“Gözləyirdim ki, məni həbs edəcəklər” – Fərəc Kərimli

“Gözləyirdim ki, məni həbs edəcəklər” – Fərəc Kərimli

19-05-2017 01:48 / Bu xəbər 2856 dəfə oxundu

Müsavat Partiyasının başqan müavini, keçmiş vicdan məhbusu Fərəc Kərimli Toplum.Tv-nin suallarını cavablandırıb. 

– Fərəc bəy neçə ildi siyasi meydandasınız? 

- 2003-cü ildən Müsavat Partiyasının üzvüyəm, demək olar ki, hərbidə olduğum müddəti çıxmaq şərtilə bütün illərdə aktiv fəaliyyət göstərmişəm. Əvvəl Laçın rayon təşkilatında, sonra isə Müsavat Gənclər Təşkilatında aktiv olmuşam. Sosial şəbəkələr aktivləşəndən sonra mənim də orda fəaliyyətim aktivləşib. Bu aktivliyimin də nəticəsində həbs olunmuşam. Həbs olunandan sonra da Müsavat başqanının müavini olmuşam. İndi də Müsavat başqanının müavini kimi fəaliyyətimi davam etdirirəm. 

- Bu illər ərzində siyasət sizə nə verdi və nələri itirdiniz?

- Hesab eləmirəm ki, nələrisə itirmişəm. Çünki özüm istədiyim yolu, haqq-ədalət yolunu tutmuşam. Hətta həbsdə olduğum müddəti belə itki hesab eləmirəm. Qazancıma gəlincə, düzdü, məqsədimizə hələ ki, çatmamışıq. Azərbaycanı hələ də avtoritar bir rejim idarə edir. İnanıram ki, məqsədimizə yaxın vaxtlarda çatacağıq. Meydanda ən böyük qazancım o zaman olacaq. 

- Nə zamansa həbs olunacağını gözləyirdinizmi?

- Mənim siyasi proseslərə cəlb olunmağım ailəmdən, yəni atamdan gəlir. Atam Azərbaycanda xalq hərəkatı başlayanda bu proseslərdə olmuşdu. Əvvəlcə Xalq Cəbhəsinin aktivlərindən olub, sonra Müsavat Partiyası Azərbaycanda bərpa olunandan sonra fəaliyyətini orada davam etdirdi. Partiyanın Laçın rayon şöbəsini yaradanlardan biri olub. Ailə müsavatçı olduğu üçün istər-istəməz mən də bu proseslərə qoşulmuşam. Həbs olmağıma gəlincə, bəli, həbs olunacağımı dəqiq bilirdim. Çünki mən sosial şəbəkələrdə çox fəal olmuşam. Bir neçə qruplar, səhifələr idarə edirdim. Bir gün bir nəfər mənim adımı çəkmişdi ki, bu adla fəaliyyət göstərən şəxs mənəm. Adımı, soyadımı, iş yerimi, hər şeyimi yazmışdı. O vaxtdan nəzarətə götürülmüşdüm. İş yerimdə e-mail adreslərimi məndən istəmişdilər. Hətta vəzifə təklif olunmuşdu. Gözləyirdim ki, məni həbs edəcəklər. Çünki mən bunların heç biri ilə razılaşmamışdım. Daha sonra qardaşımla bir yerdə həbs olundum.

- Bu gün ölkəmizin durumunu necə qiymətləndirirsiniz?

- Ölkə faktiki olaraq ən ağır vəziyyətdədir. Bugünlərdə Beynəlxalq Bank özünü müflis elan elədi. Ölkənin maliyyə sistemi demək olar ki çöküb. İlham Əliyev hərbi ilə öyünürdü ki, ordumuz çox güclüdür. Bugünlərdə özləri açıqlama yayıblar ki, sən demə, ordumuzda erməniyə işləyənlər varmış. Güc strukturları birgə bəyanat yayıblar ki, bu şəxslər ölkədə terror hazırlayırmışlar. Bununla da bu təbliğatın da demək olar ki, üstündən xətt çəkildi. Daha doğrusu, özləri xətt çəkdilər. Əvvəllərdə belə hal olub, amma heç vaxt belə ictimailəşdirilməmişdi. İndi özləri ictimailəşdirdilər ki, bəs öyündüyümüz o Tərtər istiqamətindəki şəxslər, sən demə, vətən xainləridir. 

- Ölkənin bu durumunda müxalifət partiyaları, siyasi təşkilatlar niyə bir araya gəlmirlər? 

- Müxalifət partiyaları, siyasi təşkilatların niyə bir araya gəlməmələri sualının Müsavat Partiyasına ünvanlanmasını doğru hesab eləmirəm. Çünki Müsavat Partiyası dəfələrlə digər partiya və təşkilatlara birgə əməkdaşlıq təklif edib. Şəxsən Müsavat başqanı səviyyəsində bir neçə partiya və təşkilatlarla görüşlər keçirilib. Qarşı tərəflər imtina edib birliyə. Burda Müsavat Partiyasında bir günah görmürəm.  

- Mövcud durumla bağlı Müsavat Partiyası hansı tədbirləri görür? Kütləvi aksiyalar keçirmək bu gün Müsavatın gündəmində varmı?

