Firuzə - 2015

Firuzə - 2015

29-09-2023 16:48 / Bu xəbər 4370 dəfə oxundu

Çingiz SULTANSOY

Hekayə

Cəfər Cabbarlının hekayəsinin cağdaş rimeyki. Buna adaptasiya və ya dekonstruksiya da deyirlər. Ustad qələminə hormət ve ehtiramla. 
Müəllif

O, gözəl, sifətdən Ketrin Zeta-Consa bənzəyən gənc bir qızdi; şərqli qızlara məxsus qara gözləri, qələmlə çəkilmiş kimi qara qaşları, botoksla boyüdülmüş kimi, amma təbii dolu dodaqları, dümdüz, şümal ayaqları vardı.

Sonralar, dostlaşıb yaxın olandan sonra, ona sataşmaqçün zarafatla "Sənin dodaqların dodaq deyil, ləbdir” - deyirdim.

Doğrusu, bu Firuzə adlı qızı ilk dəfə görəndə məni maraqlandırmamışdı. Onun daima daxili həyəcan keçirdiyini sonradan bildim, pasientim olandan sonra.
Bakıda tanınmış, nüfüzlu psixoterapevt olduğumu öyrənib, qəbuluma gəlmişdi, honorarımı aybaay, necə lazımdı, ödəyirdi, dərd-sərini, problemlərini mənə danışıb, ürəyini boşaldırdı, məsləhət alıb, az-çox yüngülləşirdi.

Psixoterapiya kursu altı ay çəkdi, amma Firuzəyə xeyri də çox odu.  Bir gün, işin sonunda, növbəti psixoterapiya seansından sonra məni saxlayaraq, rəngdən-rəngə girən üzü, xəfif-xəfif əsən incə dodaqları və şirin dili ilə:
- Bağışlayın, doktor, sizdən bir ricam var, - deyərkən, elə də təəccüb etmədim, - Mən bu kursu davam etmək istəyirəm, amma… Sizdən xahiş etmək istəyirəm, əgər mümkünsə...
O, öz fikrini ifadə edə bilmədi, dili dolaşdı, qızardı.
- De görüm, Firuzə, utanma. De görüm, nə istəyirsən?
O, yerə dikdiyi dərin, atəşli gözlərini qaldıraraq gözlərimim düz içinə diqqətlə baxdı və birnəfəsə, əvvəlcədən hazırladığı sözləri:
- Doktor, işdə ixtisara düşmüşəm, indi sizin müalicə kursunuzu ödəməyə imkanım yoxdu, ona görə əvəzinə sizin klinikanızda işləmək istəyirəm, istənilən işi görərəm, - dedi.
- Kursu bitirmək üçün klinikamda işləmək lazım deyil, sonuna da çox qalmayıb. Səndən pul almaram, ürəyini sıxma, seanslara gəl, davam edək, yenidən işə düzələndə ödəyərsən. 
- Yox, doktor, çox xahiş edirəm, mümkünsə... sizin yanınızda olmaq, sizin klinikada işləmək istəyirəm, kömək etmək istəyirəm, nə desəz, nə istəsəz, razıyam, - dedi. Və gizli məna da daşıyan son sözlərinin təsdiqi kimi sol əlimdən tutub, yavaşca sıxdı, nazik barmaqlarıyla sol əlimin dərisini yavaşca tumarladı.

Onun sözlərinin və hərəkətinin əsil mənasını anladığımdan və tumarından özümdən ixtiyarsız həyəcanlandım, ürəyim döyündü. Mən pasientlərlə və işdə tabeliyində olanlarla mazaqlaşan, intim yaxınlığa can atan həkimlərdən, müdirlərdən heç vaxt olmamışam, dəliqanlı cavanlıq illərimdə də. Ona görə yox ki, çox elə əxlaqlı, prinsipial adamam. Yox. Əlbəttə, belə münasibətlər əxlaqa ziddir, yaramazlıqdır, amma həm də hesab etmişəm ki, özünə hörmət edən müdirə və kişiyə yaraşan iş deyil bu, səndən asılı olan, maaş verdiyin qadından belə təmənnalar edəsən. İş ayrı, kef, eşq-məhəbbət, eyş-işrət, seks ayrı. O ki qaldı indi, altmışı ötəndən sonra.

Amma mənim müalicəmdən ayrılmaq istəməyən və görünür, pula kəskin ehtiyacı olan, onsuz da problemli çox gənc qadına bu yerdə "yox” demək insafsızlıq olardı. Ər yox, ata yox, qardaş yox, arxasında duran biri yox, himayəsində də oğlu, anası, qaynanası, baldızı. Əslində onun kimi, uyğun peşəsi olmayan işçiyə ehtiyacım yox idi, amma fikirləşdim ki, gənc və gözəl üzlü qadının, çox arıq olsa da, klinikaya ziyanı olmaz, intriqan və ağlı topuğunda deyilsə:
- Bazar ertəsindən işə çıxa bilərsən, - dedim, səsim boğuq çıxdı, dilim-dodağım bir andaca qurumuşdu, - adicə köməkçi-dəftərxana işçisinin işini görəcəksən, qalan heç nə lazım deyil. Anladın?! Heç nə!

Bazar ertəsi Firuzə klinikaya mavi xalatla gəldi. Qəbuldan sonra kabineti nizama saldı, pasientləri qarşılamağa, yola salmağa kömək edir, xəstəlik tarixçələri üzərində çalışır, kartotekamızı, əsas kompüterdə məlumat bazasını, qalaq-qalaq faylları səliqəyə salırdı.

İşin tələblərini ikicə həftəyə öyrəndi, bir aya alışdı, hamıyla dil tapdı, dörd aya əvəzolunmaz bir əməkdaş oldu. Görünür, elə bu zaman ona dediyim "Dəftərxana işçisinin işini görəcəksən, qalan heç nə lazım deyil. Anladın? Heç nə!” sözlərinin yalnız söz deyil, doğru olduğunu anlayıb, mənimlə kabinetdə təkbətək qalmağa can atmağa başladı.

Beş-altı aydan sonra ətə-qana doldu, yumrulandı, mavi xalatını bu dəyişikliklərə uyğunlaşdırıb daraltdı, qısaltdı, xalat əndamına, incə belinə kip oturub onu xeyli daha cəzbedici, seksi göstərirdi – kişi pasientlərin ona yönəli baxışları, münasibəti aydın hiss etdirirdi. Ona üz vermirdim, amma yenə də yanımdan keçəndə, mənə kabinetimə sənəd, qovluq və ya çay gətirəndə qabarıq döşləriylə, top kimi tarım budlarıyla mənə yavaşca toxunurdu, bunu da elə məharətlə, sanki təsadüfən edirdi ki...

Bir dəfə belə olaydan sonra kabinetimdə təklikdə onu çox yumşaqca məzəmmət edəndən sonra utandı, başını aşağı salıb bərk qızardı və sözümü bitirən kimi kabinetdən çıxmaq üçün icazə istədi.

Bu olaydan iki-üç ay keçdi, Firuzə bu sayaq qadın fəndlərinə bir daha əl atmırdı, mən də tələ qurub məni tora salmaqdan əl çəkdiyini düşünüb, arxayınlaşdım. Amma nə biləydim ki, əsas qadın tələsi, ən böyük tor hələ qabaqdadır.

