İqtisadçı: "138 milyon manat dövlət büdcəsindən yayındırılıb?
17-08-2021 14:07 / Bu xəbər 1408 dəfə oxundu
"Dövlət Gömrük Komitəsinin sədri buna cavab verməlidir"
"İdxal dövriyyəsinin 2 milyard dollar azalması əlavə dəyər vergisi üzrə yığımları azalda bilməyibsə, dövriyyənin yarım milyarda yaxın çoxalması vergi yığım səviyyəsini niyə azaldıb? Dövlət Gömrük Komitəsinin sədri buna cavab verməlidir”, - iqtisadçı Nemət Əliyev belə deyir.
Dövlət Gömrük Komitəsinin (DSK) ən son açıqladığı rəsmi məlumata görə, Azərbaycan 2021-ci ilin 1-ci yarımilində 5 milyard 391 milyon dollar, 2020-ci ilin 1-ci yarımilində isə 4 milyard 989 milyon dollar həmində mal idxalı həyata keçirib.
İdxal dövriyyəsi ötən ilə nəzərən 402 milyon dollar və ya 8%-dən çox artıb. İdxal dövriyyəsinin 402 milyon dollar artması gömrük rüsumları üzrə yığımları 73 milyon manat, aksizlər üzrə yığımları 11 milyon manat çoxaltsa da, ƏDV üzrə yığımlar 68 milyon manat azalıb.
İqtisadçı deyir ki, belə şəraitdə ƏDV üzrə yığım göstəricisinin azalması şübhəli hal kimi görünür. O bildirir ki, bu yöndəki şübhələri əsaslı edən faktlardan biri də 2020-ci ilin 1-ci yarımilində idxal dövriyyəsinin 2,026 milyard dollar azalmasıdır: "Bu zaman ƏDV üzrə yığım göstəricisi 26 milyon manat artmışdı. Böyük sual da budur ki, dövriyyənin 2 milyard azalması ƏDV üzrə yığımları azalda bilməyibsə, dövriyyənin 400 milyon dollardan çox artması ƏDV üzrə yığımları niyə və necə azaldıb? Gömrük Komitəsi 2020-ci ildəki bacarığını niyə 2021-ci ildə də nümayiş etdirməyib, yaxud da etdirmək istəməyib? Nədir bunun səbəbi?”
Nemət Əliyev əlavə edir ki, idxal dövriyyəsi və bu dövriyyədən hesablanan gömrük rüsumları, hətta aksizlər artıbsa, ƏDV üzrə yığım göstəricisi də artmalıdır, azala bilməz: "Xaricdən gətirilən mallara tətbiq olunan ƏDV belə hesablanır: ƏDV=[≪malın gömrük dəyəri≫+≪gömrük rüsumu≫+≪aksizlər≫ ] X 18%. Bir az riyazi biliyi olan hər kəs bu formuladan asanlıqla müəyyən edə bilər ki, əgər malın gömrük dəyəri, gömrük rüsumları və aksizlər artıbsa, ƏDV-də artmalıdır. Yəni 120 manatın 18 faizinin 100 manatın 18 faizindən 20 faiz artıq olmasını dərk etmək qədər sadədir bunu anlamaq. Di gəl ki, cari ilin 1-ci yarımilində idxal dövriyyəsinin, rüsumlar və aksizlər üzrə yığımların çoxalmasına baxmayaraq, ƏDV üzrə yığımlar 68 milyon manat azalıb. Yarımillik göstəricilərin dinamikası göstərir ki, belə bir hal son 5 ildə ilk dəfədir əmələ gəlib”.
İqtisadçı deyir ki, idxal dövriyyəsi ilə ƏDV-nin yığım səviyyəsi və gömrük rüsumlarının yığım səviyyəsi arasında qurulmuş qarşılıqlı birqiymətli əlaqələrin son 5 illik dinamik təhlili idxal dövriyyəsinin artması, bir qayda olaraq, həm gömrük rüsumları üzrə yığım səviyyəsinin artması ilə, həm də ƏDV üzrə yığım səviyyəsinin artması ilə müşayiət olunduğunu göstərir: "Misal üçün, 2018-ci ilin 1-ci yarımilində idxal dövriyyəsinin 1,251 milyard dollar artması gömrük rüsumları üzrə yığımların 91 milyon manat, ƏDV üzrə yığımların isə 318 milyon manat artmasına səbəb olub. Bu səbəb-nəticə əlaqələri 2019-cu ilin 1-ci yarımilində də keçərli olub: idxal dövriyyəsinin 2,355 milyard dollar artması müqabilində gömrük rüsumları üzrə yığımlar 72 milyon manat, ƏDV üzrə yığımlar 310 milyon manat artıb. Hətta 2020-ci ilin 1-ci yarımilində idxal dövriyyəsinin 2,026 milyard dollar azalmasına baxmayaraq, Gömrük Komitəsi əlini o dərəcədə iti tuta bilib ki, ƏDV üzrə yığım göstəricisi daha 26 milyon manat artıb. Amma 2021-ci ilin 1-ci yarımilində əməliyyatlar necə dolandırılıbsa, hesablamalar necə labirintə salınıbsa, idxal dövriyyəsi 402 milyon dollar, hətta gömrük rüsumları və aksizlər üzrə yığımlar üst-üstə 84 milyon manatdan çox artsa da, ƏDV üzrə yığımlar 68 milyon manat azalıb”.
İqtisadçı qeyd edir ki, idxal dövriyyəsinin artması şəraitində ƏDV üzrə yığım göstəricisinin azalması yalnız ƏDV-dən azad olunan idxal mallarının siyahısı əhəmiyyətli dərəcədə genişlənərsə və kifayət qədər böyük bir dövriyyəni əhatə edərsə mümkün ola bilər. İndiki şəraitdə inandırıcı görünmür: "Çünki ƏDV dövlət büdcəsində vergi gəlirlərinin 50%-ə qədərini təşkil edir və hökumət bu dərəcədə təsirli paya malik olan bir gəlir mənbəyi üzərində eksperimentlər aparmağa risk etməz. Eyni zamanda, pandemiya səbəbi ilə daha ağır il sayılan 2020-ci ildə iqtisadiyyata, əhaliyə ƏDV hesabına elə də təsirli güzəştlər həyata keçirilməyibsə, şərtlərin nisbətən yumşaldığı 2021-ci ildə daha böyük güzəştlər ediləcəyini düşünmək sadəlövhlük olar. Bundan başqa, pula yetərincə həssas münasibətinə çox yaxşı bələd olduğumuz hökumətin nağdını qoyub, nisyə dalınca yürüməsi hazırkı şərtlər daxilində ağlabatan görünmür”.
İqtisadçı deyir ki, buna görə ilin 1-ci yarımilində ƏDV üzrə yığımların 68 milyon manat azalmasına dair Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumat qeyri-ciddidir.///Meydan TV