"İnkişaf varmı ki, dayanıqlı da olsun?!" - Ekspert şərhi

07-10-2016 16:39 / Bu xəbər 1901 dəfə oxundu

"Bu günə qədər hər hansı bir islahatlar , proqramlar həyəta keçirilibsə, bunlar bir növ sistemsiz olub". 

Bunu toplumtv.com-a açıqlamasında iqtisadçı ekspert Oqtay Haqverdiyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncamnı şərh edərkən deyib. 

Onun sözlərinə görə, bundan sonrakı islahatlar dayanıqlı inkişafı stabil saxlamağa hesablanıb: "İndi bunu sistemə salmaq üçün bundan sonra islahatlar aparılacaq. Dayanıqlı inkişaf Şurası da bunların hamısını koordinasiya etmək məqsədi ilə yaradılıb. Görünür, sistemli iş aparmağı planlayaraq, effektiv nəticə almağa çalışırlar. Hər halda pərakəndə işlə müqayisədə daha yararlı nəticə alınacağını düşünürəm". 

"Dayanıqlı inkişafı təmin edən ciddi mütəxəssislər lazımdır"

Bu fikirləri isə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli toplumtv.com-a açıqlamasında sözügedən sərəncam haqqında rəy verərkən qeyd edib.

O vurğulayıb ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının həm mütəxəssisləri, həm də komissiyanın üzvləri problemlər varsa, bunların nədən ibarət olduğunu müəyyənləşdirməli, problemin aradan qaldırılması üçün verilən təkliflərə adekvat olaraq addımlar atılmalıdır: "Komissiyadakılar hərəsi bir nazirliyin üzvüdür və Azərbaycanda iqtisadi sahədə kifayət qədər problemlər var. Elə kənd təsərrüfatını da götürə bilərik. Bu sahədə hansı inkişafdan danışmaq olar?! İlbəil məhsuldarlıq və məhsulun keyfiyyəti aşağı düşür. Keçən illə müqayisədə bu il çox ciddi şəkildə şəkər, çay, bitki yağı ixracı azalıb və bununla müqayisədə əksər qida məhsullarının - ətin idxalı 100, süd məhsullarının idxalı 61, meyvə-tərəvəz idxalı 31 faiz artıb. Qısacası, əsas ərzaq mallarının qiymətində artım müşahidə olunub və bu komissiyanın adını "dayanıqlı inkişaf komissiyası" qoyublar". 

Ekspert hesab edir ki, ilk öncə geriləmənin aradan qaldırılması istiqamətində addım atılmalıdır: "Yaradılan komissiyanın tərkibində sözügedən sahə üzrə mütəxəssislər yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin siyahısında mütəxəssis kimi nazir müavini qeyd olunub və mən hesab edirəm ki, bu təşəbbüs mövcud olan problemləri ört-basdır etmək üçün kampaniyadır". 

Qeyd edək ki, oktyabrın 6-da, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu Şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların uzlaşdırılmasını təmin etməkdən ibarəy olacaq. Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər. Şuranın fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Katibliyi yaradılıb və katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Ofelya Ramilqızı