəri problem, bəşəri faciədir...

İndi isə ikinci baxışdan dəyərləndirmə edək:

Azərbaycanlıların böyük qismi İslam şərtlərinə əməl etməsələr də,  özlərini müsəlman kimi identifikasiya edir və özlərini müsəlman sivilzasiyasının bir parçası kimi görürlər. Bu isə o deməkdir ki, dünyaya müsəlmançılıq eynəyindən baxırlar, müsəlman kimi dərk edirlər. O zaman biz müəyyən edək ki, müsəlman üçün yəhudi kimdir?

Müsəlman üçün yəhudi lənətlənmiş, öz peyğəmbərlərini qətl etmiş, amansız toplumdur. Məhz bir müsəlman yəhudiləri şeytanın yer üzündəki cisimləşmiş halı kimi görür. Onlar öz bədbəxtliklərini, problemlərini və dinlərinə təhdidi yəhudidən gözləyirlər. Hətta müasir dövrdə müəyyən irəliləmədən sonra onlar da öz düşüncələrində yəhudilərlə bağlı məsələni inkişaf etdirərək onları bütün dünyanı ələ keçirən şeytan kimi təsəvvür edirlər. Müsəlmanlara görə, bu gün dünyada nə pislik varsa, hamısının tək səbəbkarı yəhudilərdir - dünyada baş verən qıtlıqlar və aclıqlardan tutmuş, hətta Afrika qəbilələri arasındakı savaşlara qədər...

Həmçinin yuxarıda da qeyd etdiyimiz identifikasiya və sivilzasiya məsələsində də fərqliliklər ortaya çıxır. Bu 3 səmavi din eyni kökdən yaransa da, hər biri ayrı cür inkişaf edərək fərqli sivilzasiya yaradıb. Müsəlmanlar özlərini bir sivilzasiya örnəyi təqdim edərək digər qrupları özlərindən ayırırlar. Nəticədə identifikasiya toqquşması yaranır. Bu eynən millətlərarası, tayfalararası və daha primitivə getsək, uşaqlar üçün məhlələrarası konfiliktləri xatırladır...

Müsəlman özünün ən doğru olduğunu, öz həqiqətlərinin ən həqiqi və mütləq olduğunu qəbul edir və bunun bu düşüncəsi digərləri ilə toqquşaraq ortaya konfiliktləri çıxarır. Bu məsələdə də hər bir müsəlman, sadəcə, hadisəyə öz baxış açısından yanaşır: İsrail düşməndir, o məhv edilməlidir, o torpaqlar da bizimdir. 

İddia edirlər ki, Yerusəlim (Qüds) müsəlman torpağıdır və Fələstinə verilməlidir. Amma həm də unudur ki, 3 səmavi dinin başlanğıcı iudaizm (yəhudilik) dini məhz Yerusəlimdə olmuş, hətta digər Orta Şərq dini olan xristianlıq üçün dini obraz olaraq qəbul edilən İsa Məsih də yəhudi olmuş, o da Yerusəlim torpaqlarından çıxmışdır. Bu da müsəlmanın öz həqiqətləri ilə ziddiyyət təşkil edir, çünki onlar bütün səmavi dinlərin Allah tərəfindən göndərildiyini iddia edir və bütün peyğəmbərləri qəbul edirlər, sadəcə, sonuncu peyğəmbərin şəriətinə əməl etdiklərini deyirlər. 

Bütün bunlara baxmayaraq və nə etməsindən asılı olmayaraq, müsəlman açısından haqq hər zaman onunladır, çünki bu, dini identifikasiya məsələsidir. Onların bəziləri bunu inkar etsə də, sosioloji elmlər bunu inkar etmir. Hansı ki identifikasiya məsələsi toplumun davranış və münasibətlərinin əsas istiqamətləndirici trayektoriyasıdır. Halbuki müsəlmanlar görürlər ki, hansısa ərəb ölkələrində və İranda yəhudilərin yaşaması mükünsüzkən İsrail parlamentində ərəb, islamçı partiyalar mövcuddur, ölkədə islamçı təşkilatlar da var və onlar seçkilərdə səslər qazanaraq Knessetdə yerlər əldə edirlər. Hətta onların əsas siyasi məsələlərdə təsir etmək imkanları var. Bu səbəbdəndir ki, İsrail uzun illərdir stabil hökumət qurula bilmir, çünki həmin ərəb siyasilərin koalisiyasının proseslərə təsiretmə nüfuzu daha da artıb. Onlar İsrailin ən önəmli strateji məsələlərinə belə əks çıxa bilirlər. Örnəyi Fələstin məsələlərində ciddi etirazlardır. Lakin müsəlman ölkələrinin heç birində eyni proses yoxdur. Məsələn, ərəbləri kənara qoyub, konkret Türkiyəni götürsək, görəcəyik ki, antisemitizm ciddi formada boy atıb. 

Bəli, müsəlman identifikasiyasına görə bu tarixən də olmuş, lakin Ərbakan və sonrasında AKP kimi islamçı-fanatik hökumət dönəmində bu daha da körüklənmiş, o hala gəlmiş ki, AKP-nin dəstəkçi dindar-fanatik kütlsi yəhudilərə nifrət bəsləyir və nifrət nitqləri səsləndirilər. Bu isə tarixin qara ləkəsi olan "Holkost"un arxasında dayanan şərtləri, sosioloji durumu xatırladır. 

