İsraildə Azərbaycan əsilli 4 şəxsin həlak olduğu bildirilir
11-10-2023 14:18 / Bu xəbər 1059 dəfə oxundu
Ayxan Hacızadə: "Onlardan yalnız biri Azərbaycan vətəndaşıdır”
HƏMAS-ın hücumları nəticəsində İsraildə Azərbaycan (yəhudi) əsilli 4 şəxsin həlak olduğu deyilir.
Bu barədə Meydan TV-yə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəisi Ayxan Hacızadə məlumatı verib.
Ayxan Hacızadə bildirib ki, onlardan yalnız birinin Azərbaycan vətəndaşlığı olub, digərləri isə əslən azərbaycanlı olublar: "Dünən Kiryat Yamda dəfn olunan Elkin Nəzərovun ikili vətəndaşlığı vardı. Şamil Abbasov, Emil Axundov və Roman Qandel isə İsrail vətəndaşları idi”.
Ayxan Hacızadə qeyd edib ki, həlak olan digərləri də orada dəfn olunacaq.
Yaxın Şərqdə nə baş verir?
Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib: "Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.
HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan "Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.