İsveçrədə Qafqaz Ədəbiyyatı günləri
03-03-2022 23:39 / Bu xəbər 733 dəfə oxundu
Fevralın 25-27-dək Sürix Ədəbiyyat evində Qafqaz Ədəbiyyatı günləri keçirilib.
Müasir Azərbaycan ədəbiyyatı haqqında tarixçi (fəlsələ elməri doktoru) və tərcüməçi Elnurə Civəzadə öz mühazirəsində məlumat verib.
Tədbirin adı "Bakı divanı: Azərbaycanın müasir mədəniyyəti və ədəbiyyatı" olub.
Arqument.az-a verilən məlumata görə, əsas diqqət Qarabağ müharibəsinin müasir ədəbiyyatda işlənməsinə yönəlib.
Bildirilir ki, tədbirdə bəzi əsərlərin tərcüməsi qiraət olunub.
Şərif Ağayarın "Şəkil" hekayəsi və Günel Mövludun "Düşərgə" romanından parçalar alman dilində aktrisa Lara Körte tərəfindən oxunub.
"Düşərgə"də qaçqınlığın xüsusən qadınların çiyinlərinə qoyduğu yükün necə təsvir olunması haqqında danışılıb.
Bundan başqa, Zümrüd Yağmurun "Yağış qadın", Seymur Baycanın "Quqark" romanı, Rasim Qaracanın "11 gecə" hekayələr toplusu və Əli Əkbərin "Artuş və Zaur" romanı haqqında qısa təhlil təqdim olunub.
Poeziya nümunələrindən Bahar Zamanın "Sən olmayan şəhər", Aqşin Evrenin "Dünya yaşıl olanda" utopiyası oxunub.
Tədbirdə həmçinin Qarabağ müharibəsinə həsr olunmuş əsərlərin humanist əsasları haqqında da danışılıb. Oxunan nümunələrdə müharibənin insan talelərinə necə təsir etdiyi, cəmiyyəti necə dəyişdirdiyinin göstərildiyi izah olunub.
Azərbaycan ədəbiyyatının nifrət və düşmən obrazlarından uzaq durması vurğulanıb.
Zümrüd Yağmurun Xocalı əsirliyindən çıxan qadınlara həsr etdiyi romanında göstərildiyi kimi, müharibə nəticələrindən asılı olmayaraq, iştirak edən hər iki cəmiyyətdə münasibətlərin sərtləşməsinə, ondan sonra fərdlər üçü normal həyata dönüşün çox çətin olmasına səbəb olur.
Rasim Qaraca isə öz hekayələrində müharibə qurbanlarının adi həyatını təsvir edərək, onları qəhrəman kimi müqəddəsləşib cəmiyyətdən uzaqlaşmaqdan xilas edir və bu itkilərin qoyduğu boşluğu aydın göstərir.
Azərbaycan ədəbiyyat tarixndə azsaylı utopiyalardan olan "Dünya yaşıl olanda" şeri həm ekoloji, həm də sosial və mədəniyyətlərarası sülhə çağırış kimi dinləyicilər tərəfindən böyük maraqlı qarşılanıb.
"Qafqaz və xüsusən də Azərbaycan ədəbiyyatı haqqında geniş təsəvvürü olmayan qonaqlar bu əsərəri alman dilində oxumaq istədiklərini dilə gətiriblər və müasir Azərbaycan ədəbiyyatıın belə rəngarəng olduğuna təəccüblərini ifadə ediblər.
Azərbaycan dilində bu qədər fərqli əsərlərin mövcud olması İsveçrədə bu ölkə haqqında olan məhdud təsəvvürlər üçün gözlənilməz idi", - deyə məruzəçi bildirib.