***

Firuzəni klinikada işə götürməyimdən iki ildən çox vaxt keçmişdi. Bir gün axşamtərəfi qapının zəngi çalındı, katibəm İlahə köhnə bir pasientimin qəbula və növbəyə yazılmadan təcili mənimlə görüşmək istədiyini, qısa, amma çox vacib söhbətçün çox təkid etdiyini dedi və razılığımı alıb, onu içəri buraxdı.
Qarşımda ucaboy, arıq, amma möhkəm bədənli, göy üçdüyməli, kamuflyaj şalvarlı bir kişi dururdu. Çox həyəcanlı və narahat görünürdü. İçəri girəndə diqqətlə baxıb, çox çətinliklə tanıdım. Neçə il bundan əvvəl, hələ dövlət klinikasında işləyəndə bir-iki dəfə müayinəyə gəlmişdi, hətta xəstələri qəbul saatlarından kənar qəbul etmədiyim üçün, haqqımda hansısa müxalifət qəzetinə də yazmışdı.

Çox səliqə ilə görüşdü və təklifdən sonra oturub, xəfifcə gülümsəyərək:
- Məni tanımırsınız, doktor? - dedi, - adım Məmməddir, vaxtilə sizdən qəzetə yazmışdım, - sonra kədərli bir təbəssümlə əlavə etdi, - yenə sizdən yardım almağa gəlmişəm.
- Siz yenə xəstəsinizmi?
- Yox, doktor. Mən azmışam.
- Necə yəni azmışam?
- Evimizi itirmişəm.
Mən diqqətlə ona baxdım, xəstə olduğuna heç şübhəm yoxdu. Onu müayinəyə cəsarət etmirdim, çünki özü bunu təklif etmirdi. Üzündə bir həyəcan vardı.
- Çox qəribədir, doktor, evimizi itirmişəm.
"Bəlkə beyninin bir hissəsi zədələnib?” - düşündüm və eyni zamanda:
- Evinizin yerini unutmusunuz? - soruşdum.
- Yox, - Məmməd tez cavab verdi. - Mən 20 il, yəni anadan olandan  əsgərliyə gedənə kimi Bakıda yaşamışam. Bakının hər bir küçəsinə, hər bir döngəsinə, dalanına bələdəm. Çox yaxşı yadımdadır: Nəriman Nərimanovun heykəlinin arxasında, əyri-üyrü küçələr, evlər və xarabalıqlar arasında iki otaqdan ibarət kiçik bir evimiz vardı. Evimizin damı dal tərəfdən əyri bir döngə ilə bərabərdə idi, bu döngə həmişə köhnə maşın şinləri, velosiped təkərləri, ayaqqabı tayları, sınıq araq və pivə şüşələri, plastik botullar, sellofan torbalar kimi zir-zibillə dolu olardı.

O, həyəcanla danışırdı, getdikcə daha da coşur və uşaqlıq xatirələrinə dalırdı, mən diqqətlə qulaq asırdım.
- Mən o zaman uşaqdım. Yaxşı yadımdadır, bir xlorsatan uşaq kolyaskasına qoyulmuş qutuda, "Kola”, "Pepsi”, "Fanta” botullarında bizə xlor daşıyırdı, cır səslə "Xlor vaar! Xloor! Xlooor!” qışqırırdı. Su, qaz, işıq idarələrinin işçiləri bizim məllənin evlərini gəzər, borcları həmişə min bir çətinlık, dava-şava ilə yığardılar. Bir də məhlədəki marketdən nisyə alınan malların borcunu yığmaq üçün qonşu evləri müntəzəm gəzən yoğunpeysər satıcı, bizə də gələr, hərdən atamla sözləşərdi. Yaxşıca yadımdadır ki, bir gün atam evdə olmayanda anam həmin satıcıya borcun bir hissəsini ödəyəndə, o, anamın pul uzadan əlini tutdu, anam əlini dartsa da buraxmadı. Anam o vaxt hələ gəncdi, solmamışdı. Satıcı anamın əlini əlində xeyli saxlayıb, nəsə deyirdı; anam isə içində o vaxt mənə anlaşılmayan hisslər və məna dolu gözlərini qaldırıb ona baxdı və məni göstərdi.

Atam isə hər gün Nizami küçəsinin sonunda, dəmiryol vağzalı tərəfdə, Bakı Mətbuat Klubunun yanındakı qul bazarına gedir, iş tapanda ət, kərə və günəbaxan yağı, toyuq budu, yumurta, şəkər tozu ilə əlidolu gəlir, mənə "Mars”, "Snikers”, "Ülkər” alırdı, tapmayanda isə evə əliboş, əli ətəyindən uzun, başıaşağı qayıdırdı.
Qonşu otaqdan Firuzənin səsi eşidildi. O, xoş bir səslə, adətən xoşuna gələn Azərbaycan mahnılarından birini oxuyurdu, bu dəfə "Dəyirman” qrupunun Elnarə ilə repini:
Money, money, money!
Pul, pul, pul!
Cibdə varsa pul,
Life is wonderful!
Buralara pul buraxan gic deyil,
Vətənpərvərlik imic deyil,
Teleməkanlarda ulduzlar yetir,
Kimin pulu bitir, o, efirdən itir…
Money, money, money!
Pul, pul, pul!
Cibdə varsa pul,
Life is wonderful!

Məmməd birdən gözlərini mənə dikdi və:
- Oxuyan kimdir? - soruşdu. Fikrini dağıtmaq üçün laqeyd bir halda:
- Qızımdır, - cavab verdim. İki qızım, bir oğlum, dörd nəvəm vardı. Firuzə kiçik oğlumdan da yeddi yaş kiçik, qız nəvəmdən beş yaş böyük idi.
- Yaxşı səsi var.
Razılıq əlaməti kimi başımı tərpətdim. Müsahibim yerindən azacıq qalxdı, məndən icazə istəmədən siqaret çıxartdı və dərindən köksünü ötürərək, öz-özünə danışrmış kimi:
- O da tez-tez belə oxuyardı, - dedi, gözləri daha da dumanlandı, daha dərin bir xəyala daldı. Mən dinməzcə ona diqqət edirdim.
- Bəli, doktor, hamısı yadımdadır. Mən lap uşaqdım. Bir gün atam evə qayıtmadı, sabahısı gün də gəlmədi. İndiyəcən belə şey olmamışdı. Anam polisə muraciət etdi, orada ərizəsini alıb, axtaracaqlarına söz verdilər, amma anamın sözünə görə, axtarana oxşamırdılar, çünki əvvəlcədən "benzinpulu” istədilər. Amma bizdə pul nə gəzirdi?
Bir aydan sonra anamı morqa, Bigəh tərəfdəki kimsəsiz bağdan tapılan meyitə baxmağa çağırdılar, anam getmək istəmirdi, tərəddüd edir, qorxurdu.
Amma çox tərəddüddən sonra getdi və o ölən adamı tanıdı, – atam idi. Burada qohumlarımız yox idi, qonşular və iki-üç yoldaşı yığışıb atamı dəfn elədilər, üçünü, qırxını yola verdilər.
Qonşu otaqdan zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi.
Müsahibim yenə yerindən sıçradı və:
- Oxuyan kimdir? Hə, dediniz, qızınızdır, - deyib, yenə dərindən köksünü ötürdü.

Bu dəfə Firuzə Sezen Aksunun mahnısını oxuyurdu:
Mevsimi geldi susadım aşka,
Benimle bir bütün oluver şimdi.
İkinci bahar yaşıyor ömrün,
Gel benim yarim oluver şimdi,
Seni gül gibi öpe, koklaya,
Gözümden, dilimden, sakınır saklar
Bugünkü aklımla severim şimdi!

Firuzə Sezenin oxuduğu kimi "İkinci bahar yaşıyor ömrüm” əvəzinə bu mahnıda "İkinci bahar yaşıyor ömrün” oxuyurdu – mənə ünvanlayaraq.
Doğrudan da ömrümün ikinci baharını yaşayırdım bu gənc, məndən az qala qırx yaş cavan qadına görə. 

