Fəxri Uğurlu: “İndi cəmiyyətin kitabla əlaqəsi itib”
09-08-2021 18:21 / Bu xəbər 1282 dəfə oxundu
"Hazırda 20 il bundan əvvələ nisbətən kitaba olan maraq qat-qat yaxşıdır. 1990-cı illərdə insanlar kitaba, romana marağın öldüyünü düşünürdü. Ancaq sonradan məlum oldu ki, janr ölməyib, onu dəfn etməyə çalışanlar bir az tələsiblər”.
Bu fikirləri "Report”a açıqlamasında yazıçı-publisist Fəxri Uğurlu 9 avqust - Kitabsevərlər Günü münasibətilə danışarkən bildirib.
Onun sözlərinə görə, kitabın əvvəlki dövrlərdə yüksək inkişafının səbəblərindən biri tirajın çox olmasında idi: "Əvvəllər milyon tirajla çap olunan kitablar var idi. İndi cəmiyyətin kitabla əlaqəsi itib. Təkcə bizdə deyil, dünyanın hər yerində vəziyyət belədir”.
Yazıçı-publisist deyib ki, onun kitablarını oxuyan gənclərin əksəriyyəti ədəbiyyatla məşğul olanlardır: "Qeyri-sahələrdən ədəbiyyata maraq göstərənlər çox azdır. Bu maraqsızlığın əsas səbəbi internet dövrünün hökmranlıq etməsidir. Əvvəllər gənclərin əyləncə növləri çox az idi. Ona görə də kitaba meyillənirdilər. İndi onları bu qədər texnologiyanın əhatəsində kitab oxumağa cəlb etmək çox çətindir. Bunu etmək üçün kitabımızı əvvəlcə dünya səviyyəsində tanıtmalıyıq. Onların dünya ölkələri arasında oxunmasına cəhd etmək lazımdır. Əminəm ki, bundan sonra insanlar öz ədəbiyyatımıza daha çox maraq göstərəcəklər. Çünki bu, dünya səviyyəsində sınanmış bir təcrübədir”.
F.Uğurlu gənclərin dünya ədəbiyyatına milli ədəbiyyatdan daha çox maraq göstərməsi məsələsinə də toxunub: "Gənclər arasında ədəbiyyatın müxtəlif sahələrinə marağı olanlar var. Onları müşahidə edirəm, yeri gələndə nəsə öyrənirəm. Ancaq gənclərə düzgün istiqamət vermək lazımdır. Bəzən bizə müraciət edirlər ki, oxumağa hardan başlayaq. Onlara başlanğıc kimi folkloru, milli ədəbiyyatı məsləhət görmək lazımdır. Bu da ən azından dilin inkişaf etməsinə görə vacibdir. Yalnız bundan sonra dünya ədəbiyyatına keçmək daha məqsədəuyğundur. Əgər bacarırlarsa, paralel şəkildə də oxuya bilərlər”, - deyə o vurğulayıb.