Gədəbəyin hər il asfaltlanan küçə və dalanları - Tenderin qalibi niyə dəyişmir?

Gədəbəyin hər il asfaltlanan küçə və dalanları - Tenderin qalibi niyə dəyişmir?

26-07-2023 22:05 / Bu xəbər 1681 dəfə oxundu

Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Ərdagı” MMC seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 823 771,29 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri "Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.

Açıq mənbələrdə "Ərdagı” MMC və onun qanuni təmsilçisi Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. Mediada "Ərdagı” MMC tender kralı kimi təqdim edilir. 

Araşdırmalar zamanı məlum olur ki, barəsində heç bir məlumat olmayan şirkət dövlət qurumlarının, xüsusilə, yerli icra hakimiyyəti orqanlarının tenderlərinin qalibi olur. 

"Ərdagı” MMC-yə sifarişlər əsasən Gəncəbasar zonasında yerləşən rayon və şəhər icra hakimiyyətlərindən gəlir.

Bu arada Gədəbəy Rayon İcra Hakimiyyəti 2022-ci ildə "Ərdagı” MMC ilə maliyyə dəyəri 817 830,27 AZN olan satınalma müqaviləsi imzalayıb. 

Müqavilədə Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması nəzərdə tutulub. 

2021-ci ildə isə Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması ilə bağlı "Ərdagı” MMC ilə 804 995,21 AZN dəyərində müqavilə imzalanıb. Beləliklə, aydın olur ki, Gədəbəy şəhərində hər il küçələr, dalanlar və medyanların asfalt örtüyü yenilənir və hər il Gədəbəy Rayon İcra Hakimiyyətinin bununla bağlı elan etdiyi tenderin qalibi "Ərdagı” MMC olur. 

Gədəbəy icra hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. 

O, 2022-ci ildən bu vəzifədədir. 

Orxan Mürsəlov "Söyüdlü hadisələri”ndə media nümayəndələrinə "Məni yaxından çəkməyin, eybəcər düşürəm” fikirləri ilə sosial şəbəkələrin ulduzuna çevrilmişdi.