İcra hakimiyyətlərinin büdcəsinin azaldılmasına ekspertdən münasibət
03-10-2016 15:25 / Bu xəbər 1542 dəfə oxundu
İqtisadçı ekspert Rövşən Ağayev gələn ilin büdcəsi ilə bağlı açıqlama yayıb.
Arqument.Az-ın verdiyi xəbərə görə, ekspert yerli icra hakimiyyətlərinin xərclərinin azaldılmasını belə şərh edib:
"Bələdiyyələr yaranandan bəri icra hakimiyyəti onlara nəfəs almağa imkan vermədi. Bütün səlahiyyətlər, hətta qanunla bələdiyyələr üçün tanınan bir sıra səlahiyyətləri (kommunal xidmətlər və ərazinin abadlaşdırılması) belə icra etməyə imkan vermədilər. Yerli səviyyədə təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal sektroru ilə bağlı bütün səlahiyyətlər yerli icra hakimiyyətinə məxsus idi.
İndi hakimiyyət yerli icra hakimiyyətlərini də səlahiyyətlərdən və ona uyğun maliyyədən mümkün qədər məhrum edir və bir az da "pul meydançası"nı daraltsalar, onları da bələdiyyələrin gününə salacaqlar.
2016-cı ildə rayon (şəhər) icra hakimiyyətləri 1.5 milyard manata sərəncam vermişdi. Əyalətlərdəki bütün orta məktəblərin, bağçaların, xəstəxanaların, mədəniyyət evlərinin və mənzil-istismar obyektlərinin saxlanması ilə bağlı xərcləmələrin hamısı icra başçılarının nəzarəti ilə xərclənirdi.
2017-ci ildə icra başçılarının sərəncam verdiyi xərclər 825 milyon manat azaldılaraq 718 milyon manata endirilib.
Gələn il yerli icra hakimiyyəti orqanlarının sərəncamı ilə xərclənəcək istiqamətlər bunlardır:
bağçalar - 169.2 milyon manat;
səhiyyə müəssisləri - 225 milyon manat;
mənzil-kommunal təsərrüfatı - 199.1 milyon manat;
Orta məktəblərin, mədəniyyət və idman strukturlarının saxlanması xərcləri ilə bağlı sərəncamvermə səlahiyyəti yerli icra başçılarından geri alınıb.
Amma bir maraqlı məqam var: yerli icra hakimiyyətlərinin saxlanması xərcləri artırılır. 2016-cı ildə 87.5 milyon manat ayrılmışdı, 2017-ci ildə 98.2 milyon manata artırılıb".
Arqument.Az