İndi isə mən Məmmədə yanaşdım və psixi xəstəliyinə şübhə etdiyimi sezdirməmək üçün boğazdan yuxarı gülümsəyərək:
- Bəs sonra necə oldu? - soruşdum.
- Atam öləndən sonra, anam varlı evləri yığışdırmağa gedirdi, qəpik-quruş qazanıb bizi dolandırmağa çalışırdı, varlı evlərin yanındakı zibil yeşiklərindən bizə və özünə paltar, ayaqqabı tapıb gətirirdi, amma yarımac yaşayırdıq, bizi dolandıra bilmirdi. Soyuq qışları evimizdə donurduq. İşıq, qaz müfəttişləri anamı hədələyirdilər ki, qazı, işığı kəsəcəklər, anam onlara yalvarırdı, ağlayırdı.

Elə o zamanlar marketin o peysər satıcısı evimizə ayaq açdı. Mən sevinərdim, çünki mənə şokolad, konfet, "Kindersürpriz” gətirərdi. Belə günlər anam məni və kiçik bacımı tez yatırardı.

Nəbzini yoxlarkən, məqsədimi anlayan Məmməd birdən sözünü kəsərək:
- Doktor, əbəs yerə zəhmət çəkirsiniz. Mən qətiyyən xəstə deyiləm, - dedi, - mən xəstə deyiləm, ağlım da özümdədir. Görürsünüz ki, hər şey yadımdadır. Bir dəfə, qərənfilin ucuz vaxtında, dörd qərənfil alıb qəbristana getdim və atamın qəbri üstünə qoydum. Sonra kasıbçılıqdan üstü götürülməmiş, başdaşı adi "kubik” olan qəbrin yanında uzanaraq, kiçik üzümü qəbirə dayadım. Soyuq torpağı isti göz yaşlarımla isladaraq, uzun-uzadı ağladım. Payız axşamının küləyi sümüklərimə işləyirdi. Bütün bədənim titrəyirdi. Bundan sonra xəstələndim və üç ay yatdım. Doktor, bəlkə mən sizə mane oluram? - soruşdu.
- Yox, əksinə, sizin söhbətinizlə çox maraqlanıram, - deyə tez cavab verdim.
- Mən azmışam, "samostroy” evimizi, bütün məhəlləmizi itirmişəm. Qapıda sizin adınızı oxuyub, vaxtilə müalicə etdiyiniz köhnə bir tanış kimi bəzi şeylər öyrənmək üçün yanınıza gəldim.
- Necə oldu ki, belə sağlam və qüvvətli bir adam olduğunuz halda, birdən adınızı və evinizin yerini itirdiniz?
- Mən evimizin yerini itirməmişəm, yerini tanıyıram, buna heç şübhə ola bilməz, ancaq iş orasındadır ki, evimiz öz yerində yoxdur. Qonşu evlər də yoxdur, məhləmiz da yoxdur.
- Evdən nə zaman çıxmısınız?
- Mənim Bakıdan çıxdığım doqquz ildir. Dünən gəlmişəm. Aeroportdan taksini evimizə sürdürdüm, ancaq evimizi yerində tapmadım. Bizim asfaltı çat-çat olan, dağılan, yarısının heç olmayan, yayda tozlu-torpaqlı, qışda palçıqlı əyri-üyrü küçəmizin yerində geniş, yeni asfalt döşənmiş bir küçə gördüm. Bu başından o başına qədər göz işlədikcə gözəl on dörd, on altı mərtəbəli binalar sıralanmış bir küçə. Bahalı xarici maşınların ardı-arası kəsilmirdi, siqnal səsləri küçəni götürmüşdü. Evimizin dalında, həmişə zibillə dolu olan döngədə gözəl iyirmidördmərtəbəli, birinci mərtəbəsinin divarlarına mərmər döşənmiş elit bir bina yüksəlirdi. Adamlar da dəyişən kimi olmuşdu. Özlərinin ağır aparmağa çalışan məhlə oğlanlarının, başıaşağı qızların, ağır oturub batman gələn ağsaqqallarının əvəzinə, küçədə indi qısa yubkalı, böyük dekolteli, açıq-saçıq qızların qəhqəhələri yüksəlir, məhlə cayılları va ahılları isə buna bir söz də demirdilər.
- Hə, demək sizin evinizin yerində küçə salınmışdır?
- Necə yəni bizim evimizin yerində? Bəs qonşuların evləri? Sovetski küçəsindən və meydanından yuxarı, aşağı neçə-neçə köhnə məhəllə tamam yox olub. Mən çaşıb qaldım. Oraları çox yaxşı xatırlayırdım. Amma nə evimizi, nə qonşularımızın evlərini, köhnə hasar-divarlardan bir əsər-əlamət görmədim. O dar, kələ-kötür, sürüşkən küçələrin yerində asfaltla döşənmiş, hündür mərmər bordürləri olan, köhnə və təzə "Mercedes”, "BMW”, "Lexus”, "Porsche”, "Hummer”lərin aramsız hərəkətindən qara ayna kimi parlayan geniş bir yol gördüm. Mənə elə gəldi ki, burada bir zəlzələ olmuş, vulkan köhnə və qaranlıq küçələri batıraraq, əvəzində yerin dərinliklərindən təmiz evli, geniş küçəli, gözəl, yaşıl parklı, əlvan çiçəklərlə gülümsəyən, bahar nəşəli yeni bir şəhər çrxarmışdır.
- Bu gördüklərin pis şeymidir?
- Demirəm ki, pisdir. Axı bəs ailəm, qoca anam necə oldu? Qoca, savadsız və kimsəsiz qadın hara pənah apara bilər? Bəs kiçik bacım, arvadım?
- Sizin burada arvadınız da qalmışdı?

Müsahibimin rəngi dəyişdi. O, dərin bir ah çəkdi:
- Bəli, mən böyüyüb evləndim axı.

Amma uşaqlıqda mənə "Kindersürpriz” gətirən o peysər satıcı axşam, qaranlıq qovuşandan sonra bizə əlidolu gələndə hec vaxt qapını döyməzdi, çünki qapı açıq olardı, anam qapını açıq qoyardı. Bir dəfə axşam peysərin gətirdiyi duzlu xəşəmi yeyib yatandan sonra gecə su içmək üçün oyananda, qonşu otaqda qarışıq səslər eşitdim və anamın yataqda peysərlə sanki güləşdiyini, əlləşdiyini gördüm.

Peysər anamı yatağa yıxmışdı, onun yekəpər bədəni altında itib-batmış, çox kiçik görünən anam isə əllərini, ayaqlarını onun belinə dolayıb qalxmağa çalışır, yavaşcadan, aram-aram inildəyirdi.

Bu səhnə məni çox qorxutdu, qışqırıb onların üstünə qaçdım, peysər qəzəblə mənə doğru çöndü, itələdi, anam isə gecə köynəyini tələsik əyninə çəkib məni ovutdu, yenə yuxuya verdi.