- Kütləvi aksiyaların keçirilməsi həmişə gündəmdədir. Amma buna sosial sifariş olmalıdır. Düzdü, hər kəs narazıdır, ancaq bu, özünü meydanda göstərmir. Yaxın vaxtlarda yəqin ki, Müsavat Partiyası aksiyalara başlayacaq. Müsavat Partiyası həm də hakimiyyətdə olan partiyaya zaman-zaman öz təkliflərini verib, amma məlumdur ki, indiki rejim heç bir təklifi qəbul etmir.

- Bu gün gənclər demək olar ki, siyasi proseslərdən kənar qalıb. Bunun səbəbi nədir?

- Hesab eləmirəm ki, gənclər həmişə xüsusi aktivlik göstərməlidir. On minlərlə gənc meydanda olmur həmişə. Amma tam proseslərdən də kənar qalıb demək doğru deyil. Mayın 14-də Müsavat Gənclər Təşkilatının konfransı keçirildi. Orda da kifayət qədər gənclər təmsil olundu. Hal-hazırda bu vəziyyəti məqbul hesab eləmək olar. Aktiv gənclər Müsavat Partiyasında da, digər partiya və təşkilatlarda da var. Yəqin ki, bundan sonra aktivlik daha da artacaq. Çünki hazırda ölkədə vəziyyət ağırlaşır. Bu da yəqin ki, sosial partlayışla nəticələnəcək. O zaman da gənclər indikindən daha çox meydanda olacaq. 

- Bu gün vətəndaşların böyük əksəriyyəti demək olar ki, siyasətlə məşğul olmaq istəmirlər. Sizcə, bunun səbəbi nədir? 

- Bu gün kifayət qədər siyasətlə məşğul olan, maraqlanan insanlar var. Başqa dövlətlərdə də əhalinin böyük əksəriyyəti əsasən siyasətlə məşğul olmur. Bir neçə faiz aktiv təbəqə var, onlar siyasətlə məşğul olur, insanları yönəltməyə çalışırlar. Bu yolla onları proseslərə cəlb etməyə çalışır. Uyğun şərait yetişəndə yəqin ki daha çox insan aktivləşəcək. Bu rejim qarşı mübarizəyə daha çox insan qoşulacaq. "İnsanlar siyasətlə məşğul olmur” demək doğru deyil. 

- Sizcə, hakimiyyət siyasi fəalları həbs etməklə nəyə nail olmaq istəyir? Bu siyasi fəalların mübarizə əzmini qırmaqdır, yoxsa necə? 

- Əlbəttə, həbslərlə siyasi fəalları mübarizədən çəkindirməyə çalışırlar. Amma gördüyünüz kimi, bu, həmişə əks-effekt verir. Bu həbslərdən sonra insanlar daha da siyasi proseslərə qoşulur. Şəxsən mənim həbsimdə geri çəkilməmə nail olmadılar. Əksinə gözləmə mövqeyində olan insanlar sırf bu həbsdən sonra bizim partiyaya qoşuldu. Eləcə də başqa siyasi fəalların həbsində. Bu hallar hiss olunub. Məncə, bu həbslərlə heç nəyə nail olmaq mümkün deyil. Yəqin ki, bu mübarizədə bir gün qalib gələcəyik. 

- Mehman Hüseynovla bağlı müxalifətin birgə mitinqi olmalı idi. Amma bu mitinq baş tutmadı. Bununla bağlı siz də öz "Facebook” səhifənizdə: "Xahiş edirəm, heç kim müxalifət niyə birlikdə mitinq keçirmir sualı ilə üzünü Müsavata tərəf tutmasın", - yazmışdınız. Birlik mövzusu yenidən gündəmə gəlsə, sizcə, xalq üzünü kimə çevirməlidir ki, bu birlik baş tutsun?

- Müsavat Partiyası mübarizə üçün həmişə bütün təşkilatlara birlik təklif edib. Bu gün də bu təklif açıqdır. Bundan sonra kimsə dəstək verərsə, əlbəttə, bu birlik baş tutar. Amma yenə də deyirəm, biz təklif edirik, qarşı tərəflər bu birlikdən çəkilirlər. Zaman göstərər, bu birliklər necə baş tutacaq. Amma Müsavat Partiyası hər zaman digər siyasi partiyalarla birgə fəaliyyət göstərməyə hazırdır.

- Sizcə, müxalifət bu gün hansı problemlərlə qarşı-qarşıyadır?

- Müxalifət bu gün çox problemlə qarşı-qarşıyadır. Demək olar ki, telekanallara çıxış imkanı sıfır səviyyəsindədir, tam olaraq bütün televiziyalar hakimiyyətin əlindədir və onlar müxalifətin əleyhinə fəaliyyət göstərir. Aktiv siyasi fəallarımıza, üzvlərimizə qarşı ciddi təzyiqlər var. Çoxu işdən çıxarılır. Mübarizədən çəkindirmək üçün müxtəlif yollara əl atılır. Qohumlarını, dostlarını, ailə üzvlərini işdən çıxarmaqla siyasi fəalları mübarizədən çəkindirməyə çalışırlar. Demək olar ki, siyasi mübarizədə olan insanları mübarizədən çəkindirmək üçün yaratdıqları problemlər kifayət qədərdi. Saymaqla qurtarmaq olmaz bu problemləri...

Toplum.TV
Vüsal Əfəndi