Hüquqşünas: “Sevinc Vaqifqızının dedikləri ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır”
14-06-2024 23:25 / Bu xəbər 875 dəfə oxundu
Baş Prokurorluq isə deyir ki, məhkəmə onlara müraciət etməlidir
İyunun 12-də "AbzasMedia”nin baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) məhkəmədə Bakı İstintaq Təcridxanasında məhkumların təzyiqlərə məruz qaldığını yenidən səsləndirib.
Jurnalist bildirib ki, buna görə ona ailəsi ilə telefonla danışmaq qadağası qoyulub.
Telefon danışığı hüququnun qanunsuz məhdudlaşdırıldığını vurğulayan Sevinc Vaqifqızı deyib ki, Bakı İstintaq Təcridxanasında qadınları lüt soyundurub, saçından tutub sürüməklə hədələyirlər.
O, Ombudsman Səbinə Əliyevanın təcili Kürdəxanıdakı istintaq təcridxanasına gəlməsini və vəziyyətlə maraqlanmasını istəyib.
Məhkəmədən bir neçə gün öncə, iyunun 10-da Sevinc Vaqifqızı anası ilə telefonla danışarkən qadınların təzyiqə məruz qaldığını demişdi.
O bildirmişdi ki, qadınları təzyiqə məruz qoyan Bakı İstintaq Təcridxanasının rəis müavinləri Ceyhun və Əhəd adlı şəxslərdir.
Anasının dediyinə görə, bu ifadələrdən sonra jurnalistin danışığı yarımçıq kəsilərək ona məhdudiyyətlər tətbiq edilib.
Meydan TV jurnalistə tətbiq edilən qadağa ilə bağlı İnsan Hüquqları üzrə Ombudsman Aparatanın mətbuat xidməti ilə əlaqə saxlayıb.
Xidmətin rəhbəri Emil Şahzadə sorğuya 7 iş günü ərzində cavab veriləcəyini deyib.
Qanunvericiliyə görə, prokurorluq orqanları mediada dərc olunan cinayət xarakterli informasiyalarla bağlı araşdırmalara başlamalıdır.
Bəs Sevinc Vaqifqızının qadınlara qarşı işgəncə ilə bağlı yaydığı məlumata prokurorluq reaksiya veribmi, hər hansı istintaq araşdırması başlayıbmı?
Baş Prokurorluğun mətbuat xidmətinin sözçüsü Saleh Hacıyev Meydan TV-yə deyib ki, Sevinc Vaqifqızının iyunun 12-də məhkəmədə dediklərindən və onun ailəsi ilə telefon əlaqəsinin kəsilməsindən xəbərdardırlar.
"Amma dəqiq heç nə deyə bilmərəm, çünki bu barədə məhkəmə hakiminin prokurorluğa müraciətinə ehtiyac var”, – deyə o qeyd edib.
Hüquqşünas, "Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov Meydan TV-yə deyib ki, KİV-də işgəncə barədə yayılan məlumat prokurorluğa araşdırma üçün əsas verir.
Onun sözlərinə görə, bu, cinayət prosesual qanunverciliyində birbaşa göstərilib:
"Məsələ ondadır ki, Sevinc Vaqifqızı bu barədə məhkəmədə də danışıb və Ombudsman Səbinə Əliyevanın təcridxanaya gəlməsini istəyib”.
Səfərovun sözlərinə görə, Azərbaycanda prokurorluq qanunların dürüst icra olunmasına nəzarət etmək əvəzinə siyasi hakimiyyətin əlində hüquqi maşadır:
"Sevinc Vaqifqızı da siyasi məhbusdur və onun timsalında digər siyasi məhbusların belə açıqlamaları, şikayətləri prokurorluq tərəfindən düzgün araşdırılmır və ya baxılmır. Halbuki bu, prokurorluğun vəzifəsidir”.
Korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.
Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.
Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra "AbzasMedia”nın ofisində axtarış aparılıb.
Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
"AbzasMedia”dan sonra "Kanal 13” internet kanalı, "Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran "meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub.
İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.
Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.
Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.