"Gözləyirdik ki, 2018-ci ildə Dünya Çempionatına gedək, alınmadı..." - VİDEO
07-12-2017 13:13 / Bu xəbər 5087 dəfə oxundu
"Uğur həmişə uzaqdan görünür, parıldayan ulduzdur”
Arqument.Az-ın "Bizim ekspert" rubrikasının 7-ci buraxılışında lkənin idman siyasətini müzakirə etmişik.
Ekpertimiz idman yazarı Şəfi Şəfiyevdir.
- Şəfi bəy, Azərbaycanda idmanla məşğul olmaq üçün lazımi şərait və bu sahədə peşəkar məşqçilər varmı?
- Azərbaycan son 10-15 ildə idman ölkəsi kimi təqdim edilir, çünki Azərbaycanda xeyli yarışlar keçirilir. Amma ölkədə idmanın inkişafından danışmaq hələ ki tezdir. Düzdür, son illərdə Azərbaycanda böyük neft pullarının axını qarşılığında tikilən böyük stadionlar, regionlarda olimpiya kompleksləri var, amma bütün bunlar idmanın inkişafı üçün yetərlidirmi? Peşəkar məşqçilər varmı? Bax sual budur.
Azərbaycanda peşəkar məşqçi qıtlığı var, bu təkcə futbola deyil, idmanın digər növlərinə də aiddir. Bu gün Azərbaycanda idmançı adına tam fərqli bir yanaşma var. İdmançı deyəndə bizim cəmiyyətimiz, ictimaiyyətimiz, müəllimlərimiz qolu zorlu, adam döyə bilən şəxs yetiştirməyi nəzərdə tutur, amma peşəkar idmançı bu deyil. Peşəkar idmançının yetişməsi üçün məktəb, təhsil vacibdir, qidalanmasına fikir vermək lazımdır. Eyni zamanda cəmiyyət onu formalaşdırmalı və bir vətəndaş kimi yetişdirməlidir.
- Məsələn?
- Bu yaxınlarda Almaniyaya getmişdim, orada bir həmyerlimizlə qarşılaşdım. Gözəl bir misal gətirdi. Dedi ki, oğlu "Mainz” klubunun aşağı yaş qruplarında çalışır, amma riyaziyyatdan 4 aldığı üçün "Mainz” klubundan bir müddət uzaqlaşdırılıb və həmin qiyməti 5 etməmiş kluba qəbul etməyiblər. Yəni orada idmana baxış fərqlidir. Bəli Azərbaycanda bayaq sadaladığım kimi, elə bir rayon yoxdur ki, orada olimpiya kompleksi olmasın, amma həmin komplekslər işləyirmi? Yox. Qış gəlir. Həmin olimpiya komplekslərində istilik sistemi, daimi su varmı? Təbii ki, yox. Misal üçün doğulduğum Qusar rayonunda da bu, böyük bir problemdir. Yəni idmançıların çalışması üçün şərait yoxdur.
Peşəkar məşqçilərdən sual verdiniz. Azərbaycanda peşəkar məşqçi çox kəsaddır, demək olar ki, yoxdur. Yığma komandalar səviyyəsində müəyyən məşqçilər var ki, onlar keçmişdə böyük uğurlar qazanıblar, pillə-pillə irəliləyib məşqçi olublar, amma uşaq məşqçilərimiz yoxdur. Ötən illərdə gimnastikada böyük problemlərlə üzləşmişdik. Məşqçilər uşaqları döyürdülər, faktlar aşkarlanmışdı, media kifayət qədər bunun üzərinə düşmüşdü, amma heç nə düzəlmədi. O cümlədən ağırlıq qaldırmada və digər idman növlərində…
Məşqçi uşağa təkcə bedro atmağı öyrətməməlidir, həm də onu insan kimi yetişdirməli, vətəndaş kimi tərbiyə etməlidir. Təəssüf edirəm ki, Azərbaycanda, həqiqətən də, peşəkar məşqçi çatışmazlığı var.
- Azərbaycan 2015-ci ildən bu yana bir neçə idman yarışına evsahibliyi edib. Xüsusilə də "Bakı 2015 - Avropa oyunları”, "Formula 1” yarışları, "İslam Həmrəyliyi oyunları”. Bu oyunlar Azərbaycana nə verdi?