Biraz böyüyüb həyatın bu gizli məqamlarını anlayandan sonra peysərin evimizə gəlməsi, gecələməsi mənə yer eləməyə başladı, buna lağ edən məhlə uşaqları ilə neçə dəfə dalaşmışdım, döydüm-döyüldüm, ona görə avtobus sürücüsünün yanında işə pulyığan düzələn kimi evdən çıxdım…

Bu, belə baş verdi. Atam öləndən neçə il sonra küçədə mənə bir kişi rast gəldi. Bu adam vaxtilə qul bazarında atamla birlikdə həftələrlə dayanıb iş axtaran, atamın dəfnində və qırxında iştirak edən Səməd kişi idi. Mənim məktəbə getmədiyimi, küçələrdə avaralandığımı bilib dedi:
- Oğlum, mən indi Yasamalda böyük bir maşın stoyankasında stoyanşik işləyirəm. Əgər işləmək istəsən, səni də özümlə aparım, marşrut avtobuslarının birinə pulyığan konduktor düzəldərəm.
Onun köməyi ilə işə düzəldim və eyni zamanda məktəbə qayıdıb oxumağa başladım.
- Arvadınızdan danışmaq istəyirdiniz, - dedim. Məmmədin danışdığı əhvalatı sanki eşitmişdim, bilirdim, amma bunu mənə sanki başqa adam danışmışdı.
- Bəli doktor, elə ora gətirirəm sözü. Usta Səmədin qoca arvadı və kiçik qızı vardı. Qızı qaraqaş, qaragöz, çöp kimi arıq, amma mənim nəzərimdə dünya gözəli bir qızdı. Biz dostlaşdıq. Mən onu sevdim, o məni.

Səməd kişi çox yaxşı adamdı. Mən əlaltı işləyirdim, buna baxmayaraq, o, evlənməyimizə razı oldu. Bəlkə də, vaxtından xeyli əvvəl dingildəməyə başlayan məndən üç yaş kiçik qızını mənim kimisinə sırıyıb, canını qurtarmaq istəyirdi. Pul toplayıb, güclə iki-üç dəst paltar aldım və anamın yeganə qaşlı qızıl üzüyünü də üstünə qoyub evləndim.

Hələ on səkkiz yaşımda ürək zəifliyinə görə çağırışdan azad olunsam da, toydan düz dörd ay sonra mənə çağırış vərəqəsi gəldi, bizim etiraz-şikayətlərə baxmayaraq, məni Milli Orduya apardılar. Kasıb olduğum üçün əsgərlikdə elə günlər, nə zülümlər gördüm – çəkmə pulu, "otpusknoy” pulu yığılırdı, zabitlər bizdən kontur almaq tələb edirdilər, ala bilməyənləri döyür, işgəncə verirdilər. Məni elə də döyə bilmirdilər, amma naryad dalınca naryad alırdım, qubbağda çürüyüdüm. Hətta bəzi fağır əsgərləri zabitlər zorlayırdı, özü də belə zabitlərdən biri müdafiə nazirinin qohumuydu. "Otpusk” pulum olmadığı üçün, məni bir dəfə də olsun evə, anamı, arvadımı görməyə buraxmadılar. 

Əsgərliyin ikinci ilinin sonuna yaxın, "dembel” zamanı boyuma və hərbi təlimdə səylərimə, uğurlarıma görə məni elit hissəyə - Azərbaycan taqımına keçirib, kontrakt bağladılar və Beynəlxalq Koalisiya Qoşunlarının tərkibində Əfqanıstana göndərdilər. Rəsmi olaraq Azərbaycan taqımı döyüşlərdə iştirak etmirdi, qarnizon-patrul xidməti çəkirdi.

İki il yarım sonra bir dəfə Taliban dəstələrinin qəfil Kabul yaxınlığındakı aeroporta hücumu zamanı mən əsir düşdüm, talibançılar məni Bədəxşana apardılar. Orada əsirlikdə ilyarım qaldım.

Orada mən İslama gəldim, qardaşlarla tanış oldum, namaza başladım, haqqın yolunu tapdım. Sonra qardaşların dəvəti ilə əvvəlcə Əfqanıstanda, sonra İraqda, Suriyada kafirlərə qarşı vuruşdum. Amma İŞİD-in əməllərini, adamların başını qoyun başı kimi kəsməsini, dar ağacından asmasını görüb, əsas da ki, Ayman as-Zavarinin sağ əli sayılan Xalidin viski içib, üç qızla birdən əylənməsinin şahidi olandan sonra bundan da iyrənib bezdim, çıxıb gəldim.

Əsir düşmək söhbətində, İraqın, Suriyanın, Ayman as-Zavarinin adını çəkəndə Məmməd səsini ehtiyatla aşağı saldı, sonra yenə sözünə davam elədi.
- Doqquz il əvvəl ayrılandan sonra arvadımı bir də görmədim. Bəli, doktor, o məni sevirdi, mən də onu. Bir müddət İnternet imkanı olanda, məktublaşdıq, bir-birimizə aşiqanə sözlər yazdıq, şəkillər, telefonla SMS-lər göndərdik, zəngləşdik, amma birdən onun məktubları kəsildi, telefonumu isə oğurladılar, bütün nömrələri itirdim və bərpa edə bilmədim.

Sonra nömrəsini tapsam da zənglərimə nədənsə cavab vermədi, telefonunu ya qapatdı, ya nömrəni dəyişdirdi. Səbəbini bilmədim və beləliklə, onunla əlaqəm kəsildi. Ancaq bu yaxınlarda bir yoldaşım mənə yazmışdı ki, onu görüb, o, sağ-salamatdır, hərdən telekanallar onu göstərir, mahnı oxuyur və burada bir doktorla yaşayır.
Bilirəm, onu yoxsulluq vadar edib, o, məni səmimi olaraq ürəkdən sevirdi... Köməksiz cavan qadın mənsiz nə edə bilərdi?!
- Çay gətirsinlər, - deyə zəngi basdım.
Zəngin səsinə kimsə gəlmədi.
Qonşu otaqdan Firuzənin səsi eşidildi:
- Heç kəs yoxdur, doktor, İlahə mənə deyib getdi, sizi narahat eləmədi, mən dəmləyib gətirərəm.
Məmməd birdən yerindən sıçradı, nəsə bir şey xatırladı və heç bir şey soruşmadan oturdu.
- Əgər siz öz evinizi itirmisinizsə, qayınatanızı, Səməd kişini tapa bilərsiniz, - deyə söhbəti təzələmək üçün ona müraciət etdim.
- Onu evində və iş yerində axtardım, soruşdum. İndi şəhər əvvəlki kimi deyil, hətta 2006-ci ilə nisbətən çox dəyişilib. İnqilab küçəsinə yaxın yerdə birmərtəbəli evləri və məhəllələri sökülüb, yerində on iki, on dörd mərtəbəli binalar tikilib. Köhnə küçələr, yollar yox olduğu kimi, tozlu-torpaqlı stoyankalar da yox olub. İndi şəhərin çox yerində yeraltı ve ya yerüstü, hər cür təmin olunmuş stoyankalar var. Əlbəttə, qiymətləri xeyli bahadır, amma, bahalı xarici maşınların stoyankası, qarajı da baha olmalıdı, təbii.
- Demək, Səməd kişini tapmadınız? - səbirsizlik elədim.
- Yox, tapmadım. Dedilər ki, o, indi böyük bir yeraltı stoyankanın müdiridir. Bəxti gətirib, maşınına baxdığı bir mal həkimini səhiyyə nazirinin müavini qoyublar, o da Səmədi şəhərin mərkəzində, Azadlıq Meydanının altında bahalı stoyankanın müdiri qoydurub. İndi onu Amerikaya göndəriblər ki, gedib orada yeraltı stoyanka işi ilə tanış olsun. Bu xəbər, əlbəttə, məni sevindirdi. Düşündüm ki, bir parça çörək üçün yay-qış günəşin, küləyin, yağışın altında təpik döyən, gecələri yatmayan adam, indi yaxşı tanışlıq sayəsində öz bacarığını göstərib inkişaf etdirməyə imkan tapmış, vəzifə sahibi olub, Amerikaya getmişdir. Amma onu da dedilər ki, qaynatam Səməd pullanandan sonra birinci arvadını evindən qovub və boşayıb, gənc bir qadını evinə gətirib, evlənmək istəyir. Keçmiş arvadına və tək qalan qızına – mənim arvadıma heç bir manat da kömək eləmir.
- Arvadınızı da tapmadınız?
- Yox, arvadım və balaca bacım haqqında kimsə bir şey bilmir. Arvadımın sağlığı haqqında yazmışdılar, dedim sizə. Bacım isə yəqin ki, acından, ya da xəstəlikdən məhv olub getmişdir. 

