Formula 1-də nə olacaq?
27-04-2019 14:08 / Bu xəbər 1907 dəfə oxundu
Aprelin 27-si Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü – SOCAR Azərbaycan Qran-pri yarışlarının ikinci günüdür.
Bakı Şəhər Halqasından verilən məlumata görə, aprelin 27-də "Formula 2” bolidlərinin paradı və F2 pilotlarının birinci yarışı olacaq.
Bundan başqa, Bakı trekində "Formula 1” bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu keçirilməlidir.
Nəhayət, sonuncu gün – aprelin 28-də Formula-1 SOCAR Azərbaycan Qran-prisi, həmçinin, Formula-2 üzrə ikinci yürüş baş tutmalıdır.
Aprelin 26-da, yarışın ilk günü Formula-1 üzrə Azərbaycan Qran-prisi zamanı xoşagəlməz hal baş verib.
Qəza keçirən «Williams» komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüstü piyada keçidinə ilişmişdi. Nəticədə keçid zədələnmişdi. Kran isə qırılıb və ondan axan yağ bolidin üzərinə tökülmüşdü.
Aprelin 26-da Formula-1 və Formula-2 üzrə sərbəst yürüşlər təşkil olunmuşdu.
Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir.
Razılaşmaya əsasən, Azərbaycan bu yarışlara hələ 2023-cü ilə qədər ev sahibliyi edəcək.
Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır. Bu da müxalifətin tənqidlərinə səbəb olub.///azadliq.org