İsrail və Avropa Azərbaycan neftindən niyə imtina edir? - Natiq Cəfərli yazır
29-08-2015 01:30 / Bu xəbər 1562 dəfə oxundu
Natiq Cəfərli
REAL-ın İcraçı katibi,
İqtisadçı ekspert
Dünən və bu gün onlarla insan neftin qiymətində baş verən dəyişikliklərlə və Azərbaycan neftinin İsrail və Avropa ölkələri tərəfindən daha alınmadığı ilə bağlı xəbərlərə münasibət bildirməyimi istəyiblər.
Son 2 gündə neftin qiymətinin kəskin enməsindən sonra sıçrayışlı qalxmasını müşahidə etdik, qitmətlər 10%-ə yaxın qalxdı və bu çox yaxşı gedişatdır. Səbəbləri haqqında yazmadan öncə onu deyim ki, qiymətlərin 8 həftə ucuzlaşması, brend markalı neftin artıq 41,90 səviyyəsinə enməsi heç də yaxşı hal deyildi, bazarda stress yaradırdı, indi 47 dollar civarında müvəqəti sabitləşməsi çox yaxşı haldır, artıq bazar fundamental siqnallara geri dönür. Bəs niyə 2 günə 10%-lik artım oldu:
1) Dünya bazaralarında həmişə kəskin enişlərdən sonra "təpgi alımları” olur, treyderlər son günlərdə çox ucuz aldıları fyuçersləri "öküz trendi” yaratmaqla, satmağa, yaxşı pul qazanmağa çalışırlar. Ona görə də, kəskin enişdən sonra kəskin də qalxmalar olur;
2) Dünən və bu gün dünya bazarlarında həm həftənin, həm də ayın sonudur, həmişə ay sonunda treyderlər və yatırım fondları neftdə olan öz "qısa mövqelərini” (short position) bağlayırlar, bununla da aylıq gəlirlərini fiksasiya edirlər;
3) Üçüncü gün və dünən bütün dünya birjalarında "bahar havası” var idi, indekslər qalxırdı, bu da arxası ilə nefti də qaldırdı;
4) Üçüncü gün gecə ABŞ-da strateji həftəlik neft ehtiyatlarının statistikası açıqlandı, ehtiyatlar 5,5 mln. barel azaldı – bütün bu səbəblərdən neft 2 gündür qalxdı, amma fundamental səbəblər yerindəcə durur, neftin qiymətinin əsaslı qalxmasına mane olur.
İsrail və Avropanın bizim neftdən imtina məsələsinə gəldikdə isə, burada siyasi qərarlar axtarmaq zaman itkisidir. Çox sadə səbəbi var: Avropaya daha yaxın olan Afrika limanlarından satılan Anqola və Nigeriya nefti bizim neft markamız olan AzeriLight-dan daha ucuzdur. Həm də bütün dünyada qiyməti Brent markasına görə müəyyən olunan neft növləri endirimlə (discount) satılır, Azərbaycan isə indiki şəraitdə endirim etmək istəmir.
Bu gün Brent markalı neftin qiymətinin WTI arasında olan qiymət fərqinin əsas səbəblərindən biri də məhz discount məsələsidir – qiyməti Brentlə ölçülən bütün markalar real alıcıya birjadakı qiymətdən 2-3 dollar ucuz satılır. Vəssalam, olay budur, yəni...
Arqument.Az












