İki nömrəli kupe
03-05-2022 00:44 / Bu xəbər 6371 dəfə oxundu
Günel İbrahimova
Qatar uzun bir fit çalır. Asta-asta relslərin üstündə hərəkət etməyə başlayanda nəzarətçi qatarın arxasınca yaşlı bir kişinin təngənəfəs halda qaçdığını görür. Tez maşinistə vəziyyət barədə məlumat verir. Bundan sonra qatarın sürəti yavaşlayır.
Nəzarətçi əlindən tutub yaşlı kişinin vaqona minməsinə kömək edir, onun əlindəki yükləri də götürür. Bileti yoxlayıb yaşlı adama yerinin vaqonun 2 nömrəli kupesində olduğunu deyir...
Kupeyə tərəf yollanan Əlyar kişi yüklərinin yerləşdirildiyindən əmin olunca rahatca nəfəs dərir və nəzarətçiyə təşəkkür edir.
Kupenin qapısını açıb içəri girəndə onun nurani çöhrəsi və gülər gözləri kupenin yarıqaranlıq salonunda işartı kimi görünür.
Kupedə qara geyimli, yanında da iki uşaq olan bir xanım əyləşib. Əlyar kişi balacanın anasının qucağında yuxuladığını görüb səsini bir az daha qısır və pıçıltılı ilə salam verir:
- Qızım, gəlmək olarmı?
Xanım fikirdən ayrılıb solğun bir təbəssümlə: - Əleykum salam, əmi, buyurun, niyə olmasın ki? – deyir.
Xanımın yanındakı balaca qız tez yerindən durub Əlyar kişiyə yer göstərir.
Əlyar kişi: - Çox sağ ol, gözəl qızım, - deyib əyləşir.
Balaca bir qədər kişinin üzünə nəzər salıb soruşur:
- Baba, sənə nolub? Niyə belə tez-tez nəfəs alırsan? Yoxsa sən də mənim kimi qazlardan qorxub qaçmısan ki, səni dişləməsinlər?
Bu an anası ona gözlərini ağardıb danlayır:
- Ayıb deyilmi, qızım, ana sənə nə deyir həmişə? Böyüklərə "sən” yox, "siz” deyə müraciət etməliyik. Həm də görürsən ki, baba təngənəfəsdi, yorulub. İmkan ver, qoy nəfəsini dərsin, bir az dincəlsin, sonra nə istəsən, soruşarsan.
Əlyar kişi tez müdaxilə edir:
- Uşaqla işin olmasın, qızım. Xətrinə dəymə ağıllı qızımın, qoy, danışsın.
Sonra üzünü balacaya tutur:
Adın nədir, qızım?
Hülya.
- Boy, gözəl adın var sənin?!
- Çox sağ ol, baba. Bu da mənim qardaşımdır, - deyib anasının qucağında yatan balaca oğlanı göstərir:
- Onun da adı Şamildir.
- Lap yaxşı, gözəl qızım. Çox şad oldum. İkinizin də adı gözəldir. Allah bəxtinizi də gözəl etsin.
- Baba bəs sənin adın nədir?
- Adım Əlyardı.
- Sənin də qəşəng adın var, Əlyar baba. Amma sualıma cavab vermədin axı?!
- Ooooo... Haqlısan, təmiz unutmuşam, bağışla, Hülya xanım.
Əlyar kişi gülümsəyib söhbətə davam edir:
- Mən qazlardan qorxub qaçmırdım, qatara gecikirdim. Ona görə qaçdım ki, yetişim. Qaçınca da təngənəfəs oldum. Yaşlı adamam axı. Daha qocalmışam, gücüm azalıb. Ona görə də elə nəfəs-nəfəsə qalmışdım, qızım.
Hülya bu cavabla qane olur. Anasının işarəsi ilə keçib pəncərənin qarşısında əyləşir, vaqonun pəncərəsindən çölə baxmağa başlayır.
Qatar sürətlə hərəkət etdikcə ətrafdakı ağaclar, işıq dirəkləri sanki qatarın əksinə hərəkət edirmiş kimi gəlir Hülyaya.
Bir müddət yolu seyr edib yenidən anasına tərəf çevrilir:
- Ana, ay ana! Niyə biz qatarda gedəndə hər şey sürətlə yanımızdan keçir? Ağaclar, kollar, dirəklər də bizimlə bir harasa gedir? Hətta ora bax, buludlar, Günəş də bizimlə birlikdə hərəkət edir ee...
