Hər beyinin içində müstəmləkəlik hava...
06-01-2025 12:11 / Bu xəbər 209 dəfə oxundu
Bu gün yazıçı, şair, esseist, tərcüməçi Hədiyyə Şəfaqətin doğum günüdür.
"Arqument.az" "yeniyaz.az"a istinadən Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir:
***
Dərin bir qaranlığın açılmış qanadları,
Sərilib axşamların, səhərlərin üstünə
Sərilib fikirlərin,
Sərilib baxışların,
Sərilib daşa dönmüş şəhərlərin üstünə...
Qaranlıq qanadların toxunduğu sifətlər
Dalda bilib sığınmır ürəyinin küncünə
Dağa-daşa sığmayan nəhəng-nəhəng kişilər
Büzüşüb gizlənibdir çörəyinin küncünə.
Hər qapıda bir nişan,
Hər pəncərə nişangah
Uşaqlar oynamırlar küçədə dava-dava
Hər evdən içəridə cəbbəxana, sir-silah
Hər beyinin içində müstəmləkəlik hava...
Sevgilərin əlindən qum kimi axıb gedib
Dünənlərə etibar,
Sabahlara etibar
Bir də ayılmışıq ki, hər yerdən çıxıb gedib,
Qapqara qanadların toxunduğu adamlar...
Dilimizə vurulmuş kilid kiliddən bətər
Gözümüzdən dəmirdən qalın pərdələr asıb
Dönüb acı sözlərə
Çöküb ürəyimizə
Bizi öz əlimizlə öz böynumuzdan basır...
Hardadır insan ömrü, hardadır insan səsi?
Hardadır dostluqların pozulmayan cərgəsi?
Kürəyimiz bir dalan divarına sıxılmış,
Evlərimiz dağılmış,
Evlərimiz yıxılmış.
Özünü ora-bura vuran kor heyvan kimi
Yer də birdir, göy də bir bu quyunun içində
Belimizi əyirik,
Çiyinimizi qısırıq
Başımızın üstündən qanad səsi keçəndə...
***
Əlbəttə, ötüb keçir bütün ağır saatlar,
Bütün açıq qorxular, bütün gizli hədələr,
Əzablar, əziyyətlər, ağrılar, işgəncələr...
Hər şey bir gün korşalır, çıxır bir-bir aradan,
Amma biz də ölürük, ölürük bu arada...
Yıxılmış daxmaların balaca kölgəsində,
Sıxılmış yumruqların içində qalıb ölür
Dəyişmiş baxışların buz kimi havasında,
Əyilmiş boyunların gizli ehtirasında,
Şərə əl çalanların çiyinlərində ölür,
Fikrini satanların beyinlərində ölür,
Ölür,
Ölür ədalət,
Bircə biz ölmürük ki...
Biz ölməklə dəyişməz bu dünyanın nizamı,
Hər insan neçə ölü insan qoyur arxada,
Gedir,
Gedir, insanlıq qalır ayaqlar altda.
Dumanlı mübarizə,
Öyrədilmiş şüarlar
Heç kimin ürəyində təpər qazanmır daha.
Hərə öz ürəyində cəhənnəm havasında
Xeyir qələbə çalmır,
Zəfər qazanmır daha...
Əlbəttə, ötüb keçir bütün ağır saatlar,
Bütün açıq qorxular, bütün gizli hədələr,
Əzablar, əziyyətlər, ağrılar, işgəncələr...
Hər şey bir gün korşalır, çıxır bir-bir aradan,
Amma biz də ölürük, ölürük bu arada...
***
harda intizar var,
harda səma var
harda buludların boz dərinliyi
harda bir qadının çiyinlərində
ən gizli sirlərin öz dərinliyi...
əllərin uzana bilmədiyi yer,
gözlərin boylana bilmədiyi yer,
kişi ürəyinin döyüntüsündən
sözlərin boylana bilmədiyi yer...
məhəbbət xəyaldır,
həqiqət boğuq
dənizin sinəsi ölüm daşıyır
bizə elə gəlir şəhərlər evdir,
şəhərlər qapıdır, karvan qapısı
qocalar köç edir, Allah yaşıyır...
dayanır, baxmayır kim keçib gedir,
dayanır, eşitmir duaları da
özü hər yerdədir
ruhu bax burda,
bax burda: çiçəklər içən sularda...
kiçik bir yarpağın saplağındakı
qopmaq qorxusudur Allahın ruhu
böyük bir qayanın çatlağındakı
qarmaq qorxusudur Allahın ruhu...
mən onu tutmuşam ovuclarımda
dünyadan keçmişəm övuclarımda
Allahın quşların uçuşundakı
ruhunu içmişəm ovuclarımdan...
harda intizar var,
harda səma var
bir vərəq yazı var, bir qara qələm
qadın çiynindəki sirr nöqtəsində
unut şəhərləri,
mən gələcəyəm...