Amma tarixə nəzər salsaq, yəhudilər həmin torpaqda min illərdir yaşayır və onlar müxtəlif zamanlarda o ərazilərdən qovulub, təqiblərə məruz qalaraq müxtəlif ölkələrə köç ediblər. Yalnız 1948-ci ildə qovulduqları torpaqlara qayıda biliblər. Ona görə də müsəlmanların "sizlər 1900-cü illərdə qayıtmısınız" sözü tarixi təhrifdir, bu təhriflərin də tək səbəbi qeyd etdiyimiz müsəlman kimi özlərini identikləşdirməkdən doğur.
 
İndi isə sonuncu baxış bucağı olan azərbaycanlı prizmasından yanaşaq:

Bu çox qarışıq məsələdir, çünki azərbaycanlı özünü həm azərbaycanlı, həm də müsəlman kimi identifikasiya edir. Bu isə iki ziddiyyətli məqam yaradır. Ona görə də öncə biz müəyyən etməliyik ki, kimik və yaxud bizə nə lazımdır, nə istəyirik? 

Azərbaycanlı özünü azərbaycanlı kimi dərk edirsə, o, siyasi reallığı  anlamalıdır. Birincisi, azərbaycanlı anlamalıdır ki, o, dünyada haqqı bərqərar edəcək potensiala, gücə sahib deyil. O, sadəcə, var olan düzənin qaydalarına uyğun olaraq öz maraqlarını müdafiə və təmin etməlidir. O anlamalıdır ki, Qarabağ məsələsi onun haqq işi idi, lakin 28 il idi ki, tək-tük dövlətləri çıxmaqla bütün dünya birliyi buna susur, hətta Azərbaycanı hərbi addımlar atmaqdan çəkindirirdi.

Xocalı kimi hadisəyə (1992-ci il) susub, az qala bir əsr öncə baş vermiş 1915-ci il hadisələrini gündəmə gətirirdilər. Azərbaycanlı dərk etməlidir ki, onun haqq işinə dəstək verən tək-tük ölkə var və bunlardan biri də İsrail idi. İsrail, sadəcə, silah satmaqla dəstək verməyib, halbuki bu özü belə yetərlidir, çünki onun PUA-ları məhz itkilərimizin qat-qat çox olmasının qarşısını almışdır.

İsrail həmçinin bu günlərdə də ABŞ tərəfindən adı çəkilən 907-ci düzəlişin ləğvi ilə bağlı lobbi fəaliyyətlərində bulunub. 907-ci düzəliş Azərbaycana maliyyə yardımı və silah satışını qadağan edirdi. İsrail təkcə Qarabağ üçün gərəkli müttəfiq deyil, bu həm də 1918-dən bəri Azərbaycanın təməli atılandan ona imperialist bir baxışla baxan İranın da cilovlanması, məhdudlaşdırılması üçün də önəmlidir. Hansı ki İran nə Birinci, nə İkinci Qarabağ savaşında Azərbaycanı həqiqi şəkildə dəstəklədi. Hətta bizim haqq işimizə kölgə salmaq, qələbələrlə irəliləməmizi əngəlləmək üçün müharibə ərəfəsində Azərbaycanı terrorçularla iş birliyində suçladı, böhtanladı. Halbuki açıq-aydın səs yazıları və görüntülərlə sübut olunmuşdu ki, Ermənistan terror təşkilatı olan PKK-dan istifadə etmişdi. İran bu gün də həm dünya, həm də Azərbaycan üçün ən əsas təhdid olaraq qalmaqdadır, nəinki təkcə hərbi, həm də kütlənin cahilliyini istismar edərək fars şovinizmini-imperializmini maskirovka etdiyi şiəliklə manipulyasiya edərək özünə sosial baza qurmaqdadır və biz bunu çox açıq şəkildə görməkdəyik. 

İranla bağlı çox şeylər yazmaq olar - bunu özünüz də araşdıra bilərsiniz. Qısaca, bütün bu təhdidlərə qarşı müttəfiq İsraildir. Azərbaycanlı özünü müsəlman kimi indentifikasiya edəndə anlamalıdır ki, bütün millətlərin, elə ərəblərin və fələstinlilərin də öz dini kimlikləri milli maraqlarından sonra gəlir, dini də məhz milli maraqları üçün istifadə edirlər. Bunu biz ərəblərarası münasibətlərin gərginlik dönəmlərində açıqca görə bilərik. Qısaca, əgər sən var olmaq, öz varlığını qorumaq istəyirsənsə, öncə birinci kimliyini müəyyən edib qorumalısan. Hansı ki bunun adına dövlət, ordu, bayraq, torpaq və sərhədlərin var və sonra isə digər kimliklərini məhz birinci kimliyə görə uyğunlaşdırmalısan. Necə ki bütün millətlər belə edib: istər Avropa xalqları, istər Orta Şərq, istərsə də Qafqaz. Birinci kimlik isə bəllidir: AZƏRBAYCANLI.

Azərbaycanlı və müsəlman sosial kimlikdir. Məqalənin sonunda qeyd edilən birinci, ikinci sıralamaları da sosial kimliklər müstəvisini ehtiva edir. Məqalənin ilk girişində olan insani kimlik isə sosial yox, bioloji kimlikdir və bu burada müqayisə predmeti deyil, əlavə olaraq yuxarıda qeyd edilib, izahlar verilib.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.