Mənə məsləhət gördülər ki, Xoşqədəm Hidayətqızı adlı məşhur aparıcının "Səni axtarıram” verilişinə müraciət edim, o tapar. O, hamını tapır. Deyirlər ki, bir-birini itirib illərlə axtaran yüzlərlə adam onun verilişində görüşür.
Qapı döyüldü.
- Gəlin, - dedim. Müsahibim "Kent”qutusunu cibindən çıxarıb əlində tutmuşdu, siqaret çəkməyə hazırlaşırdı. Qapı açıldı. Firuzə incə belini, silikonla doldurulub boyüdülmüş kimi, amma yüz faiz təbii qabarıq sinəsini vurğulayan qısa və dar mavi tibb xalatında içəri girdi.
- Pasientlərin danışdıqlarını kompüterdə yığdım, faylları bugünkü tarixlə folderə qoydum, audiokassetləri şkafa qoyub bağladım, gedirəm. Bu gün Aslan konservatoriyada çıxış edəcək. Mənim üçün bilet gətirib. Züleyxa da gələcək, amma Balaxanım xala gələsi olmadı.

Müsahibim Firuzəyə çox diqqətlə baxırdı. Lakin o, qızı yalnız arxadan görürdü. Buna baxmayaraq, Məmməd onu görmək və səsini eşitmək üçün sehrkar bir qüvvə ilə yerindən qalxır, boylanır, yenə də otururdu. O, siqareti əlindən saldı və əyilib götürmək istərkən belə, Firuzədən gözlərini ayıra bilmədiyi üçün, əlindəki paçkadakıları da yerə dağıtdı.

Züleyxa və Balaxanım adlarını eşidər-eşitməz siqaret qutusunu masaya qoyub dikəldi. Mən ona diqqət edirdim. Mənə baxıb Firuzə də döndü və mənim baxdığım tərəfə baxdı.

Müsahibim indi onu tamamilə görürdü. O, anlaşılmaz bir duyğu ilə titrəyirdi. Döş qəfəsi hava ilə dolu olduğu halda, nəfəs belə, çəkmirdi. Kişiləri həmişə ovsunlayan, həmişə də onlara qarşı nümayişkəranə laqeydlik göstərən Firuzə, nədənsə ona tərəf döndü. Mən onun da həyəcan keçirdiyini hiss etdim.

Məmməd sözə başlarkən, mən onun üzünü görmürdüm. Gözüm Firuzədə idi. Mən yalnız Məmmədin yumşaq və həyəcandan titrəyən səsini eşitdim. O, yalnız bir söz deyə bildi:
- Firuzə?!..
Ona baxarkən, mənə elə gəldi ki, bu saat Firuzənin üzərinə atılacaq, onu qucaqlayacaq və öpəcək. Firuzə də buna mail idi. Bu hal mənə qəribə gəlmədi, çünki işin nə yerdə olduğunu artıq anlamışdım. Qız cəld mənə baxdı. Onun qara gözlərində qığılcım parladı, ildırımlar çaxdı-söndü.

Firuzə heç də onu qucaqlamaq istəyən bu gəncdən uzaqlaşmaq fikrində deyildi, amma deyəsən, mənim burada olmağım ona mane olurdu. Məmməd onu qucaqlamaq üçün bir addım irəlilədi, lakin sonra nədənsə, dayandı; rəngi qaçdı, od kimi yanan al yanaqları getdikcə ağarmağa başladı. Yanan gözlərinin parıltısı yox oldu, gözləri yarıya qədər yumuldu, dayandı və düşündü. Birdən Məmməd titrəyən dodaqları ilə soruşdu:
- Sən burada yaşayırsan?
- Öz evimizdə yaşayıram, - Firuzə cavabı həyəcanını zorlayaraq verdi.
Mən indi anladım ki, gənclik öz əlvan rənglərini bu insanlara bəxş etmişdir. Dodaqları gah qıpqırmızı qızarır, gah saralır, gah da kətan kimi ağappaq ağarırdı.
Məmməd gözlərini geniş açıb, Firuzəyə dik baxaraq:
- Anam haradadır? Züleyxa haradadır?
- Bir yerdə yaşayırıq. Biz ipoteka ilə mənzil almışıq. İndi gedərik, görərsən...
- Sən məni evinizə aparacaqsan?..
- Mən səni öz evimizə aparacağam! Təəccüb edirəm, niyə sən öz evinə deyil, buraya gəlmisən?
- Mən səni axtarırdım. Bəs o Aslan kimdir?
- Gedərik, görərsən, - Firuzə gülümsəyərək, cavab verdi.
- Mən də sizi maşınla apararam, - əlavə etdim və otaqdan çıxdım. Nə üçün dedim bunu, nə üçün qırağa cəkilib durmadım? Ürəyimə dolan hansı hiss – maraq, təəccüb, təəssüfmü, heyrətmi, yoxsa qısqanclıqmı bu olayı axıracan izləməyə vadar edirdi məni?

Qayıdarkən işi başqa halda gördüm. Məmmədin üzü tamamilə dəyişmişdi, gözləri alışıb yanırdı, yanağında, ağzının qırağında silinsə də, qalan pomada izi görünürdü. O, gülürdü.

Firuzə isə göz yaşlarını sezdirməmək üçün gözlərini silirdi. Mənə elə gəldi ki, o, ağlayır, lakin dərddən deyil, sevincindən ağlayırdı. Gözəl bir qadın öpüşünün, təmasının gücü necə böyükmüş!

Bayaqdan şübhələr, qısqanclıq içində boğulan Məmməd sanki hər şeyi – şübhələrini, qulağına dəyən bəd xəbəri, dedi-qoduları unutmuşdu, illərdir həsrətində, intizarında olduğu arvadı ilə ilk öpüşün, ilk təmasın ləzzətini və səadətini yaşayırdı. Amma bu şübhələrin, qısqanclığın haçansa qayıdacağına əmin idim.
- Hə, maşın hazırdır, gedirik? - təklif etdim. Məmməd ötkəm bir səslə:
- Gedirik, doktor! - cavab verdi və qapıya doğru addımladı.

Onun indiki ovqatı ilə bağlı bir il öncə bir dekabr axşamı baş verən olayı xatırladım. Firuzəni klinikada işə götürəndən təxminən bir il vaxt keşmişdi.
Firuzə döşləriylə mənə yavaşca toxunmaq kimi hiyləgər-sadəlövh qadın fəndlərindən haçandı əl çəkmişdi, daha heç bir cəhd eləmirdi. O axşam işdən sonra kabinetimdə oturub varlı bir pasientin dosyösünü gözdən kecirirdim ki, birdən kabinetin qapısı yavaş-yavaş açılmağa başladı. Klinikada heç kimin olmadığına əmin idim, hamı çıxıb getmişdi, sonuncu İlahəni ötürüb çöl qapısını öz əlimlə bağlamışdım, gecə gözətçisi hələ gəlməmişdi, ona görə diksinən kimi oldum.

