Fransada iğtişaşlar: 45 min polis və zirehli texnika cəlb edilib

Fransada iğtişaşlar: 45 min polis və zirehli texnika cəlb edilib

02-07-2023 01:14 / Bu xəbər 1090 dəfə oxundu

Bir gecənin içində 994 nəfər həbs olunub

Fransada zabitin yeniyetməni öldürməsi nəticəsində yaranan iğtişaşları yatırmaq üçün hökumət 45 min polis və bir neçə zirehli texnika cəlb edib.

Fransadakı  etirazlar artıq dördüncü gecədir davam edir.

"Reuters” yazır ki, bu, Fransa Daxili İşlər Nazirliyini və  Prezident Emmanuel Makronu Sarı jiletlilərin etirazlarından sonrakı ikinci ağır durumla üz-üzə qoyub.

Vəziyyəti düzəltmək üçün tətbiq edilən güc nəticəsində bir gecənin içində 994 nəfər həbs edilib. Ondan öncəki gün isə daha 875 nəfərin həbs edildiyi bildirilib.

Fransa Daxili İşlər Nazirliyi iyulun 1-də "Twitter” hesabında paylaşım edərək bildirib ki, ötən gecə ərzində törədilən zorakılıq əvvəlki gecə ilə müqayisədə intensivlik baxımından daha az olub.

Etirazlar Marsel, Lion, Tuluza, Strasburq və Lill kimi şəhərlərə olub, ölkə miqyasında yayılıb. Nəticədə binalar və nəqliyyat vasitələri yandırılıb, mağazalar talan edilib.

İyunun 27-də Fransa paytaxtının Nanter şəhərətrafı qəsəbəsində 17 yaşlı Əlcəzair və Mərakeş əsilli Nahel M.-nin güllələnməsi Parisdə də etirazlara səbəb olub və hələ də davam edir.

"Reuters” dəfn mərasiminin iyulun 1-də keçiriləcəyini də qeyd edib.

Nahelin ölümünün videosu yoxsul və irqi qarışıq şəhər icmalarının polis zorakılığı və irqçiliklə bağlı uzun müddətdir davam edən şikayətlərini yenidən alovlandırıb.

Etirazlar başlayandan bu yana 200-dən çox polis məmurunun yaralandığı, yüzlərlə iştirakçının həbs olunduğu açıqlanıb.

Eyni zamanda şəhərlərdə 2 mindən artıq avtomobil yandırılıb, mağazaların qarət edildiyi bildirilib.