Futbola "top-top" deyərdik– Ramin DEKO

Futbola

26-06-2015 13:05 / Bu xəbər 2236 dəfə oxundu

Ramin DEKO

Çox balaca idik. Futbol oyununa top-top deyərdik. Nə yediyimiz, nə içdiyimizin fərqindəydik. Gözümüzün kökü günəşin göyün mərkəzindən evimizin arxasında olan təpəyə doğru yuvarlanmasına baxmaqla saralırdı. Bu baş verən kimi çınqıllı stadiona qaçardıq. Futbola o qədər marağımız var idi ki, bəzən saatlarla mübahisə edərdik. Savaşımız günün istisində olardı. Oyun başlayana qədər sülhlə ayrılmalıydıq ki, iki komanda yarada bilək. 

Müharibə "kim hansı nömrə altında oynayacaq?" sualına cavabın tapılmasıyla yekunlaşırdı. Doqquz nömrəli formanı geyinən uşaq ən cüssəli olmalıydı. Sıramızda cılızlara yer yoxuydu. Əldən-ayaqdan zəiflərə yalnız bircə halda şərait yaranırdı: gərək topu olsun. Doqquzdan sonra yeddi, on, on bir və iyirmi nömrənin üstündə qızğın müzakirə gedərdi. Dəhşətlisi bilirsiz nədi? Heç birimizin arxasında nömrəsi olan köynəyi yox idi. Hamımızın evində ailədən yalnız biri işləyirdi. Aldığı maaş da yeməyə güclə çatırdı. Kim idi o zaman öz uşağının arzuları haqda düşünən? Bir yay axşamı - futbol bitəndən sonra dağılışmadıq. Yerə üzüqoylu, çarpayıda yatırmış kimi leştək sərələndik, hamı sol əlini yastıq əvəzi çənəsinə, sağ əlini isə düyünləyərək sözləşdik. Axşam evdə ağlamalıydıq. "Ağlayana çörək yoxdur" məsəli bizim uşaqlığımızdan bu dövrə gəlib çatıb. Səhəri günü hamımızın qanı qaraydı. Çünki ağlamağımızın, özümüzü yerə çırpmağımızın xeyri olmadı. Bizə heç zaman futbol dəsti alınmadı.

Problemdən çıxış yolunu böyüklərin köhnə paltarlarında tapardıq. Ətəyi dizimizdən olan üç düyməli, xətli köynəyi geyinər, arxasına ilan-qurbağa şəklində rəqəmləri yazardıq. Ancaq hamı bir-birinə xəbər verməli, bütün uşaqların razılığıyla nömrələri qeyd etməliydik. "Hə" deyilməsəydi, heç kəsin özbaşına hərəkət etməyə cəsarəti çatmazdı. Çox vicdanlı uşaqlar idik. İndi çox böyümüşük, hərəmizin içində bir şeytan şad-xürrəm yaşayır...

Biz futbolu özümüzdən çox sevirdik. Vurduğumuz hər qolu təkrar-təkrar danışmaqdan zövq alardıq. Bəzən günlərlə, aylarla söz-söhbətlər bitməzdi.
Bakıdan kəndimizə qonaq gələnləri isə heç sevməzdik. Çünki o ailələrin uşaqlarının forması vardı. Ronaldonun, Roberto Karlosun, Zidanın, Rivaldonun, Klyuvertin, Bekhemin adı yazılan dəstləri bizə göz dağı idi. Kirli olsaydı belə, geyinərdilər ki, baxıb həsəd içində yanıb qıvrılaq. Hirsimizdən onları meydana buraxmazdıq. Kasıb valideynlərimizin sayəsində paxıl böyümüşdük.

Biz nə qapı tiri, nə də qapı dirəkləri görmüşük. İki daşı qoyurduq, hərəsinin də yanında taxta asırdıq. O taxtaların ucundan bayrağımızı əks etdirən bir-birindən ayrı üç parça bağlayardıq. Ay və səkkiz guşəli ulduzu isə qapının arxasında yerdə cızırdıq. Topu qapıdan keçirən mütləq üç rəngli ayrı-ayrı parçaları bütöv halda öpməli, sonra da yerdəki ay-ulduza səcdə getməliydi.