İçəri Firuzə girdi, halbuki elə bilirdim, o, hamıdan əvvəl gedib. O, dikdabanlarının üstündə sallana-sallana gəlib kabinetin ortasında, yazı masamın tuşunda, bir qədər aralı dayandı və sanki yalnız özünün eşitdiyi müsiqinin sədaları altında ləng, işvəkar striper hərəkətlərlə mavi qısa xalatının düymələrini açmağa başladı, aşağıdakı sonuncu düyməni açıb, yerindəcə fırlanaraq, xalatı çiyinlərindən yerə sürüşdürdü. Xalatın altında tünd boz rəngli və parıltılı corablardan, – kolqotka yox, məhz corablardan, - başqa heç nə yox idi. Heyrətlə:
- Firuzə, sən neyniyirsən?! – soruşdum, - bussaat geyin çıx kabinetdən!
Amma o, sözümə-əmrimə itaət etmədi, hərəkətlərini çoxdan ölçüb-biçib müəyyənləşdirmiş bir adamın qəti addımlarıyla yazı masasını dolanıb mənə yaxınlaşdı, başımı tutub özünə doğru çevirdi və çılpaq sinəsinə sıxıb, döşlərini yanaqlarıma, alnıma, burnuma, gözlərimə, dodaqlarıma sürtdü.

Döşlərindən, bədənindən adamı bihuş edən tanımadığım ətir gəlirdi, onun ürək döyüntülərini eşidirdim. Necə də dik və tarımdılar, elə bil doğmayıb, - fikri ildırım kimi çaxıb hər şeyi aydınlatdı. Özümdən asılı olmayaraq, həyəcanlanmışdım, ürəyim bərk döyünürdü, qan gicgahlarımda zoqquldayırdı, təzyiqimim qalxdığını hiss edirdim.

Firuzəni itələmək üçün əllərimi əsəbiliklə qabağa verəndə barmaqlarım onun tarım qarnına, yanına, qabağa verdiyi sağ məməsinə toxundu və bu təmas mənim iradəmi sarsıtdı. Firuzə nazlı və amiranə səslə:
- Axı niyə belə tərslik edirsən? İstəmirsən məni? İstəmirsən?! Niyə istəmirsən, əzizim? Öpmək istəmirsən? Axı niyə istəmirsən? – soruşurdu. 
Sözlərin artıq əhəmiyyəti yox idi...

Firuzə "ömrümün ikinci baharı” adlandırdığı məsud dövr belə başladı və bu günə kimi davam edirdi. Həftədə bir, ayda iki-üç dəfə görüşürdük. Bu qız məhəbbət oyunlarından nələr bilmirdi! Onun yanında mən, qadınları heç də pis tanımayan, altmış dörd yaşlı kişi, özümü az qala məhəbbət yatağına girən təcrübəsiz yeniyetmə kimi hiss edirdim. Bu sevişmə macərası məni sanki on-on beş il cavanlaşdırmışdı, bəlkə də daha çox. Bəs bundan sonra nə olacaqdı?
- Maşın neçəyədir?
"Nissan Armada”ya minib, motoru yandırana qədər bu xatirələr, onları qovmağa çalışsam da, xəyalımda canlanır, əl çəkmirdi. Məmmədin sualı məni ayıltdı:
- Maşını neçəyə almısınız? - soruşdu.
- Qırx beş min dollar. Bunu mənə bir nazir hədiyyə edib - oğlunu dərin postnarkotik depressiyadan və heroindən kifayət qədər tez xilas etdiyim üçün. Honorarımdan başqa, təbii. Bir az sürülmüşdü.

Qara rəngli ağır maşın yeni asfaltın ayna sinəsində axıb getdi. Çox sürətlə sürmür və hərdən qayıdıb Məmmədə baxırdım. O, ətrafa baxır, işığa qərq olmuş küçələri, xüsusi işıqlandırılmış köhnə "arxitekturnı” binaları, çoxmərtəbəli yeni evləri, küçələrdə gəzən, deyən-gülən azərbaycanlı qadınları, qızları, gəncləri nəzərdən keçirirdi.

Niyazi küçəsindən enib, Azneft meydanında özəl bir zövqlə və ustalıqla işıqlandırılan Heydər Əliyev Fondunun və Tibb İşçiləri Evi – keçmiş çar canişini, Bakı general-qubernatorunun evinin yerində ücaldılan "Four Seasons” hotelinin yanından keçərkən, o, köksünü ötürdü – səbəbini çox da anlamadım:
- Əşi, bunlar şəhərin başına nə iş gətirir? - deyə bağırdı.

Mən onu daha da təəccübləndirmək üçün meydanın bulvar tərəfində maşını saxladım və Firuzədən maşını idarə etməsini xahiş etdim. Firuzənin sürücülük vəsiqəsi vardı, hərdən bu "Nissan"ı və klinikamın köhnə "Volkswagen”ini sürürdi. Firuzə sükan arxasına keçib maşını yerindən götürərkən, Məmməd yenə təəccübləndi:
- Əşi, bunlar neyniyir?!
Məmmədin yanında oturub:
- "Bunlar" kimdi? - soruşdum.
- Bizimkilər də! Hələ srağagün, gəldiyim gün tanidiğim köhnə bir məhəllənin yanından keçirdim. Birmərtəbəli köhnə evləri sökürdülər. Bu gün isə orada gözəl bir park salmmışdır, ağaclar, fontan... Bəlkə iki günün içində köhnə evi sökmək, yeri düzəltmək, hətta asfaltlamaq, mərmər düzmək və ağac əkmək o qədər də təəccüblü deyildir. Təəccüblü orasıdır ki, dünən əkilən ağaclar, bu gün çiçəkləmişdir və təzə yarpaqları ilə gözləri oxşayır.
- Ağacları köklü-köməcli alırlar, xüsusi texnologiya ilə gətirib əkirlər, ona görə də yarpaqlayır və çiçəkləyir, - dedim, - ucuz deyil, amma effektini özünüz görürsünüz.

Mən Məmmədə bu cür, xüsusi texnologiya ilə əkilən, əkiləndən az sonra çiçəkləyən və yarpaqlayan, göz oxşayan köklü-köməcli ağacların od qiyməti, alış zamanı edilən "otkatlar”, mişarlanıb büdcədən silinən və mənimsənilən böyük pullar barədə hec nə demədim. Gözəl görünən ağacların, şəhərin, insanların, hadisələrin iyrənc iç üzünü açmaq nəyimə gərək?!

Firuzə öz sevimli nəğməsini oxuyaraq, maşını sərbəst və arxayın idarə edir və çoxmərtəbəli evləri, birinci mərtəbələrdəki vitrinləri dünya brendlərilə dolu, divarları mərmər mağazaları, gözəl, xüsusi dizaynla tikilən, mərmər döşənmiş, birinci Avropa Oyunları ərəfəsində prezidentlərin sitatları yığışdırılmış yeraltı və yerüstü keçidləri bir-bir geridə buraxırdı. Onsuz da çıraqban olan şəhər mərkəzi Avropa Oyunları ərəfəsində toy və zifaf gecəsi üçün bəzədilmiş gəlini xatırladırdı.

Məmməd Firuzənin maşını tam sərbəst idarə etməsinə baxır və deyirdi:
- Bax, kasıb bir stoyanşikin kimsəsiz qızı indi çağdaş qadındır, klinikada işləyir, müğənnilik arzusundadır, maşını az qala Şumaxer kimi sürür, televiziyada çıxış edir. Bu inkişafdır, analoqu olmayan inkişaf! Ölkədə inkişaf, həyatda inkişaf, məişətdə inkişaf...

Maşın onaltımərtəbəli yeni bir yaşayış binasının ikinci qapısı önündə dayandı. Firuzə maşının qapılarını pultla kilidləyib, açarını mənə verdi. On ikinci mərtəbəyə qalxdıq, mənzilə girdik. Firuzə düyməni burdu, Məmməd elektrik işığına qərq olan evə heyrətlə baxırdı. Par-par parıldayan parket ayna kimi modern Avropa təmirli mənzilin hər bir əşyasını özündə əks etdirirdi.