- Əslində, böyük yarışmaların Azərbaycan kimi 3-cü sort ölkələrdə keçirilməsi absurddur. Çünki həqiqətən də, Azərbaycanın iqtisadi potensialı, insanların yaşayış səviyyəsi, həmin yarışların təşkili üçün kifayət qədər yüksək deyil. Bu yarışlardan sadəcə olaraq, yuxarılar, hökumət nümayəndələri öz təbliğat vasitəsi kimi istifadə edirlər. Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi oyunları, "Formula 1” yarışları ,o cümlədən digər idman növləri üzrə kifayət qədər böyük yarışlar olub və bunların Azərbaycan büdcəsinə, Azərbaycan turizminə, idmanına heç bir xeyiri olmayıb. Məsələn, son illər Azərbaycanda keçirilən ən böyük yarışmalardan biri, bəlkə də, elə ən böyüyü Avropa Oyunları idi. Amma Avropa Oyunlarının Azərbaycana heç bir xeyiri olmadı. Bu oyunların adicə açılışı üçün 100 milyon pul xərcləndi, amma bu 100 milyon yaxşı məşqçilərin, idmançıların yetişməsi üçün xərclənə bilərdi.
"Avropa Oyunları Azərbaycana turist cəlb etmədi”
Avropa Oyunları Azərbaycana turist cəlb etmədi. Həmin dövrdə tikilən obyektlər demək olar ki, yarışdan-yarışa istifadə olunur. Məsələn, Atletlər kəndi. Təkcə "Bakı Olimpiya Stadionu” "Qarabağ”ın və Milli komandanın oyunları ilə əlaqədar istifadə olunur ki, bu da çox yüksək nəticə deyil. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin tərəfdarı olan, bu ideyanı ilk dəfə bizim hökumətimizə yönləndirən şəxs Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki "Rio 2016” oyunları zamanı bilet saxtakarlığına görə həbs olundu.
"Bizdən sonra bu oyunları qəbul edən olmadı”
Bizdən sonra böyük biabırçılıq yaşandı, Avropa Oyunlarını qəbul edən olmadı. Çünki bu, sırf biznes və siyasi hökumətlərin təbliğat ideyası idi. Ona görə də Avropa Oyunlarının keçirilməsi böyük bir biabırçılıq idi. Hollandiya bu oyunları keçirməkdən imtina etdi, Belarus hökuməti qəbul etdi və Belarus prezidenti çıxışında dedi ki, Azərbaycan, sadəcə, bir açılışa 100 milyon xərclədi, amma biz bütün yarışmaya heç o qədər pul xərcləməyəcəyik. Bizi lağa qoymuşdular. Üstəlik, Avropa Oyunlarınında qızıl medal qazanan bir neçə idmançımız "Rio-2016” Olimpiya Oyunlarında təəssüf ki, biabırçılıqlarla üzləşdi. Bu onu göstərir ki, Avropa Oyunlarında iştirak edən xarici idmançılar kifayət qədər aşağı reytinqli, yəni 7-ci, 8-ci səviyyəli həvəskar idmançılar olublar. Hətta İngiltərədən gələn bəzi idmançılar var idi ki, məktəb şagirdləri olublar, onları, sadəcə, gəzmək xatirinə gətiriblər. Bu, həqiqətən də, yaxşı hal deyildi...