- Anası səbrlə onun suallarına cavab verir:
- Qızım, qatar sürətlə hərəkət edir, ağacların, dirəklərin yanından sürətlə keçirik, ona görə elə bilirik ki, ağaclar da, dirəklər də bizimlə bir hərəkətdədir.
- Bəs niyə göyə baxanda Günəş, buludlar təkcə bizimlə hərəkət eləmir, həm də fırlanır sanki?
- Ona görə ki Yer kürəsi dairə formasındadır. Axı siz dərsdə də öyrənmişdiniz qlobusu, yer kürəsini.
- Həəə, ana can, yadıma düşdü... Həm də müəllim bizə fəsilləri, gecə-gündüzün, ilin necə yarandığını da izah etmişdi.
Balaca danışdıqca Əlyar kişi də onu maraqla dinləyir və bir qədər bu mənzərəni müşahidə edib qayğıkeş nəzərlərlə balacanı süzüb sorğu-suala tutur:
- Qızım, deyəsən, ağıllı olduğun qədər dərslərini də yaxşı oxuyursan.
- Hə, baba, məktəbi, oxumağı çox sevirəm. Məktəb maraqlıdır. Həm də çox şey öyrənirik.
- Lap yaxşı, afərin sənə! Hər zaman belə də qal! "Oxumaq gözəl şeydir”, - deyib Əlyar kişi dərin bir ah çəkir.
Hülya ürəklənir və Əlyar kişini sual atəşinə tutur:
- Baba, sən də məktəbi sevirdin? Yaxşı oxuyurdun dərslərini mənim kimi?
- Yox, ağıllı qızım. Mən 2-ci sinifdən sonra oxumamışam. Mən uşaq olanda çox çətin zamanlar idi. Müharibə vaxtına düşmüşdü, çox insan oxumurdu.
- Niyə axı? Sizi qoymurdular oxumağa? Kim idi mane olan?
- Müharibə... Qızım, kişilər döyüşə gedirdi, evdə analarla uşaqlar qalırdı. Onlar da anaları ilə birgə işləyirdilər. Ona görə çətin zaman deyirəm ki, paltar tapmaq, dolanmaq çox çətin idi, oxuya bilmirdik.
- Anladım. Yazıq baba. Kaş döyüş olmasaydı, siz də oxusaydınız.
- Həə, qızım, neyləmək olar. Bizim də bəxtimiz elə oldu.
Hülyanın gözlərindəki kədər Əlyar kişinin diqqətindən yayınmır. Tez söhbəti başqa səmtə yönəltməyə çalışır:
- Amma sən hələ balacasan. Sənin oxumağa, savadlı olmağa şansın var. İnşallah, sən də, qardaşın da dərslərinizi yaxşı oxuyarsınız, istədiyiniz peşə sahibi olub Vətənə, millətə layiq insanlar olarsınız.
… Araya qəribə bir sükut çökür. Hülyanın parlaq, gülən gözlərini ani bir hüzn ağuşuna alır. Udqunub qəmli baxışlarını Əlyar kişinin üzündən çəkir və doluxsunmuş gözlərini yerə dikir.
Əlyar kişi bu mənzərədən sarsılır, sual dolu baxışlarla Hülyanın anasının üzünə baxır. Sonra sükutu pozaraq, baba nəvazişi ilə soruşur:
- Noldu, Hülya qızım?
- Baba, mənim atam II Qarabağ savaşında şəhid olub. Daha yanımızda deyil. Onunçün çox darıxıram. Anam deyir ki, atam bizi səmadan izləyir, görür. Biz hər həftə onu ziyarətə gedirik. Sən dediklərini düşününcə üzüldüm ki, atam yanımda deyil.
Danışdıqca Hülyanın üzündəki və səsindəki kədər notlarını sezmək olur:
-Amma olsun, anamın da dediyi kimi mən yaxşı oxuyub bir peşə sahibi olanda atam buludların arasından məni görəcək və sevinəcək. Axı anam deyir ki, o bizi görür. Anam dümü deyir, Əlyar baba?
Əlyar kişinin gözlərindən biixtiyar göz yaşları süzülür. O, hiss etdirmədən gözlərinin əllərinin arxasıyla silir. Daha sonra səsindəki titrəkliyi hiss etdirməməyə çalışan bir tərzlə:
- Hə, qızım, əlbəttə, anan düz deyir.