Çox ağıllı uşaqlar idik. FİFA-nın "futbolçu meydanda olan zaman köynəyini çıxara bilməz" qadağasından öncə biz bunu yekdilliklə həyata keçirmişdik. Çınqıllı-daşlı stadionda nə qol vuranda, nə də oyundan sonra kimsə lüt bədənini batmaqda olan günəşin şüalarında isidərdi. Çünki hamımızın eyvanı meydançamıza baxırdı. Hər mənzildə də ana-bacı, xala-bibi vardı. Bu, ayıb sayılardı.

Futbolu çox sevirdik. O qədər ki, millinin nə indiki heyətindəkilər, nə də o zaman oynayanlar bizim qədər topa bağlıydılar. Hər şeydən öncə üç rəngli və ayrı-ayrı parçalardan ibarət olan bayrağımızın nəzarət etdiyini düşünürdük. Qol vura bilməyəni, düzgün ötürmə etməyəni danlamazdıq, sadəcə astə səslə söyərdik. Evindən ona baxan ailəsinin təhqir olunmaması üçün ən gombulu da qaçar, topla düzgün rəftar etməyə çalışardı.

Hər oyun bitəndən sonra böyüklər meydana girər, ərazini dağıdardılar. Daşları bir dərəyə tullayar, istirahət yerimizi mal-qaranın nəcisiylə çirkləyər, su içdiyimiz quyuya qurbağa atardılar. Yalnız bircə şeyə toxunmazdılar: üç rəngli ayrı-ayrı parçalardan ibarət bayraq və onun dirəyi həmişə - qışın sazağında da, yayın istisində də rəngi solana qədər yerində qalardı. Səhəri gün "kim hansı nömrə altında çıxış edəcək?" mübahisəsi bitəndən sonra stadionu səhmana salırdıq. Bunu da həll edəndən sonra nənəmizin üstünə qaçıb bir ovuc əhəng alıb geri qayıdardıq. Bu, on bir metrənin, künc zərbələrinin yerini, meydanın mərkəzini işarələmək üçün idi.

Biz çox alicənab uşaqlar idik. Hansı komanda zəif idisə, onun üçün meydanın mərkəzi rəqibin qapısına yaxın bir yer sayılırdı. Böyük hesabla uduzan komandaya bizim cərimə meydançasının həndəvərindən oyunu başlamağa imkan verirdik. Yenə oynayırdıq, yenə qol vururduq, yenə dalaşırdıq, yenə küsüb-barışardıq və yenə...
Ancaq biz futbolu indiki və o zamankı millidən daha çox sevirdik. Çünki ürəklə oynayardıq, çünki üç rəngli və ayrı-ayrı parçalardan ibarət bayrağımızın nə olduğunu bilirdik, çünki evlərimizin eyvanından ailəmiz bizə baxardı, çünki azarkeş sarıdan əziyyət çəkməzdik...

Biz yekədiş Ronaldodan da, başının ortasında tük bitməyən Zidandan da, keçəl Karlosdan da, indi dünyanın ən yaxşıları olan Lionel Messidən də, Kriştiano Ronaldodan da, Aryen Robbendən də güclü idik. Hər gün penta-trik edərdik və heç zaman zədələnməzdik, əzələlərimiz dartılmazdı. Daşlı-çınqıllı stadionda yıxılıb başımız-gözümüz qanayanda da "uf" demədən meydanın rəqibə aid hissəsinə doğru irəliləyirdik. Hesabda öndə olanda belə, özümüzü yalandan yerə atıb vaxt aparmazdıq. Çünki bizim üçün oyun 90 dəqiqədən ibarət deyildi, günəş evimizin arxasındakı təpədən itənə qədər matç davam edərdi. Heç zaman sarı, yaxud qırmızı vərəqə almadıq. Axı futbolu sevirdik.

İndi isə o daşlı-çınqıllı stadionun yerində təhsili olmayan məktəb tikilib...