"Bu, böyük bir biabırçılıq idi”
Sonra İslam Həmrəyliyi Oyunları keçirildi. İslam Həmrəyliyi Oyunları Azərbaycana nə verdi? Bu suala indi də cavab tapmaq olmur. Xüsusilə Avropa Oyunları qərarı veriləndə ən azından Azərbaycanda iqtisadi vəziyyət normal idi, amma İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycan iqtisadiyyatı 2 dəfə devalvasiyaya uğramışdı, insanlar işsiz idi, amma bunlar İslam Həmrəyliyi Oyunlarını keçirdilər. Bu da böyük bir biabırçılıq idi. Hətta yarışın öz səviyyəsi belə göstərirdi ki, bu yarış nəinki Azərbaycanda, heç bir normal ölkədə keçiriləcək yarış deyil. Gələk "Formula 1” yarışlarına. 10 illik müqavilə bağlayıblar və kifayət qədər də böyük pullar xərclənilir. Düzdür, Azərbaycanda müəyyən dairələr var ki, bu yarışı sevirlər. Amma bu da o dairələrdir ki, kifayət qədər böyük pulları var, yaxşı yerlərdən bilet ala bilirlər. Yəni sadə insanlar üçün deyil. Azərbaycanda həmin dairənin əhatə etdiyi insanların sayı ümumi əhalinin heç 2-3 faizi deyil. Sırf varlılar üçün təşkil olunmuş bir oyundur. Bu, ümumiyyətlə, bütün dünyada belədir. Azərbaycan kimi yerdə keçirilməsi mümkün deyil. 2011-ci ildə Bəhreyndə bu yarışma insanların etirazı ilə 1 illik təxirə salınmışdı. Çünki həmin ərəfədə orada "Ərəb baharı” dalğası baş verdi. Səbəb göstərdilər ki, hadisələr zamanı ölkədə ölənlər var. Bizim ölkədə isə neçə illərdir ki, insanlar mənəvi cəhətdən ölür, iqtisadi cəhətdən böyük fəlakətlərlə üz-üzəyik. Dənizdə, binada qəza oldu, amma heç kim bunları nəzərə almadı, belə yarışlar yenə də davam edir. Azərbaycan idmanı heç də bunlardan xeyir görməyəcək. Böyük yarışların keçirilməsi Azərbaycan kimi ölkədə tam bir yalandır. İddia edirlər ki, dünya mediası bizdən danışır. Xeyir, belə deyil. Sadəcə, bir neçə ölkədə pullu kanallar bunu yayınladı. Yəni bizim təbliğatımızdan söhbət gedə bilməz.
- Son illər futbolda həm yığma komandamızın, həm də klublarımızın bəzi uğurları var. Məsələn, "Qarabağ” Çempionlar Liqasına vəsiqə qazanaraq Azərbaycanı təmsil edin ilk komanda oldu. Bu uğur təsadüf idimi, yoxsa davamı gələ bilər?
- Öncəliklə Azərbaycan futbolunun ümumi durumuna nəzər salaq. "Qarabağ” klubunun Çempionlar Liqasına vəsiqə qazanması, Atletiko Madridlə hər iki oyunda heç-heçə qalması fonunda digər şeylər unudulur.Uğur həmişə uzaqdan görünür, parıldayan ulduzdur. Lakin qaranlıq hissələr görünmür.
Bundan əvvəl də "Neftçi”nin bəzi uğurları var idi. Bu il isə "Qarabağ”, bəlkə də, Azərbaycan futbolunun ən yüksək zirvəsinə qalxdı. İnkişaf var, "Qarabağ”ın inkişafını danmaq mümkünsüzdür. Bəs "Qarabağ”ın inkişafına nə təkan verdi? Məncə, peşəkar məşqçilər korpusunun olmasıdır, rəhbərliyin peşəkar məşqçilərə şans verməsidir, uzun illər onlara güvənməsidir, sistemin oturuşmasıdır, yaxşı büdcənin olmasıdır. Lakin digər klublarda biz bunu görmürük. Azərbaycan futbolunda son illərdə bir-neçə klub dağılıb. "Xəzər-Lənkaran”, "Bakı”, "Simurq” və s. onlarla belə klub saymaq olar.
Azərbaycanın regionlarında futbol yoxdur?