Sonra Hülyanın anasına tərəf boylanır:
- Çətindir, qızım. Bu sualların qarşısında bütün cavablar acizdir. Amma qəzadan-qədərdən qaçmaq da olmur. Başını dik tut. Mən də vaxtında bu acıları yaşamışam. Belə soyuqqanlı biri kimi göründüyümə baxma. Bu vətən üçün iki qardaşımı, ata-anamı, bir oğlumu qurban vermişəm. Dərd, acı məni belə daşa döndərib. Ona görə də sənin acını məndən gözəl kimsə anlamaz.
Araya çökən sükutu Şamilin ağlamaq səsi pozur. Yuxudan oyanan Şamil yuxusunu tam ala bilməmişdi deyə mızıldanırdı. Anası su şüşəsini onun dodaqlarına yaxınlaşdırır, azca su içirir. Balaca yenidən yuxulayır. Hülya isə atasından, ailəsinin sevgi dolu xoşbəxt günlərindən, atasının gözəl ürəyindən, onları necə çox sevməsindən, igidliklərindən, onlara olduğu qədər Vətənə də olan məhəbbətindən ağız dolusu danışmağa davam edir. Uşaq ağlında qalan gözəl nə xatirəsi vardısa, hamısını həvəslə, sevinclə, sevgiylə anladır. O danışdıqca Əlyar kişinin dərdi təzələnir, çökəyə düşmüş gözləri doluxsunur.
Əlyar kişi səsinə bir az amiranə ton verərək yenidən söhbəti dəyişməyə cəhd edir:
- Qızım, sən heç babaya demədin axı ən çox hansı fənni sevirsən?
- Hamısını sevirəm, bütün fənlər gözəldi. Amma ən çox riyaziyyatı sevirəm.
- Çox gözəl. Bəs neçəyə kimi saya bilirsən?
- Yüzə qədər yazmağı, minə qədər saymağı.
- Ay maşallah...
- Baba, bax, kupemizin üzərində yazılan rəqəmi görmüsən? – deyib Hülya tez qapının üstündəki 2 rəqəmini göstərir.
- Hə, qızım, görmüşəm. Deyəsən, 2 rəqəmini çox sevirsən.
- Bəli, həm də çox sevirəm. Bilirsən, niyə?
- Yox, bilmirəm. De görüm, niyə?
- Çünki atam ayın 2-si anadan olub.
Bayaqdan bəri dərdinə dərd ələnən Əlyar kişi bu dəfə sanki daha da sıxılır, qüssədən yumağa dönür. Alnını ovuşdurub titrək səslə: - Halal olsun, mələk qızım, - deyir.
Qatar ünvana çatana qədər Əlyar kişi keçmişindən, uşaqlığından başına gələnlərdən, həyatından danışır, xatirələrini dilə gətirir, qara geyimli şəhid xanımı və balacalar onu dinləyirdilər. Beləcə, gah kədərlənib, üzülüb ağladılar, gah gülümsədilər, gah da susdular. Söhbət əsnasında məlum oldu ki, anası Hülyagili Bakıya - "Qənimətlər parkı”na aparır...
Budur, artıq qatar stansiyaya çatır, Hülyagil Əlyar kişiylə sağollaşıb ayrılırlar. Əlyar kişini ortancıl oğlu qarşılayır. Hülyagili isə dayısı qarşılayıb öz maşını ilə aparır. Bu hadisədən 2 aya yaxın vaxt keçir…
Səhər saat 10 olardı. Poçtalyon həyətdə oynayan balaca qıza səslənir:
- Gözəl bala, anan evdədirmi?
- Hə, əmi, evdədir.
Sevinc səsi eşidib çölə çıxır.
- Salam, xoş gəlmisiniz.
- Salam xanım, çox sağ olun. Sizə bir məktub, bir də bu balaca qutunu yollayıblar.
- Kimdəndir?
- Əlyar Ənvərlidən.
- Anaaaaa....Əlyar baba yollayıb bunları?
- Qızım, səbrli ol, tələsmə, yəqin ki…
Hülya həyəcanla evə qaçır. Stolun üstündən qutunu açır. İçindən bir oyuncaq qatar çıxır. Üstündə 2 rəqəmi, bir də bu cümlələr yazılmış kağız:
- Ağıllı Hülya qızıma Əlyar babadan. Hülya qatarı bərk-bərk qucaqlayır. Birdən gözü qatarın üstündəki yazıya sataşır: "Yer üzü sənin kimi mələklərə məskən olduqca, göy üzü atan kimi şəhid ruhlarına cənnət olacaq!"
II Qarabağ şəhidi Saməddin Əmrahovun xatirəsinə müəllif təxəyyülü olaraq ithaf olunur.