Firuzə yüyürüb pəncərəni açdı, pəncərədən görünən yeni tikililər, binalarla dolu, nəhəng alov dillərinə bənzəyən və divarlarında milli bayrağın rəngləri dolaşan çoxmərtəbəli Flame Towers kompleksinin qüllələri, nur seli içində asta-asta, məğrur-məğrur dalğalanan Azərbaycanın Dövlət Bayrağı görünən füsunkar şəhər mənzərəsi gözlərimizin önündə açıldı.

Firuzə, bu mənzərənin yaradıcısı və müəllifi kimi qürurla:
- Baxın, baxın, necə gözəldir! - deyə pəncərənin önündən çəkildi.

Məmməd gözlərini və ağzını geniş açaraq, otağın ortasında durub, gah pəncərədən şəhər mənzərəsinə, gah da pəncərəni bəzyən ikiqat pərdələrə, çilçiraqlı-spotlu ağ asma tavana, ingilis qotikası üslubunda hörülmüş kaminin qabağında yerə sərilmiş başlı-dişli şir dərisinə, XIV Lüdovik üslubunda mebelə, 105 düyməlik ekranında Elton oxuyan Samsung televizoruna heyrətlə baxırdı. "Firuzə bütün bunları hansı pula alıb?” fikri ilan kimi qıvrılıb qəlbimə girdi və məni sancdı.
- Bax, bu mənim otağım, bu çarpayım, bu da Əsgərin çarpayısı.
Birdən Məmməd tutuldu, gözləri parıldadı.
- Hansi Əsgərin? - təəccüblə soruşdu.
- Ərimin, gələcəkdə doktor olacaq Əsgərin, - deyə sakitcə cavab verən Firuzə Züleyxanın, Balaxanım xalanın otaqlarını, qədim Roma imperatoru Karakalla üslubunda qırmızı italyan kafeli, metlaxı döşənmiş hamam otağını, hidromassaj vannasını, Poggenpohl alman mətbəx mebeli dəsti düzülmüş möhtəşəm mətbəxi, həyətə baxan balkonu göstərərək, məlumat verirdi.
"Firuzə bütün bunları hansı pula alıb? Haradandı onda bu qədər pul?”
Onlar qayıdıb yanıma gəldikdə, qapı açıldı və otağa səs-küylə gənc bir qız və iyirmi yaşlarında bir oğlan girdi. Oğlan təmiz və qəşəng geyinmiş bir balaca uşağın əlindən tutmuşdu. Qız şən və gurultulu qəhqəhələrlə Firuzəyə müraciət etdi:
- Firuzə, bu kələkbaz məni aldatmaq istəyir.
Qız məni görər-görməz, yüyürdü və zərif əlləri ilə boynumu qucaqlayıb, uşaq kimi yanaqlarımı öpməyə başladı.
- Ata can, sənin bu kələkbaz oğlun Aslan mənə kələk gəlmək istəyir.
Aslan mənim oğlum deyildi, təbii, bu sözlər də bir zarafat idi.
Burada Aslan hiyləgərliklə acıqlı bir vəziyyət aldı və:
- Züleyxa, mən sənə yad kişilərlə öpüşməyi qadağan edirəm, - dedi.
- O sənin işin deyil. Kefim necə istəyir, elə də edəcəm. Bu nə gerizəkalı mülkiyyətçi xasiyyətidir? - deyə qız gözəl başını döndərərək, cavab verdi. Aslan isə gülür və deyirdi:
-Yad kişilərlə öpüşmək, həm də kənar adamların yanında...
- Deyirsən, kənar adamların yanında yox, gizlidə öpüşüm? Bəs kənar adam kimdir? - deyə qız tez ətrafına baxıb, yanda duran Məmmədi gördü. Tutuldu, məndən əl çəkdi və diqqətlə qonağa baxdı. Hiss olunurdu ki, bu evdə tanımadıqları adamlar tez-tez olur və onlara fikir vermirlər, mane olmurlar.
Məmməd dinmir, gülümsəyirdi. Birdən Züleyxa qəhqəhə ilə güldü, Məmmədə tərəf yüyürdü, vəhşi pişik kimi onun boynuna tullanıb, bərk-bərk qucaqladı. Gözləri yaşardı.
- Qardaşım, əziz qardaşım! - deyə hıçqırıqlarla gülərək təkrar etdi.
- Yaxşı işdir, gəlinin olsun, məndən başqa dünyanın bütün kişiləri ilə öpüşsün, özü də mənim yanımda... Boşayıram, gedək, bu dəqəiqə zaqsa gedək, - deyə Aslan zarafatla acıqlandı.
Züleyxa Məmmədin qucağından çıxmayıb, gözəl başını nazla əydi və Aslanı hirsləndirmiş kimi, cavab verdi.
- O sənin işin deyil, kiminlə və harada öpüşmək istəsəm... Gedək zaqsa, boşanaq.
Məmməd zəif təəccüblə:
- Nə boşanmaq, Züleyxa? Sən mənsiz, mən burada yox ikən, ərə getmisən?
Qız isə qəhqəhə ilə gülərək:
- Qardaşım, o sənin işin deyil. Bu nə köhnəpərəstlikdir? Sən publisist və şairə Günel Mövudun məqalələrini oxumursan? Harada, haçan, kimə ərə getmək istəsəm, gedə bilərəm, - dedi.
Məmməd bir şey demək istədi, hətta başladı da:
- Dünənə qədər ağzından süd qoxusu gəlirdi...
Lakin Züleyxa kimsəyə danışmaq imkanı vermirdi:
- O dünəndi, indi isə mən böyük sığorta şirkətində agentəm, bahalı sığorta müqavilələri bağlayıram. Onlardan faiz alıram, şirkət rəhbərliyindən təşəkkür də almışam, indi göstərərəm...
Bu halda Firuzə içəri girib, əlindəki servizi masaya düzməyə başladı, qucaqlaşan Züleyxanı və Məmmədi görüb:
- Ey, mənim ərimi öpmə, o, ümumi deyil, - dedi.
- O sənin işin deyil, kiminlə...
Züleyxa sözünü bitirməmişdi ki, Aslan replika atdı:
- Görünür, mənim arvadım ümumidir, eləmi?

Qızlar gülüşdülər. Məmmədin üzü ciddi bir görkəm aldı. Ömrünün neçə ili güllə qabağında, ölümlə üzbəüz keçən bu adam cəsarətsiz bir halda yavaşca:
- Nə ər, Firuzə?! Axı sən dedin ki, sənin Əsgər adlı, gələcəkdə doktor olacaq bir ərin var.

Qadınlar qəhqəhə ilə gülüşdülər. Züleyxa tez qardaşından aralanıb, balaca uşağı qucağına götürdü və dedi:
- Onun əri budur. Gələcəkdə özü dediyi kimi, doktor olacaq. Əsgər bəyin indi səkkiz yaşı var, doqquzun içindədir.

Züleyxa uşağı atasının qolları arasına atdı. Məmməd uşağı havada tutub bağrına basdı, sonra üzünə diqqətlə baxdı – kimə, yəqin ki, özünə, ya mənə, ya bir başqasına oxşadığını müəyyən etməyə çalışırdı. Onun keçirdiyi bu hissləri keçirmək istəməzdim. Firuzə gülə-gülə ərinin qolundan tutdu və:
- İndi gəl gedək, yuyun, ya heç olmasa əl-üzünü yu, - dedi.

