Füzuli bu beytdə nə demək istəyib?
30-06-2022 01:20 / Bu xəbər 2006 dəfə oxundu
Əvəz Qurbanlı
Şair
Sosial şəbəkə istifadəçilərindən biri M.Füzulinin bu beytini paylaşıb, izahını öyrənmək istəmişdi:
"Ya mən əhatə elmükəl-əşya’ə külləha,
Nə ibtida sənə mütəsəvvir, nə intəha".
Söz həvəskarları üçün maraqlı olacağını düşünüb, bu barədə öz fikirlərimi bölüşmək istədim.
***
يا من احاط علمك الأشياء كلها
نه ابتدا سنا متصور نه انتها
Əvvəlcə onu deyim ki, yuxarıda latın qrafikasında paylaşılmış (bəzi nəşrlərdə də eynilə verilmişdir) "Ya mən əhatə elmükəl-əşya’ə külləha” yazılışı doğru deyildir.
Niyəsinə baxaq:
Beytin orijinalına baxdıqda, görürük ki, ilk sözdəki "ي” (yə) hərfi incədir və buna görə də "Ya” kimi deyil, "Yəə” kimi oxunsa, daha yaxşı olar. Burada iki "ə” hərfi ona görə yazırıq ki, "yə” hərfindən sonra bu hərfdəki "ə” səsini onun özü qədər uzadan mədd (uzatma) hərfi olan "ا”(əlif) var.
Daha sonra baxırıq: "احاط" (əhaata) sözündə sonuncu - "ط" hərfi qalın hərfdir. Ona görə də həmin hərf "ta” kimi oxunmalıdır. Beləliklə, bu söz "əhatə” kimi yox, "əhaata” kimi oxunur.
Sonrakı "elmükə” (علمك) sözü də düzgün yazılmayıb. Çünki birincisi, bu sözdə ilk hərf bizdəki "e” səsi ilə deyil, "i” səsi ilə tələffüz olunmalıdır.
İkincisi, ərəbcədə "ü” səsi yoxdur (bunu bizimkilər uydurublar). Yəni "elmükə” sözündə "ü” deyil, "u” səsi tələffüz edilməlidir. Onda bu söz "i’lmukə” kimi oxunacaq.
Sonrakı sözdə (الأشياء) "ع” hərfi yoxdur. Sadəcə, "yə”, ondan sonra mədd hərfi olan "əlif” və daha sonra həmzə (ء) hərfləri var. Əgər düzgün oxusaq, onda apastrofa ehtiyac olmaz.
Yuxarıdakı qaydalar eləcə də yanlış olaraq "külləha” kimi yazılmış "كلها” sözünə aiddir; bu söz də "kulləhaa” kimi oxunmalıdır.
Beləliklə, misranın düzgün oxunuşuna çalışaq:
"Yəə mən əhaata i’lmukəl-əşyəə’ə kulləhaa”.
(Ey elmi hər şeyi əhatə edən (Allah)!)
***
Əruz vəzninin muzare’ bəhrində yazılmış bu qəzəlin ilk beyti muləmmə’ formasındadır. Yəni beytin hər misrası ayrı-ayrı dillərdə yazılıb (yeri gəlmişkən qeyd edim ki, muləmmə’ – bədii elmində olan bədii təsvir vasitələrindən biridir).
İlk misrada şair "Qurani-Kərim"in "Taha" surəsinin 98-ci ayəsinə işarə edir:
إِنَّمَا إِلَهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا
(İnnəməə iləhukum-ulləhul-ləzii lə iləhə illə huva vasi’ə kullə şəy’in ilmən)
"Sizin ilahınız yalnız Allahdır ki, Ondan başqa ilah yoxdur. Onun elmi hər şeyi əhatə etmişdir”.
Allahın elminin hər şeyi əhatə etməsi Quranın başqa ayələrində də qeyd olunmuşdur (Ənam surəsinin 80-ci ayəsinə bax).
Beytin azərbaycanca yazılmış ikinci misrasına baxaq:
نه ابتدا سنا متصور نه انتها
"Nə ibtida sənə mütəsəvvir, nə intəha”
Təəssüf ki, bu misrada da təhrif var. متصور - bu söz bizim lüğətlərdə yanlış olaraq "mütəsəvvir” kimi göstərilir. Halbuki sözün düzgün oxunuşu "mutəsavvar”dır. "Təsvir və təsəvvür oluna bilən; zehində canlandırılması mümkün ola bilən” anlamındadır.
Şair demək istəyir ki, Allahın nə əvvəli, nə də sonu təsəvvür edilə bilər; çünki başlanğıc da, son da Onun özüdür; çünki Allah əvvəl də vardı, sonra da hər zaman mövcud olacaq. Təsvir və təsəvvür olunan şeylər isə sonradan yaradılanlardır.
Bu misrada isə Quranın "Hədid” surəsinin 3-cü ayəsinə işarə olunur:
هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
(Huva val-əvvalu val axiru vaddzahiru val-bəətinu va huva bikulli şəy’in ə’liim)
"Əvvəl də, axir də; zahir də, batin də - Odur. O, hər şeyi biləndir.”
Ümumiyyətlə, Füzulinin bu qəzəli bütövlükdə fəlsəfi-irfani mövzuda yazıldığından, təkcə fikir baxımından deyil, eyni zamanda istilah baxımından da bugünkü oxucularımız üçün ağır qəzəldir. Yaxşı olardı ki, bu tipli qəzəllərin şərhini ixtisaslı alimlərimizə həvalə edək.