"İnter"in Müşahidə Şurasının sədri hansı nazirin adamıdı? - İlginc faktlar

30-10-2016 00:52 / Bu xəbər 2662 dəfə oxundu

"İnter"in prezidenti Rəşad Qasımovun istefasının səbəbləri barədə geniş yazı dərc etmişdik. Həmin yazıda istefanın səbəblərindən biri kimi sabiq prezidentlə klubun Müşahidə Şurasının sədri Yohann Enqbrextin münasibətlərinin pis olması göstərilmişdi. Yazı dərc olunandan sonra Yohann Enqbrextin ölkəmizə gəlişi və "İnter"də peyda olması barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Bu yazıda həmin məlumatları oxuculara təqdim edəcəyik.

Fanat.Az-a məlumat verən mənbə bildirir ki, Yohann Enqbrext "İnter"ə maliyyə naziri Samir Şərifovun istəyi ilə gətirilib. Almaniya "Commerzbank”nın 5 ildi ki, Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən alman Samir Şərifovun ailəsinə məxsus biznesin (hansı şirkət olduğunu dəqiqləşdirə bilmədik - red.) ortaqlarından biridi.


Mənbənin sözlərinə görə, "İnter" klubunun səhmlərinin 51 faizi Maliyyə Nazirliyinə, 49 faizi isə Beynəlxalq Banka məxsusdu. Klubun baş sponsporu Beynəlxalq Bank olsa da, Cahangir Hacıyev vəzifədən getdikdən sonra "İnter" tamamilə Samir Şərifovun nəzarəti altına keçib. Nazir sabihi olduğu klubun rəhbərliyinə etibarlı bizens ortağını gətirməklə "İnter"i tamamilə nəzarətinə götürməyə nail olub.

Yohann Enqbrextin Rəşad Qasımovun istefasındakı roluna gəlincə, onların münasibətləri yaxşı olmayıb. Həmçinin Qasımova təklif edilib ki, formal olaraq prezident vəzifəsində qalsın, klubu isə alman idarə etsin. Amma o, bununla razılaşmayaraq postundan gedib. Rəşad bəyin gedişində Cahangir Hacıyevə yaxınlığı da rol oynayıb ki, bu barədə ötən yazıda ətraflı məlumat vermişdik. Bu məqamı nəzərə alaraq deyə bilərik ki, "İnter"ə bundan sonra təyin olunacaq yeni prezident də formal xarakter daşıyacaq və klubu Samir Şərifovun vəzifəyə gətirdiyi alman sədr idarə edəcək.


Yuraxırada da qeyd etdik ki, Cahangir Hacıyevin həbsindən sonra "İnter" tamamilə Samir Şərifovun nəzarəti altına keçib. Məlumatlı mənbələr bildirir ki, nazir sabiq bankirin klubunu ələ keçirməklə kifayətlənməyib, ona məxsus olmuş bir sıra gəlirli sahələrə də nəzarət edir. Elə Cahangir Hacıyevin məhkəmədə ən çox Samir Şərifovu ittiham etməsinin səbəblərindən biri də budu. Beynəlxalq Bankın sabiq sədri açıq-aşkar bildirir ki, bankdakı qanunsuzluqlardan maliyyə nazirinin xəbəri olub və hər şeyə görə onunla yanaşı, Samir Şərifov da məsuliyyət daşıyır. 


Qayıdaq, Yohann Enqbrextə. Bir müddət əvvəl onunla bağlı yazı dərc etmişdik. "İnter"in alman sədrinin maraq dairəmizə düşməsinin səbəbi isə onun sosial mediada paylaşdığı bir foto olmuşdu. Belə ki, cənab Enqbrext arxa fonda qoyun sürüsünün göründüyü fotoya "Çox adam soruşur ki, mən Azərbaycanı niyə sevirəm?" sözlərini yazmaqla tənqid hədəfinə çevrilmişdi. Azərbaycanın çörəyini yeyən, burda pul qazanan alman ölkəmizi məhz qoyunlara görə sevdiyini göstərməklə tənqid hədəfinə çevrilmişdi. Çünki fotonun fonunda nə Azərbaycanın hansısa dilbər güşəsi görünür, nə də hansısa möhtəşəm bir tikili. Şoran basmış çöl və qoyunlar... Təəssüf ki, həmin vaxt onun bu hərəkətinə layiqli qiymət verən tapılmadı. Əksinə, alman "İnter"dəki yerini daha da möhkəmləndirməyə nail oldu. 


Qeyd edək ki, Yohann Enqbrextin ata və anası alman olsa da, Qazaxıstanda doğulub, 11 yaşına qədər orada yaşayıb. Rus dilində sərbəst danışdığından ölkəmizdə dil problemi ilə üzləşmir. Onun həmçinin məşqçi kimi UEFA-nın B kateqoriyası var. Alman 5 ilə yaxındır ki, "Commerzbank”nın ölkəmizdəki nümayəndəliyinin rəhbəridir. Bu bank isə Azərbaycan Beynəlxalq Bankı sıx əməkdaşlıq edir. Bir sözlə, o, indi Samir Şərifovun "çətiri" altında olsa da, bir vaxtlar Cahangir Hacıyevlə də yaxşı münasibətləri olub. Hətta bəlkə də biznes ortaqlıqları belə var...

Qaynarinfo.Az