Məmməd müqəssir bir halda heç bir söz demədi, ancaq uşağı bir də bağrına bərk basıb yerə qoydu, Firuzə ərinin qolunu buraxmayaraq apardı.
Onlar otaqdan çıxmamış otağa səs-küylü bir qadın girdi; qolları çırmanmışdı. Yüksəkdən dedi:
- Firuzə, Züleyxa qab-qacağı düzün, indi yemək gətirəcəm.
Züleyxa bir uşaq kimi masaya tərəf yüyürərək:
- Əlbəttə, ana, əlbəttə, indicə, - dedi.
Firuzə yenə də otağa girdi, pomadası pozulmuş dodaqlarını nə üçünsə silərək, nəşə ilə:
- Balaxanım xala, mən ərə gedirəm, - dedi, - bax, nişanlım da buradadır. Gəl, tanış ol!
Firuzə qadını çəkə-çəkə vanna otağına apardı. Mən fağır qadının ancaq son sözünü eşitdim:
- Nə olar, qızım, Məmməd də özünə bir başqasını tapar.
Züleyxa şən bir halda yüyürüb məni qucaqlayaraq:
- Mən də başqasını tapdım, bax, bu kişini, - dedi.
- Yaxşı işdir, onlar orada öpüşsün, bunlar burada. Bəs biz adam-zad deyilik, - deyə yenə Aslan zarafat etdi, amma onun zarafatı mənə suni göründü. Züleyxa:
- O sənin işin deyil, - dedi, - təsnifi muğamdan ayıra bilsə də, maaşı iki yüz əlli manat olan hər uşağı, hər iyirmi yaşlı bəstəkarı öpməyəcəyəm ki...

Televizorda Aygün Kazımovanı Elnur əvəz etdi, sonra Elton görsənib oxumağa başladı, - Elton John yox, azərbaycanlı Elton, - qız nəşə ilə yerindən sıçrayıb, Aslana tərəf yüyürdü və parlaq parket üzərində süzməyə başladılar.

O biri otaqda ana ilə oğlun necə görüşdüyünü bilmirəm, ancaq onu bilirəm ki, onlar otağa girərkən, Məmmədin üzü tərtəmiz, Balaxanım xala isə qulaqlarına qədər sabun köpüyünə bulaşmışdı. Mən ayna ilə üzbəüz oturmuşdum, qonşu otağın bir hissəsi bu aynada görünürdü. Firuzənin, böyük bir həzzlə ərinin üzərinə ətir səpdiyini, bir-birinə baxdıqlarını, Firuzənin onu qucaqladığını və hərarətli dodaqlarınn bir-birinə yapışdığını aydınca görürdüm. Ah, o dodaqlar, o ləblər, ləbi şirin şəkər ləbilər…

- Nə olar, - deyə düşündüm, - analoqu olmayan inkişaf patriarxal ailələrin dağılmasına, modernləşməsinə, başqa formalarda dirçəlməsinə zidd deyildir. Hətta əksinə. Məni də beləcə öpürdü, amma həyatımızın bu gözəl, ehtiraslı dövrü də belə bitdi qurtardı deyəsən...

Doğrusunu desək, mən qibtə edirdim, yox, həsəd aparırdım. Mən Firuzəni qısqanırdım. Bunu indicə anlayıb özüm-özümə etiraf etdim. Onların bəxtiyarlıqlarına, gəncliyinə, bəxtiyarlıqdan alışıb yanan gözlərinə, doymaq bilməyən bir ehtirasla bir-birinə yapışan bədənlərinə, sarmaşan qollarına paxıllıq edirdim. "Neçin 29 yaşında deyiləm?” - deyə heyifsilənirdim. Amma bununla yanaşı, "Yaxşı ki Firuzə mənim arvadım deyil” fikri mənim qısqanclığımı, emosiyalarımı soyutdu.
Züleyxa televizoru söndürüb musiqi mərkəzini yandıranda Rəşid Behbudovun "Ləbilər” mahnısı geniş qonaq otağına doldu:
Gecələr, gecələr, aya baxıb,yar, səni yad eyləmişəm,
Ləbi ləbi ləbi ləbi ləbilər!
Durmuşam, durmuşam, oturmuşam, hər bir xəyal eyləmişəm,
Ləbi ləbi ləbi ləbi ləbilər!
Ləbi şirin ləbilər!
Ləbi şəkər ləbilər!
Ay ləbi şirin ləbilər!
Can ləbi şirin ləbilər!

Firuzə ilə Aslan parket üzərində süzərkən, balaca Əsgər güclə nənəsini oynamağa dartarkən, Məmməd yanımda oturdu və məsud bir hal ilə yavaşca:
- İndi hər şey mənə aydındır, doktor, - dedi. Onun bu sözlərini Firuzəylə münasibətimizə işarə kimi anlayıb təşvişə düşdüm, gərildim, bundan sonra nə deyəcək, nə edəcək, düşündüm. Kabinetimdə, masamın ağzıaçarlı siyirməsində saxladığım balaca "Kolt” yadıma düşdü, onu götürmədiyimə heyifsiləndim. Amma Məmmədin sonrakı sözlərindən başa düşdüm ki, başqa şey demək istəyir.

- Bir baxın, doktor, Bakı indi gör nə olmuşdur! Əvvəl nə idi, indi nə olmuşdur! Xam adam belə şeydən özünü itirməzmi? Siz isə mənim nəbzimi yoxlayırdınız, amma mənim ağlım başımdadır. Sadəcə Bakı, Azərbaycan dəhşətli dərəcədə dəyişib, inkişaf edib. İqtisadiyyatda inkişaf, həyatda, insan şüurlarında inkişaf, analoqu olmayan inkişaf! Bu inkişaf insan şüurunu, cəmiyyətin və əxlaqın qanunlarını belə dəyişdirir. Çılpaq, qumlu düzü-xarabalıqları iki-üç gün içərisində yaşıl, çiçəkli bir bağa, Heydər parkına çevirir.

Məmməd doğru deyirdi. Neft gəlirlərinə söykənən analoqu olmayan inkişaf Bakının görkəmini, buradakı insanların, kişilərin və qadınların, Azərbaycan cəmiyyətinin əxlaqını dəhşətli dərəcədə dəyişdirmişdi. Amma mən cəmiyyətin əxlaqında bu dəyişikliklərin mahiyyətinə, təfərrüatına varmaq istəmədim. Nə vaxtıydı, nə də yeri. Həm də mənim bu barədə danışmağa mənəvi haqqım çatmırdı, hər halda vicdanımı tam itirməmişdim. Bizim Firuzəylə sevişməyimiz, "ikinci baharım” yalnız onun təkidli israrı nəticəsində başlasa da, mənim məsuliyyətimi yox etmirdi.

Ah, o dodaqlar, o ləblər, ləbi şirin ləbilər! Onlara başqa dodaqlara yapışanda da baxmaq xoşdur. Məmmədə məsləhət görmək istədim ki, sabahdan aynanın yerini dəyişsin, amma vaz keçib, heç nə demədim. Bəlkə də, ömrümün bu gözəl çağı, ikinci baharı hələ bitməyib? Bu, tək məndən asılı deyildi. Bəlkə hələ davam edəcək, - düşündüm və özümü əxlaqsızlıqda suçladım.

Gözəl qadın istənilən prinsipial adamın prinsiplərini, möhkəm iradəli adamın iradəsini dəyişə və üstələyə bilər? Xüsusən, məqsəd qoyandan sonra? Yoxsa mən belə zəif çıxdım?! Bu bəşəri suallardı, cavabını çox adam, o cümlədən Lev Tolstoy, John Galsworthy, Çexov kimi qələm sahibləri axtarıb.

26.02. 2016
AzadlıqRadiosu © 2023 Inc./Bütün hüquqlar qorunur