- Təbii ki, yoxdur. Məsələn, bu gün 1-ci divizionda 10 komanda iştirak edir, həmin komandalardan beş-altısı Bakı şəhərini təmsil edir. Bu, böyük bir biabırçılıqdır. Futbol regionlarda - Qusarda, Mingəçevirdə, Qazaxda, Lənkaranda , Şəmkirdə də inkişaf etməlidir. Hansı ki bu rayonlar futbolumuza böyük futbolçular bəxş ediblər. Amma bu gün Azərbaycanda bu, yoxdur. Milli komandanın formalaşması üçün regionlarda uşaq məktəbləri olmalıdır. Son illərdə AFFA axır ki, uzun fasilədən sonra milli komandanın sükanı arxasına yerli mütəxəssis gətirdi. Bu, çoxdan olmalı idi. Çünki Azərbaycan Milli Komandasının himnini bilən, Milli Komandanın futbolçuları ilə tanış olan, öz futbolumuzu yaxşı bilən, seçim edə biləcək güclü bir mütəxəssisi çoxdan gətirmək lazım idi. Bizim Qurban Qurbanovumuz var, onu niyə gətirmirdilər? Milli Komandanın inkişafı birbaşa aşağı yaş komandalarından asılıdır. Əgər əsas Milli Komanda fərqli yöndə inkişaf edirsə, fərqli futbol oynayırsa, 21, 19, 17 yaşlı lardan ibarət komandalar fərqli futbol oynayırsa, o ölkənin futbolunda heç vaxt inkişaf gedə bilməz. Portuqaliya U17 millisi Bakıya gəlmişdi, onların baş məşqçisi yaxşı bir söz dedi. Dedi ki, bizim futbolumuzda oyunçular 16-17 yaşından etibarən eyni təməl üzərində inkişaf edirlər.
Sistem eynidir və həmin sistem sonda uğurlu olur, Portuqaliya millisi Avropa Çempionu olur. Amma bizdə necədir? Bizdə Təbriz Həsənov komandanı fərqli sistemdə formalaşdırır, digəri fərqli formada və Prosineçki də gəlib deyir ki, bunlara Avropa futbolu oynadacağam. Belə uğur olmur. Düzdür, son illərdə millimizdə müəyyən qədər nizam-intizam var, hətta gözləyirdik ki, 2018-ci ildəki Dünya Çempionatına gedək, amma təəssüf ki, alınmadı.
""Qarabağ”ın Çempionlar Liqasına düşməsi sensasiya idi”
"Qarabağ”ın uğurlarına gəlincə isə "Qarabağ”ın Çempionlar Liqasına düşməsi uğurdan əlavə sensasiya idi. Rəqiblər həm heyyətinə, büdcəsinə görə "Qarabağ”dan qat-qat aşağı olan komandalar idi. Kopenhagen də əvvəlki illərin güclü Kopenhageni deyil, həm heyyətinə görə, həm büdcəsinə görə…
Bir az da bəxtimiz gətirdi, amma bu son şansdan yararlana bildik. "Son şans” nəyə görə deyirəm, çünki növbəti il Çempiyonlar Liqasında dəyişiklik olacaq, artıq super güclü komandalar qatıla biləcəklər. Bizim üçün xüsusilə çox çətin olacaq, amma mümkünsüz bir şey yoxdur, bunu dəfələrlə sübut etmişik. İnanıram ki, "Qarabağ” əldə etdiyi pulları yaxşı istifadə edəcək, yaxşı oyuncular alacaq. Nəzərə alsaq ki, indiki heyyəti də yaxşı oyunçulardan ibarətdir, bu uğurun davamı gələcək.
2017-ci ildə oyunların alqı-satqısı ilə bağlı Azərbaycan futbolunda çox böyük biabırçılıqlar oldu. 2016-cı ilin sonlarından başlayan bu proses indiyə kimi davam edir, hətta ölkənin 1-ci liqası üçün də bu durum keçərlidir. Ötən 1-ci divizionda 25 nəfər oyun alqı-satqısına görə futboldan uzaqlaşdırıldı. Həmin prosesin sonu kimi "Rəvan” futbol klubu "Şərurspor” kimi komandalar liqadan kənarlaşdırıldı. Son hadisələrdə isə əvvəllər "İnter” adlanan indiki "Keşlə” klubundan dünən 2 futbolçu polis tərəfindən saxlanıldı, çünkü liqanın 13-cü turunda "Neftçi” ilə oyunda bilərəkdən məğlub olublar.
AFFA İntizam Komitəsi hər iki oyunçu Mirhüseyn Seyidov və Nizmi Hacıyevi ömürlük olaraq futboldan uzaqlaşdırdı. Azərbaycan futbolunda bu kimi hallar minlərlədir, istər 1-ci divizyonda olsun, istər Primyer Liqada olsun. Bu faktlar var. Sadəcə, bu faktların üzə çıxması üçün bir sistem lazımdır, hər bir sahənin öz peşəkarı olmalıdır…
Əli Zeynal
Arqument.Az